Kenton Boston: “Gənc kişilər, yaşayış xərclərinin artması, işsizlik və ev tapmaq çətinlikləri kimi iqtisadi təzyiqlərlə üzləşirlər”
Yeni araşdırmaya görə, gənc kanadalı kişilərin yarısı qəzəblərinin gündəlik həyatlarına, münasibətlərinə və işlərinə mənfi təsir göstərməsi riski altındadır.
Intensions Consulting və Kanada Kişi Sağlamlığı Fondu (CMHF) tərəfindən aparılan sorğu göstərib ki, 19–29 yaş arası kişilərin 50 faizi qəzəblərini idarə etməkdə çətinlik çəkir. Halbuki bu göstərici bütün kanadalı kişilər arasında cəmi 22 faizdir.
Araşdırmanın nəticələri “narahatedici reallığı” üzə çıxarır və CMHF gənc kişilərdə “daha dərin stres və dəstək sistemlərindən uzaqlaşma” təhlükəsi barədə xəbərdarlıq edir.
CMHF prezidenti və baş direktoru Kenton Boston CTV News Channel-a bildirib ki, gənc kişilər, bir çox kanadalılar kimi, yaşayış xərclərinin artması, işsizlik və ev tapmaq çətinlikləri kimi iqtisadi təzyiqlərlə üzləşirlər: “Amma həm də cəmiyyətdə kişilik anlayışına qarşı dəyişən münasibət və bu mövzuda mənfi diskussiyalar var. Bütün bunlar, xüsusilə gənc kişilər üzərində əlavə təzyiq yaradır”.
Sorğuda iştirak edən 19–29 yaş arası kişilərin 39 faizi son bir ayda əsəbləşdikdə zorakı davranış meyli hiss etdiklərini etiraf edib. Bütün kanadalı kişilər arasında bu göstərici cəmi 16 faizdir.
K.Boston bildirib ki, gənc kişilər qəzəblərini idarə etməyi öyrənməlidirlər ki, ani impulslar hərəkətə çevrilməsin: “Əgər səbrinizin əvvəlkindən daha az olduğunu görsəniz bu, sizin üçün siqnal olmalıdır. Bu cür hallarda kiminsə dəstəyini almaq və bu qəzəbi yüngülləşdirmək çox vacibdir”.
K.Boston əlavə edib ki, gənc kişilərin qarşılaşdığı əsas çətinliklərdən biri də psixi sağlamlıqla bağlı yardım istəməkdən utanmaqdır: “Çoxumuz üçün hələ də bir stiqma var – psixi sağlamlıq üçün həkimə getməkdə tərəddüd edirik. Biz bu vəziyyətdə dostla və ya ailə üzvü ilə danışmaq ideyasını təşviq edirik – yəni sən tək deyilsən. İcma üzvlərinin məsuliyyətidir ki, gənc kişilər dinlənilsin, başa düşülsün və kənara atılmasın”.
Sorğunun nəticələri göstərib ki, bu çətinliklər yalnız gənclərlə məhdudlaşmır.
BIPOC (qara, yerli və rəngli icmalara mənsub) kişilərin 36 faizi də problemli qəzəb riski daşıyır. 30–44 yaş arası kişilər arasında isə bu göstərici dörddə birdən çoxdur.
Metodologiya
Intensions Consulting tərəfindən aparılan araşdırma 2025-ci il aprelin 8-dən 14-dək Kanadada keçirilib. Nümunə 2021-ci il siyahıyaalınma məlumatlarına əsaslanaraq ölkə əhalisinin bölgüsünü əks etdirmək üçün seçilib.
Sorğu fransız və ingilis dillərində onlayn aparılıb və DAR-5 (Dimensions of Anger Reactions) adlı təsdiqlənmiş metoddan istifadə olunub.
















