İyunun 1-dən etibarən ailə gəliri 90 min dollardan az olan 18-64 yaş arasındakı bütün kanadalılar hökumətin Kanada Diş Baxımı Planından (Canadian Dental Care Plan (CDCP)) istifadə edə biləcəklər. Qeyd edək ki, ötən ilin əvvəlindən başlayan diş baxımı planı əvvəlcə 18 yaşa qədər uşaqları, təqaüdçüləri və əlillik dərəcəsi olanları əhatə edirdi. İndi isə əhalinin qalan hissəsi bu proqramdan yararlanacaq.
Nə vaxt müraciət edə bilərsiniz?
Artıq bu ilin mayından müxtəlif yaş qrupları CDCP-yə müraciət etməyə başlayıblar.
1 may – 55-64 yaş arası
15 may – 18-34 yaş arası
29 may – 35-54 yaş arası
Sığorta isə bu il iyunun 1-dən qüvvəyə minəcək.
Kimlər proqrama uyğundur?
✔ Diş sığortasına çıxışı olmayanlar
✔ 2024-cü il üçün fərdi vergi bəyannaməsini təqdim edənlər
✔ Ailə olaraq xalis gəliri 90,000 dollardan az olanlar
✔ Kanada rezidenti olanlar (statusundan asılı olmayaraq ötən ilin vergi bəyannaməsini edən hər kəs)
Əgər hökumətin sosial proqramları vasitəsilə diş sığortanız varsa…
Əyalət, federal və ya ərazi hökumətinin sosial proqramı vasitəsilə diş sığortasına sahibsinizsə, yenə də CDCP-yə uyğun ola bilərsiniz.
Müraciət zamanı yalan məlumat verənlərin həm özləri, həm də ailə üzvləri proqramdan çıxarıla bilərlər. CDCP-yə uyğun olmayanlar, alınan xidmətlərin tam dəyərini geri ödəməli ola bilərlər.
Onlayn müraciət edə bilərsiniz
Kanada hökuməti, 2024-cü il üçün tənzimlənmiş ailə xalis gəlirinə əsaslanaraq, Kanada Diş Qulluğu Planına (CDCP) uyğun ola biləcək 18-64 yaş arası Kanada sakinlərinə müraciət etmələri üçün məktublar göndərəcək.
Əgər 2024-cü il üçün vergi bəyannamənizi təqdim etmiş və Kanada Gəlir Agentliyindən qiymətləndirmə bildirişinizi almısınızsa, məktub almasanız belə, yaş qrupunuz üçün müraciətlər açıldıqda müraciət edə bilərsiniz.
Uyğun olan ailə üzvlərinizin hamısı üçün cəmi bir müraciət təqdim edin. Bu, gecikmələrin qarşısını almağa kömək edəcək.
Birdən çox uşaq üçün müraciət edirsinizsə, 18 yaşdan kiçik bütün uşaqları əhatə edən yalnız 1 müraciət təqdim edin. Yalnız bir valideyn və ya qəyyum uşaqlar adından müraciət etməlidir.
Əvvəlki yaş qruplarında olduğu kimi, müraciət onlayn, telefonla və ya Service Canada mərkəzlərində də edilə bilər.
Müraciət üçün nə lazımdır?
✔ Sosial Sığorta Nömrəsi (SIN)
✔ Doğum tarixi
✔ Ad və soyadınız
✔ Yaşayış və poçt ünvanınız
Qeyd:
2025-2026-cı il üçün Kanada Diş Qulluğu Planından istifadə etmək istəyən 65 yaş və yuxarı şəxslər, 2023-cü il üçün Etibarlı Əlillik Vergi Kredit Sertifikatı olan böyüklər və 2025-ci il aprelin 30-dək müraciət edən 18 yaşdan kiçik uşaqlar bu il iyunun 1-dək yenidən müraciət etməlidirlər. CDCP-dən istifadə etmək istəyənlər hər il proqrama yenidən müraciət etməlidirlər.
