Polis Ottavadakı RBC bankın əməkdaşını baş nazir Mark Karninin bank hesabına icazəsiz daxil olmaqda ittiham edib.
23 yaşlı İbrahim əl-Hakimə qarşı 5,000 dollardan yuxarı dələduzluq, kompyuterdən icazəsiz istifadə və şəxsi məlumatların alqı-satqısı ittihamları irəli sürülüb.
2022-ci ildə RBC-də işə götürülən və Parlament Hill yaxınlığındakı filialda işləyən əl-Hakim bankın informasiya texnologiyaları xidmətlərindən cinayət məqsədləri üçün istifadə edib. Bunlara çoxsaylı bank profillərinə icazəsiz giriş və dələduzluq daxildir.
Sənədlər göstərir ki, əl-Hakimin hərəkətlərinin böyük hissəsi videoya düşüb və o, RBC-nin daxili təhlükəsizlik xidməti ilə müsahibəsi zamanı iddiaları etiraf edib.
Əl-Hakim Telegram sosial media platformasında “AI WORLD” adı ilə tanınan şəxs tərəfindən bu cinayətə cəlb edildiyini deyib. Məhkəmə sənədləri göstərir ki,şübhəli Telegram üzərindən danışdığı şəxsin göstərişi ilə saxta bank profilləri yaradıb və kredit xətləri əldə edib. İttiham olunan şəxs həmin hesab sahibinin istəyi ilə müəyyən bank profillərinə də baxıb. Əl-Hakim hər dəfə tapşırığı yerinə yetirdikdə 500 dollar aldığını və ümumilikdə təxminən 5,000 dollar qazandığını deyib.
İyulun 10-da RBC əməkdaşı həbs edilib və şərti olaraq azadlığa buraxılıb. Əl-Hakimin gələn həftə məhkəmə qarşısına çıxması gözlənilir.
Polis bildirib ki, nə baş nazirin təhlükəsizliyinə, nə də milli təhlükəsizliyə risk yaranmayıb. İddialar hələ məhkəmədə sübuta yetirilməyib.
RBC-nin sözçüsü bildirib ki, əl-Hakim artıq bankda işləmir: “Biz hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək onların istintaqını dəstəklədik”.
Foto: Daily Post
















