Ontarionun baş naziri bunu cinayət məcəlləsindəki boşluğun nəticəsi sayır
Ontario əyalətinin baş naziri Daq Ford ötən həftə Vaughan (Van) şəhərində baş verən qanlı hadisəyə münasibət bildirib.
Qeyd edək ki, ötən bazar gecə saat bir radələrində 46 yaşlı Abdul Aleem Farooqi övladlarının gözü qarşısında evinə girən oğrular tərəfindən evindəcə öldürülüb. Daq Ford bildirib ki, dörd uşaq atası olan Farooqinin ölümü ilə nəticələnən ev basqını, Ontario əyalətində, xüsusilə də Toronto bölgəsində artan zorakı cinayətlərin “ürəkbulandırıcı” vəziyyətinin daha bir nümunəsidir: “Bu, ürəkyandırıcıdır. Bu günahsız adamın evinin qapıları gecəyarısı sındırılıb. Həmin vaxt evdə ata, ana və 3 övladı olub. İçəri dörd nəfər girib, və cinayətkarlar uşaqlardan birinə – 4 yaşlı qız uşağına silah tuşlayıb. Ata uşağını qorumaq üçün ona yaxınlaşmaq istəyib və bu alçaqlar uşaqlarının gözü qarşısında onu güllələyib öldürüblər”.
Polis hadisə ilə bağlı üç nəfərin axtarıldığını bildirib, lakin onların təsviri açıqlanmayıb. Hadisə barədə əlavə məlumat da verilməyib.
Cinayət məcəlləsindəki boşlulara görə hər gün günahsız insanların qapıları sındırılır
Ford çərşənbə axşamı bildirib ki, hadisədən sonra York Regional Polis rəisi Cim MakSvin ilə danışıb. O həmçinin federal rəsmilərlə də əlaqə saxladığını və Kanadanın cinayət məcəlləsini tənqid etdiyini deyib: “İnsanlar artıq bu cinayətlərdən bezib… hər gün günahsız insanların qapıları quldurlar, qatillər, cinayətkarlar tərəfindən sındırılır. Əsas səbəb isə cinayət məcəlləsindəki boşluqlardır və bu, federal hökumət tərəfindən dəyişdirilməlidir”.
Quldurların zaminə buraxılmasından bezmişik
Quldurların zaminə buraxılmasından bezdiyini deyən D.Ford bildirib ki, “bu adamları tutanda görəcəksiniz ki, əvvəl də hansısa ağır cinayətə görə zaminə buraxılıblar… Bu, dəhşətlidir ki, Kanada və Ontario belə vəziyyətdədir. ABŞ şəhərlərindən də pisdir”.
Toronto Polis Xidmətinin məlumatına görə, 2025-ci ildə indiyə qədər 1,857 soyğun hadisəsi baş verib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Ford deyib ki, avtomobil oğurluqları və ev basqınları artıq adi hala çevrilib: “Bu hadisələr gündə dəfələrlə, hər gecə Toronto bölgəsində baş verir. Cəmiyyətin vəziyyəti artıq bu həddə çatıb. İnsanlar özlərini müdafiə edirlər. Əgər kimsə ov tüfəngi sahibidirsə və evinə ailəsini öldürmək üçün basqın edirlərsə, təbii ki, ailəsini qoruyacaq. Onlar məsuliyyətdən azad edilməlidir”.
Quldurlar tərəfindən öldürülməkdənsə, öldürmək yaxşıdır
D.Ford evini cinayətkarların basqınından qoruyanlara müraciət edib: “Mənim evini qoruyanlara bir sözüm var: Mən altı nəfərin məni daşımasındansa (tabutu daşımağı nəzərdə tutur – L.M.), 12 nəfərin məni məhkəmə zalında mühakimə etməsinə üstünlük verərəm. Təəssüf ki, dostum Aleem indi altı nəfər tərəfindən daşınacaq”.
Ford daha əvvəl Lindsay, Ontario sakini barədə də danışmışdı. Həmin şəxs evinə girən oğrunu ağır yaraladığına görə “ağır bədən xəsarəti yetirmə”də ittiham olunaraq hakim qarşısına çıxarılmışdı: “Hazırda ədalət sistemi tam olaraq fəlakətli vəziyyətdədir. Mən federal hökumətin üstünə gedəcəyəm”.
