Müraciətinizin statusu nə yerdədir?
CDCP-yə müraciətinizin statusunu yoxlamaq üçün sizdən aşağıdakı məlumatlar tələb olunacaq:
✔ Müraciət kodu və ya müştəri nömrəsi:
Müraciət etdikdən sonra aldığınız nömrə və ya Service Canada-dan aldığınız məktubun (qiymətləndirmə və ya yeniləmə məktubu) sağ yuxarı küncündəki nömrə.
✔ Sosial Sığorta Nömrəsi (SIN):
Əgər uşaq üçün SIN yoxdursa, tam ad və doğum tarixi daxil edin.
Statusu yoxlamaq üçün onlayn alətdən istifadə edə bilərsiniz.
Diş sağlamlığı xidmətindən nə vaxt istifadə edə bilərsiniz?
Kanada Diş Qulluğu Planına (CDCP) müraciət etdikdən və uyğunluğunuz təsdiqləndikdən sonra Kanada Hökumətindən məktub alacaqsınız. Bu məktubda aşağıdakılar göstəriləcək:
✔ CDCP üzvlük nömrəniz
✔ Həkimə müraciət üçün başlanğıc tarixiniz
✔ Əgər tətbiq olunursa, sizin ödəniş payınız (co-payment)
Bu məktubu “My Service Canada Account” (MSCA) vasitəsilə də əldə edə bilərsiniz.
Diş həkimindən xidmət almamışdan əvvəl gedəcəyiniz klinikadan CDCP-ni qəbul edib etmədiklərini və sizə lazım olan xidmətin CDCP-nin paketində daxil olub olmadığını dəqiqləşdirin.
Hansı xidmətlər əhatə olunur?
Kanada Diş Qulluğu Planı (CDCP), geniş spektrli diş sağlamlığı xidmətlərinin bir hissəsini maliyyələşdirməyə kömək edir.
- Diaqnostik və profilaktik xidmətlər
Bu xidmətlər diş və diş ətinizin sağlamlığını yoxlamaq, qorumaq və xəstəliklərin qarşısını almaq üçündür. Bu xidmətə aşağıdakılar daxildir.
Tam, rutin, spesifik və təcili diş müayinələri
Rentgen şəkilləri
Təmizləmə (skeylinq)
Fluorid tətbiqləri
Möhürləyicilər (sealants)
- Sadə xidmətlər
Restorativ xidmətlər (bərpaedici):
Daimi plomb
Müvəqqəti plomb
Xəstə dişlərdə ağrının azaldılması
Digər boşluq (karies) müalicələri
Endodontik xidmətlər:
Kanal müalicəsi
Pulpektomiya (kanal müalicəsinin ilk mərhələsi)
İnfeksiyanın azaldılması və ağrının aradan qaldırılması prosedurları
Əvvəllər edilmiş kanal müalicəsinin yenidən aparılması (öncədən təsdiq tələb edir)
Parodontoloji xidmətlər (diş ətrafı toxumaların müalicəsi):
Diş ətinin altını təmizləmə
İrinlənmələrin müalicəsi
Hərəkətli dişlərin sabitlənməsi (öncədən təsdiq tələb edir)
Cərrahi müdaxilədən sonra müayinələr (öncədən təsdiq tələb edir)
Qeyri-cərrahi diş əti xəstəliklərinin müalicəsi
- Əsas Xidmətlər
Restorativ xidmətlər
Dişlər plombla düzəldilə bilməyəcək qədər zədəlidirsə, bu xidmətlər tətbiq olunur.
CDCP əhatə edir:
Postların yerləşdirilməsi və çıxarılması
Tacların təmiri və yenidən yapışdırılması
Taclar (öncədən təsdiq tələb edir)
Tac dəstəkləri (cores) (öncədən təsdiq tələb edir)
Tac üçün postlar (öncədən təsdiq tələb edir)
Çıxarılan protezlər (prostodontik xidmətlər)
CDCP əhatə edir:
Tam protezlər (müvəqqəti və daimi)
Protezlərin təmiri, uyğunlaşdırılması və yenilənməsi
Ağız toxumalarını rahatlaşdırmaq üçün protezlərin içinə qoyulan örtüklər
Dərhal və örtülü protezlər (öncədən təsdiq tələb edir)
Qismən protezlər (öncədən təsdiq tələb edir)
Ağız-cərrahiyyə xidmətləri
CDCP əhatə edir:
Diş və köklərin çıxarılması
Şiş və kisələrin cərrahi yolla çıxarılması
Kəsiklər, irin boşaldılması daxil olmaqla cərrahi prosedurlar
Qırılmış çənə sümüklərinin müalicəsi
- Anesteziya və sedasiya xidmətləri
CDCP əhatə edir:
Minimal sedasiya (şüurlu)
Orta səviyyəli sedasiya (öncədən təsdiq tələb edir)
Dərin sedasiya (öncədən təsdiq tələb edir)
Ümumi anesteziya (öncədən təsdiq tələb edir)
- Ortodontik xidmətlər (diş düzləndirmə)
Bu xidmətlər hələ mövcud deyil.
2025-ci ildən CDCP-yə əlavə olunacaq və yalnız ciddi tibbi ehtiyac olduqda və müəyyən kriteriyalara uyğun gəldikdə tətbiq ediləcək. Bu xidmətlər üçün maksimum maliyyə limiti olacaq.
Pasiyent tərəfindən əlavə ödənişlər
Aşağıdakı hallarda əlavə ödəniş etməli ola bilərsiniz:
Ailənin xalis gəliri 70,000 – 89,999 CAD arasındadırsa
Müalicə xərci CDCP-nin qarşılayacağı məbləğdən çoxdursa
CDCP-nin əhatə etmədiyi xidmətlərə razılıq vermisinizsə
Nə qədər gəliri olanlar ödənişi CDCP ilə paylaşacaqlar?
Gəliri 70,000 CAD-a qədər olan ailələrinin üzvləri üçün yuxarıda verilən xidmətlərin hamısı 100 faiz pulsuz olacaq. Gəliri 70,000-79.000 CAD arasında olan ailələrdə CDCP-yə daxil olan xidmətlərin 60%-i hökumət, 40%-i pasiyent tərəfindən ödəniləcək. Gəliri 80,000-89,000 CAD olan ailələrdə isə göstərilən xidmətlər üçün 40% ödəniş hökumət, 60% ödəniş isə pasiyent tərəfindən ödəniləcək.
Əlavə ödənişlər və müraciət üçün link
CDCP tarifləri bəzi hallarda stomatoloji xidmət təminatçılarının tətbiq etdiyi tariflərlə eyni olmaya bilər. Aşağıdakı hallarda potensial ödəniş payına (co-payment) əlavə olaraq əlavə məbləğ ödəməli ola bilərsiniz:
- Stomatoloji xidmətlərinizin ümumi dəyəri CDCP tərəfindən nəzərdə tutulan məbləğdən artıqdırsa.
- Siz və stomatoloji xidmət təminatçınız CDCP tərəfindən əhatə olunmayan xidmətlər barədə razılığa gəlmisinizsə.
Diqqət:
Stomatoloji xidmət almamışdan əvvəl hər zaman diş klinikasından hansı xərclərin CDCP tərəfindən ödənilməyəcəyini soruşun. Müalicəyə başlamazdan əvvəl birbaşa ödəməli olacağınız məbləğləri tam dəqiqliklə bildiyinizdən əmin olun.
Müraciət üçün link: www.canada.ca
18 yaşa qədər uşaqlar, əlillər və təqaüdçülərin sözügedən proqrama müraciəti üçün ətraflı bu linkdən oxuya bilərsiniz.