Kanadanın bir çox Amerika məhsullarına tətbiq etdiyi tariflər sentyabrın 1-dən ləğv olunacaq. Lakin mağazalarda qiymətlər dərhal düşməyəcək.
Qida iqtisadçısı və Guelph Universitetinin professoru Mayk fon Massov CTVNews.ca-ya bildirib ki, tariflər ləğv olunduqdan bir neçə həftə sonra qiymətlər enəcək.
Ötən həftə baş nazir Mark Karni açıqlayıb ki, Kanada ABŞ, Kanada və Meksika arasında imzalanmış CUSMA azad ticarət sazişi çərçivəsində olan ABŞ məhsullarına tətbiq edilən 25 faizlik tarifləri ləğv edir. Bu addım ABŞ-la ticarət danışıqlarını yenidən başlatmaq məqsədi daşıyır. Qərar ABŞ poladı, alüminiumu və avtomobillərinə tətbiq edilən tariflərə şamil olunmur.
Hansı məhsulların qiyməti tez düşəcək?
M.Massovun sözlərinə görə, qərar təzə meyvə-tərəvəz, qəhvə, çay, un, şəkər, makaron və portağal şirəsi kimi əsas ərzaq məhsullarını əhatə edir və bu məhsulların qiyməti tədricən düşəcək: “Daha tez xarab olan məhsullar, məsələn, təzə portağal şirəsi, nisbətən tez ucuzlaşacaq. Çünki bu məhsullar mütəmadi olaraq idxal edilir. Qəhvə isə daha uzunmüddətli saxlanma qabiliyyətinə malikdir. Anbardakı mövcud ehtiyat satıldıqdan və yeni sifarişlər 1 sentyabrdan sonra gəldikdən sonra qiymətlər enəcək”.
Kanada Müstəqil Ərzaq Mağazaları Federasiyası Kanadanın bu qərarını alqışlayıb. Qurumun sözçüsü Qari Sends bildirib ki, Kanadada meyvə-tərəvəzin 80 faizi ABŞ-dan idxal edilir və ilk ucuzlaşmalar məhz meyvə-tərəvəz alışında hiss olunacaq: “Əgər təzə məhsullardan söhbət gedirsə, bu, bir-iki həftəyə baş verə bilər. Digər məhsullarda isə bu daha uzun çəkə bilər, çünki bəzi mıəhsullar rəflərdə uzun müddət qalır”.
Bu məhsullar gec ucuzlaşacaq
Bu isə o deməkdir ki, konfet, fıstıq yağı, ketçup, ədviyyatlar, diş məcunu, qablaşdırılmış su və kağız dəsmallar kimi məhsullarda yüksək qiymətlər hələ bir müddət davam edəcək: “Şəbəkə mağazaları barədə danışa bilmərəm, amma müstəqil mağazalarda qiyməti aşağı salmaq mümkün olan kimi biz bunu edəcəyik. Amma artıq alınmış və ödənişi edilmiş məhsullar üçün bu dərhal baş verməyəcək”, Sands əlavə edib.
Federasiya Kanadada 6,900-dən çox müstəqil ərzaq mağazasını təmsil edir. Von Massov hesab edir ki, böyük şəbəkə marketləri də qiymətləri endirəcək: “Tarixən biz iqtisadçılar deyirik ki, qiymətlər aşağıya doğru çətinliklə düşür: qalxmaq tez, enmək isə yavaş olur. Amma indi xəbərlərin geniş yayılması və məhsulların açıq şəkildə görünməsi səbəbilə, pərakəndəçilərin tariflərin ləğvindən əlavə qazanc götürmək ehtimalı çox azdır”.
Foto: aboutamazon.com
















