[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Amerikaya gedən həmyerlilərimiz sərhəddə nə ilə qarşılaşıblar?

Son bir ayda Kanada kütləvi informasiya vasitələrində Amerikaya gedən Kanada vətəndaşlarının sərhəddə incidilməsi ilə bağlı yazılara rast gəlirik. Üstəlik, tətbiq olunan yeni qaydalara görə, Amerika sərhəd agentlərinin Birləşmiş Ştatlara daxil olarkən heç bir səbəb göstərmədən telefonları, kompyuterləri, planşetləri və digər elektron cihazları axtarmaq hüququna malik olduğu qeyd edilir. İmtina edildiyi təqdirdə, sərhədçilərin cihazınızı müsadirə edə və ya girişinizi rədd edə biləcəyi qeyd edilir. Bu məlumat Kanadanın canada.ca saytında da yer alıb. Əslində vəziyyət necədir? Doğrudanmı Amerikaya səfər edən Kanada vətəndaşları sərhəddə problemlə qarşılaşırlar?

“Kanada sərhədçiləri amerikanlardan daha çox sual verdilər”

Bu ilin mart ayında ailəsi ilə birlikdə Disneyləndə gedən Nuranə Muradzadə Tramp seçilməmişdən əvvəl də 2 dəfə Amerikaya səfər etdiklərini dedi: “Ötən ilin yayında iki dəfə Amerikada olduq. Bizdən Amerikaya nə məqsədlə getdiyimizi, neçə gün və harada qalacağımızı soruşdular. Qayıdanda da nə aldığımızla maraqlandılar. Bu ilin martında gedəndə yenə eyni qaydada bütün turistlərə ünvanladıqları sualları verdilər, amma bu dəfə Kanadaya qayıdanda sorğu-sualısız keçdik, nə aldığımızı soruşmadılar. Qısası, gedəndə də, qayıdanda da Amerika sərhədçiləri bizi çox rahat, gülərüz qarşıladılar və yola saldılar. Heç bir gərginlik hiss etmədik”.

Amerikada adi vətəndaşların kanadalılara münasibətinə gəlincə, N.Muradzadə bildirdi ki, həyat yoldaşı Amerikada üzərində “Canada” yazılan kepka ilə gəzib: “Heç bir problemlə qarşılaşmadıq. Hətta bir mağazada haradan gəldiyimizi soruşdular, Kanadadan getdiyimizi biləndə bizimlə mehribancasına danışdılar və Amerikada isti havadan zövq almağımızı arzuladılar”.

Mart ayında Amerikaya ailəsi ilə birlikdə öz maşınları ilə keçən Rəna Cəbrayılova da heç bir problem yaşamayıb: “Tramp seçilməmişdən əvvəl də Amerikada olmuşuq. O vaxt da, martda gedəndə də sərhəddə eyni sualları verdilər: harada qalacağımız, nə üçün və neçə günlük getdiyimizi soruşdular. Hətta qayıdanda Kanada tərəfi Amerikadan nə və nə qədər alış-veriş etməyimizlə bağlı daha çox sual verdi nəinki Amerika sərhədçiləri… Səfərimiz çox normal, əla keçdi. Amerikada da heç bir problemlə, ayrı-seçkiliklə qarşılaşmadıq”.

Amerikalılar mehribanlıqları ilə bizi təəccübləndirdilər”

Amerikadan iki gündür qayıdan Aqşin Yusifsoy həyat yoldaşı ilə birlikdə təyyarə ilə səfər  ediblər: “Sərhəddə heç bir problem yaşamadıq. Hətta sonradan bildik ki, telefona müvafiq proqram yükləyəndə Amerika vətəndaşları və Kanada vətəndaşları üçün yaradılan sürətli keçiddən istifadə edə bilərmişik. Sərhədi keçəndə nə qədər və harada qalacağımızla bağlı suallar verdilər. Gedəndə də, qayıdanda da bizimlə çox mehriban davrandılar”.

A.Yusifsoy Amerikada bir həftə qaldıqlarını və insanlarla ünsiyyətdə olduqlarını qeyd etdi. “Bankda olarkən bank işçisi Kanadadan olduğumuzu biləndə bizimlə çox mehriban davrandı. Hətta amerikalı bank işçilərindən biri artıq yer bron etdiklərini və yayda Kanadaya kruizə gələcəyini dedi. Airbnb-də qaldığımız evin sahibi Hyustondan idi və onunla da maraqlı dialoqumuz oldu. Amerikalıların daha mehriban olduqlarını etiraf etdik. O da bunu təsdiqlədi. Həqiqətən də Hyustonda amerikalılar mehribanlıqları ilə bizi təəccübləndirdilər. Kanadada yerli kanadalıların məhləsində yaşayırıq və burada qonşular bir-birlərinə salam vermirlər. Hətta təzə köçəndə gözlərimiz qonşuların üzündə qalırdı ki, bəlkə başlarını qaldırıb üzümüzə baxarlar və salamlaşarıq, amma bu, heç vaxt baş vermədi. Amerikada isə qaldığımız məhlədə gəzmək şansımız oldu və qarşımıza çıxan hər kəs kim olduğumuzu bilmədikləri halda bizi gülərüzlə salamlayırdı. Kanadadan fərqli olaraq Amerikada insanlar bir-birləri ilə göz təması qurmaqdan çəkinmirlər, Kanadadakı kimi soyuqqanlı deyillər. Sonra evində qaldığımız adam dedi ki, burada hər kəslə, xüsusilə də qonşularla salamlaşmaq yazılmamış qanundur”.

Foto: orangeville.ca

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp