“GreenWorking Awards 2026” turizm videoları üzrə müraciətləri qəbul edir. Turizm təşkilatları, prodüser şirkətləri və kreativ agentliklər 21 sentyabr 2026-cı il tarixinədək müsabiqəyə ödənişsiz müraciət edə bilərlər.
Turizm sahəsində yaradıcı və məsuliyyətli audiovizual layihələri təşviq edən “GreenWorking Awards 2026” beynəlxalq mükafat proqramına müraciətlərin qəbulu başlayıb. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən turizm təşkilatları, istehsal şirkətləri və kreativ agentliklər iştirak edə bilərlər. Müraciətlər ödənişsizdir və 21 sentyabr 2026-cı il tarixinədək qəbul olunacaq.
Beynəlxalq Turizm Film Festivalları Komitəsi (CIFFT) və İspaniyanın Normmal kreativ agentliyi tərəfindən təşkil olunan müsabiqə audiovizual istehsalda dayanıqlı yanaşmaları və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun turizm kommunikasiyasını təşviq edir.
Uğurlu ilk buraxılışdan sonra keçirilən ikinci “GreenWorking Awards” daha geniş beynəlxalq iştirakçı auditoriyasını cəlb etməyi və davamlı turizm kommunikasiyası sahəsində aparıcı beynəlxalq platformalardan birinə çevrilməyi hədəfləyir.
Müsabiqə üç əsas kateqoriya üzrə keçiriləcək.
“GreenWorking Production Award” ekoloji cəhətdən məsuliyyətli istehsal prosesləri, karbon emissiyalarının azaldılması, resurslardan səmərəli istifadə, tullantıların minimuma endirilməsi və məsuliyyətli təchizatçıların seçilməsi kimi meyarlarla seçilən layihələri qiymətləndirəcək.
“GreenWorking Message Award” davamlılıq mövzusunda təsirli mesaj verən turizm kampaniyalarını mükafatlandıracaq.
“GreenWorking Global Award” isə həm dayanıqlı istehsal prinsiplərini, həm də güclü davamlılıq mesajını bir araya gətirən ən yaxşı kampaniyaya təqdim olunacaq.
CIFFT-in direktoru Alexander V.Kammel bildirib ki, “GreenWorking Awards” turizm kommunikasiyasında daha məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edir: “Turizm milyonlarla insanın səyahət davranışına təsir göstərən sahədir. Düzgün mesaj və məsuliyyətli istehsalı birləşdirən layihələrin mükafatlandırılması bütün sənayenin inkişafına töhfə verir”.
Münsiflər heyətində dayanıqlı inkişaf, ətraf mühit, turizm, marketinq və audiovizual istehsal sahələrinin tanınmış beynəlxalq ekspertləri yer alır. Onların arasında BMT Turizm Təşkilatı (UN Tourism), Qlobal Davamlı Turizm Şurası (GSTC), Avropa Səyahət Komissiyası (ETC), European Climate Pact və Biosphere təşkilatlarının nümayəndələri də var.
Normmal şirkətinin baş direktoru və münsiflər heyətinin sədri Alberto Fernández qeyd edib ki, GreenWorking Awards artıq təkcə mükəmməlliyi deyil, planetə məsuliyyətlə yanaşan turizm kommunikasiyasının inkişafını da təşviq edir.
Müsabiqənin qalibləri World Tourism Film Awards 2026 mükafatlandırma mərasimində elan olunacaq. Bu tədbir dünyanın ən yaxşı turizm filmlərinin mükafatlandırıldığı və CIFFT beynəlxalq turizm film festivalları şəbəkəsinin final mərhələsi hesab olunur.
Ətraflı məlumat və qeydiyyat üçün www.cifft.com saytına müraciət etmək mümkündür.