[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Araşdırma: atdığınız addımların sayını artırmaq Altsheymer xəstəliyini gecikdirir

Dr. Vay-Yinq Vendi Yau: “Gündə 3–5  min addım atan insanlarda yaddaş zəifləməsi orta hesabla 3 il gecikir”

Yeni tədqiqata görə, hər gün atdığınız addımların sayını artırmaq Altsheymer xəstəliyinin erkən bioloji əlamətlərini daşıyan yaşlı insanlarda yaddaşın zəifləməsini ləngidə bilər.

Altsheymer xəstəliyinin əsas göstəriciləri beyin hüceyrələri arasında yığılan beta amiloid və tau zülallarıdır. Amiloid 30 yaşlardan etibarən neyronlar arasında toplanmağa başlaya bilər və nəticədə beyin hüceyrələri arasındakı əlaqənin pozulmaq ehtimalı yaranır.

“Fiziki aktivlik, yaddaş itkisi ilə ən sıx əlaqəli olan tau zülalının toplanmasını ləngidə və erkən Altsheymer mərhələsində yaddaşın zəifləməsini gecikdirə bilər”, – deyə tədqiqatın aparıcı müəllifi, Boston Massaçusets Ümumi Xəstəxanasının nevroloqu və yaddaş pozğunluqları üzrə mütəxəssisi Dr. Vay-Yinq Vendi Yau bildirib.

Yaunun sözlərinə görə, gündə 3 000–5 000 addım atan insanlarda yaddaş zəifləməsi orta hesabla 3 il, 5 000–7 500 addım atanlarda isə 7 il gecikir.

Qeyd edək ki, tədqiqatda 50 ilə 90 yaş arasında 296 nəfər iştirak edib. Bu, 14 il davam edən və Nature Medicine jurnalında dərc olunan araşdırmanın etibarlılığını artırıb.

Oksford Universitetinin tibb elmləri fakültəsinin professoru Masud Husayn bildirib ki, bu tədqiqatın gücü ondadır ki, burada beyində amiloid və tau yığılmasını ölçən dəqiq ardıcıl skanlar, idrak testləri və başlanğıc addım sayının birləşməsi tətbiq edilib: “Bu, çox nadir haldır”.

Araşdırmaya görə, gündə 7 500 addıma qədər hərəkət edən insanlarda tau yığılması 3–7 il daha yavaş olub, oturaq həyat tərzi keçirənlərdə isə tau zülalları daha sürətlə artıb, idrak və gündəlik funksiyalar daha tez pisləşib.

“Hər kəsin fərdi planı olmalıdır”

Bununla belə, Florida ştatındakı Neyrodegenerativ Xəstəliklər İnstitutunun tədqiqat direktoru, nevroloq Dr. Riçard İsaykson hesab edir ki, Altsheymerin qarşısını almaq üçün konkret addım sayına güvənmək sadəlövhlük olar. O, tədqiqatda iştirak etməyib: “Mən 5 000 və ya 7 000 addım kimi “yaddaqalan rəqəmlərə” çox ehtiyatla yanaşıram. Əgər kimdəsə  artıq bədən yağı, şəkər öncəsi vəziyyət və ya yüksək qan təzyiqi varsa, sadəcə müəyyən qədər addım atmaq kifayət etməyəcək. Hər kəsin fərdi planı olmalıdır”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp