“Kanadada həkim çatışmazlığı çoxfaktorlu və kompleks bir problemdir”
Deyir ki, insanın özünü tanıması, nəyi sevdiyini və nədən ehtiras duyduğunu müəyyənləşdirməsi onu uğura aparan yoldur. Daha sonra isə qarşınıza çıxacaq çətinliklərdən qorxmamaq, fürsətlərə açıq olmaq, zəhmət çəkməyə, uğur və uğursuzluqlarınızı analiz etməyə hazır olmalısınız. Leyla Bağırzadəyə görə, ən əsası, bütün bu yol boyunca insan olaraq qalmaq, empatiya, dürüstlük və alicənablıq prinsiplərindən heç vaxt uzaqlaşmamaqdır. Müsahibimiz Kalqaridə South Health Campus xəstəxanasında anestezioloq, həmçinin Anesteziologiya şöbəsinin təminatı və təkmilləşdirilməsi üzrə direktor vəzifəsini icra edən Leyla Bağırzadədir. Leyla xanım tibb təhsili alan və rezidenturada oxuyan tələbələrə dərs də deyir.
Boston, Alberta, Toronto universitetləri…
– Leyla xanım, bir az həyat yolunuzdan danışardınız, zəhmət olmasa. Azərbaycanda Tibb Universitetini bitirəndən sonra təhsil almaq üçün Amerikaya yola düşdünüz və karyeranızı Azərbaycandan kənarda qurmağa nail oldunuz…
– Tibb Universitetində təhsilimin son illərində mənə Böyük Britaniyada iki dəfə tibb sahəsində müşahidəçilik etmək şansı nəsib oldu. Orada məni ən çox təsirləndirən məqamlardan biri gənc həkimlərin müstəqil konsultanta çevrilmək üçün keçdiyi inkişaf yolu oldu. Həmin dövrdə Azərbaycanda hələ formal rezidentura sistemi yox idi və universiteti bitirdikdən sonra bir boşluq yaranırdı. Mən hiss etdim ki, bu boşluq mütləq doldurulmalıdır.
Dəqiq nə olacağını bilmirdim, amma bir şeyi çox yaxşı bilirdim: işimdə özümə güvənmək istəyirdim və bunun üçün imkanlara açıq olmalı idim. Və həmin imkanlar gəldi. Magistratura təhsili üçün üçün Böyük Britaniya, ABŞ və Norveçdəki universitetlərdən 3 müxtəlif təqaüd proqramı qazandım. Amerikada Boston Universitetini seçdim. Magistr təhsili mənim dünyagörüşümü genişləndirdi və həm həyat, həm də təhsil baxımından çox dəyərli bir təcrübə oldu. Lakin bilirdim ki, praktiki tibb sahəsində işləmək istəyirəm və bunun üçün sistemli təlim keçməliyəm. Beləcə, yolum məni Alberta Universitetində doktorantura proqramına gətirdi. Proqramda 2.5 il təhsil aldım, amma bu müddət ərzində mənim üçün bir xəyal olan rezidentura proqramına qəbul oldum. Rezidenturanı uğurla tamamladım, ardınca fellouship keçdim və hazırda South Health Campus xəstəxanasında anestezioloq kimi çalışıram. Formal olaraq, təhsilim bitsə də, karyeramı qursam da, hələ də öyrənmə prosesi davam edir. Çünki hər bir insan daim öyrənməlidir. Mənim üçün həyatın mənası da məhz budur.
– Kanadada həkim olmaq çoxmu çətindir? Bu yolda qarşılaşdığınız çətinliklərə baxmayaraq, “yaxşı ki, bu sənəti seçdim” deyirsinizmi?
– Bəli Kanadada həkim olmaq uzun və çətin bir yoldur, xüsusilə də beynəlxalq tələbəsənsə… Sistem çox ciddi və rəqabətlidir – rezidenturaya qəbul olmaq ucun bir çox imtahandan kecmək lazimdir. Kanadada rezidentura proqramına qəbul zamanı qiymətləndirmə təkcə imtahan nəticələri ilə məhdudlaşmır. Əslində, qərar verərkən namizədin bütün portfoliosuna baxılır. Buraya tədqiqat təcrübəsi, liderlik, ünsiyyət və komanda ilə işləmə bacarıqları, klinik təcrübə, könüllü fəaliyyətlər və şəxsi keyfiyyətlər də daxildir. Proqramlar həkim kimi yalnız biliyi yox, eyni zamanda şəfqətli, etibarlı və güclü ünsiyyət qurma bacarığı olan namizədləri seçməyə çalışır. Rezidentura dövrü özü də çox çətin bir mərhələdir. Sanki hər gün bir iş müsahibəsindən keçirsiniz – hər addımınız, qərarınız və ünsiyyətiniz qiymətləndirilir. Həm zehni, həm də fiziki baxımdan yorucu bir prosesdir. Ondan əlavə, yeni bir səhiyyə sisteminə, mədəniyyətə və bəzən dilə uyğunlaşmaq da əlavə çətinliklər yaradır. Amma bütün bu çətinliklərə baxmayaraq, inamla deyə bilərəm ki, bəli, bu yolu seçdiyim üçün çox xoşbəxtəm. Qarşıma çıxan hər bir çətinlik mənə dözüm, təcrübə və bu peşəni niyə seçdiyimi öyrədirdi: o da insanlara ən çətin anlarında yardım etməkdir. Kanadada anestezioloq kimi işləməkdən məni həm peşəkar, həm də şəxsi baxımdan məmnunam.
Yaxşı həkim olmaq üçün şəfqət, ünsiyyət, məsuliyyət və insanlığa dəyər vermək kimi insani keyfiyyətlər də bir o qədər önəmlidir.
“Həm xəstələrə, həm də tibbi təhsilə töhfə vermək mənə böyük motivasiya verir”
– Leyla xanım, karyeranız boyunca yolunuz Torontodan da keçib. Torontoda ginekoloji anesteziya üzrə təhsil almaqla yanaşı, Mount Sinai Hospitalında anestezioloq kimi çalışmısınız. Amma sonradan Kalqariyə, Alberta əyalətinə qayıdıb işinizi orada davam etdirmisiniz. İqlimi nisbətən daha mülayim olan Torontodan Kalqariyə köçməyinizin səbəbi nə idi?
– Mənim klinik tibb sahəsindəki yolum məhz Alberta əyalətində başlayıb. Rezidentura təhsilimi Kalqaridə, Kalqari Universitetində aldığım üçün bu şəhər mənim üçün bir növ evə çevrilmişdi. Toronto şəhərinə ixtisasartırma üçün gələndə isə ailəmi, o cümlədən iki yaşlı oğlumu Kalqaridə qoymalı oldum.
Toronto və oradakı təcrübəm biliklərimi çox zənginləşdirdi və bu şəhəri həqiqətən çox sevdim. Amma ailənin tam şəkildə Torontoya köçməsi məntiqi baxımdan çox çətin olardı. Bu o demək idi ki, hər şeyə sıfırdan başlamalıyıq. Bu səbəbdən mənim üçün ən doğru qərar Kalqariyə geri qayıdıb oradakı həyatımı və karyeramı davam etdirmək oldu.
– Hazırda Kalqaridə həm hospitalda anestezioloq kimi çalışır, həm də həmin hospitalda Anesteziologiya şöbəsinin təminatı və təkmilləşdirilməsi üzrə direktor vəzifəsini icra edirsiniz. Professor kimi universitetdə də dərs deyirsiniz. Bu qədər işi bir arada necə çatdırırsınız?
– Tədris fəaliyyətim əsasən əməliyyat otağında rezident və tələbələrlə işləməkdən ibarətdir. Bu, klinik praktikaya inteqrasiya olunmuş şəkildə biliyi paylaşmaq və əlavə vaxt ayırmadan öyrətmək üçün çox səmərəli üsuldur. Arada kicik qruplarda mühazirə deyir, yaxud rezidentura tələbələrini imtahan, müsahibə etməli oluram. Keyfiyyət və təhlükəsizlik üzrə rolum isə daha çox iclaslarda iştirak, keyfiyyət və təhlükəsizlik məsələlərinin nəzərdən keçirilməsi, habelə şöbə səviyyəsində keyfiyyət təşəbbüslərinə rəhbərlik etməkdən ibarətdir.
Bu vəzifələri balanslaşdırmaq üçün vaxt idarəçiliyi və məqsədə fokuslanmış yanaşma vacibdir. Əlbəttə, bunların bir çoxunu kliniki işdən sonrakı vaxtlarda etməli oluram. Məsələn, gecə növbələrindən sonra növbəti günlər həkim kimi çalışmadığıma görə, bu kimi fəaliyyətləri həmin günlərə salmağa çalışıram. Amma etdiyim bütün işlər mənim üçün xüsusi önəm daşıyır və həm xəstələrə, həm də tibbi təhsilə töhfə vermək mənə böyük motivasiya verir. Çalışdığım güclü və daim dəstək verən komanda sayəsində bu fəaliyyətləri uğurla yerinə yetirmək mümkündür. Əgər işləri sevə-sevə və komanda şəkilində edirsənsə, birdən çox məsuliyyət daşımaq mümkündür və eyni zamanda, peşəkar inkişaf üçün böyük fürsətlər yaradır.
– Həkim kimi çalışmaqla yanaşı, həm də professor kimi bu sənəti tədris edirsiniz. Sizcə, yaxşı həkim olmaq üçün yalnız bilik kifayətdirmi?
– Yaxınlarda bir ifadəyə rast gəldim: Müalicə etmək elm, qayğı göstərmək isə sənətdir. Yaxşı həkim olmaq üçün təkcə güclü tibbi biliklərə malik olmaq kifayət deyil. Şübhəsiz ki, dərin bilik və analitik düşüncə qabiliyyəti bu peşənin əsasını təşkil edir. Çünki günün sonunda məhz düzgün diaqnoz qoymaq və effektiv müalicə tətbiq etmək xəstəyə birbaşa fayda verir. Lakin yaxşı həkim olmaq bundan daha vacibdir.
Həkim həm də empatiya göstərməyi bacarmalı və xəstələrin qayğısına qalmalıdır. Peşəkar məsuliyyət hissi daşımaq, hər bir xəstəyə öz yaxının kimi yanaşmaq bu peşənin etik əsaslarındandır. “Özünə necə münasibət gözləyirsənsə, başqasına da elə davran” prinsipi yaxşı həkimin həyat fəlsəfəsinin bir hissəsi olmalıdır.
Eyni zamanda, yaxşı həkim güclü ünsiyyət bacarıqlarına sahib olmalıdır. Çünki tibb dili hər kəs üçün başa düşülən olmaya bilər. Həkim xəstəyə yalnız müalicəni tətbiq etməməli, eyni zamanda vəziyyətini ona aydın və anlayacağı şəkildə izah etməlidir. Xəstə ilə açıq və qarşılıqlı hörmətə əsaslanan ünsiyyət etibarın formalaşmasında mühüm rol oynayır.
Bundan əlavə, yaxşı həkim xəstəsinin hüquqlarını və maraqlarını müdafiə etməyi bacarmalıdır. Hər zaman xəstənin xeyrini ön planda tutmaq, onun rifahını və təhlükəsizliyini təmin etmək bizim əsas vəzifəmizdir.
Qısacası, bilik və klinik bacarıqlar vacib bünövrədir, lakin həqiqətən yaxşı həkim olmaq üçün şəfqət, ünsiyyət, məsuliyyət və insanlığa dəyər vermək kimi insani keyfiyyətlər də bir o qədər önəmlidir. Bu dəyərlərin və biliklərin birləşməsi həkimi həm etibarlı mütəxəssis, həm də cəmiyyətə dəyər verən bir insana çevirir.
Professional həkim kimi çalışmaq üçün hansı mərhələləri keçməlisiz?
– Kanadada hər hansı bir ixtisas üzrə professional həkim kimi sərbəst işləmək bir insanın neçə ilini alır? Prosesi mərhələlərlə izah etsəniz, bu sahəyə marağı olan gənclərimiz üçün çox faydalı olar.
– Kanadada professional həkim kimi sərbəst fəaliyyət göstərmək uzunmüddətli və mərhələli bir prosesdir. Bu, bir çox bilik və bacarıqların inkişafını tələb edən, lakin nəticədə dəyərli bir yoldur. Sadə oldun deyə, gəlin, bu yolu Kanadada orta məktəbi bitirmiş bir tələbə nümunəsində izah edim.
- Bakalavr təhsili (3–4 il)
İlk addım bakalavr dərəcəsi almaqdır. Maraqlısı budur ki, tibbi məktəbə qəbul üçün məhz səhiyyə elmlərində (health sciences) bakalavr dərəcəsi almaq şərt deyil. Əlbəttə, səhiyyə elmlərində oxuyan tələbələr üçün MCAT (Medical College Admission Test – Tibbi Kollec Qəbul Testi) adlı standart qəbul imtahanına hazırlaşmaq bir qədər asan ola bilər, lakin tibbi məktəblər əslində daha geniş düşüncəli, maraqlı və əzmkarlıq göstərən tələbələr axtarır. Əgər siz MCAT fənlərini başqa bir sahədə təhsil alarkən öyrənə bilirsinizsə, bu sizin təşəbbüskarlığınızı, öyrənmək həvəsinizi və çətinliklərin öhdəsindən gələ bilmək qabiliyyətinizi göstərir. Bəzi hallarda bakalavr təhsilinin tam bitməsi belə tələb olunmur. Əsas odur ki, MCAT-ni verəsiniz və güclü portfolionuz olsun.
Tibbi məktəbə müraciət zamanı yalnız akademik nəticələriniz deyil, eyni zamanda etik dəyərlər, ünsiyyət və əməkdaşlıq bacarığı, liderlik təcrübəsi, intellektual maraq, ictimai fəaliyyətlər və könüllülük kimi şəxsi keyfiyyətləriniz də qiymətləndirilir. Bütün bu keyfiyyətlərinizi (tədqiqat işi, könüllülük, iş təcrübəsi, idman və s.) sənədlərlə sübut etməlisiniz. Əgər sənəd mərhələsindən uğurla keçsəniz, sizi müsahibəyə dəvət edirlər. Müsahibə mərhələsində sizdən tibbi bilik yox, empatiya, yetkinlik, düzgün mühakimə, sosial məsuliyyət kimi insani keyfiyyətlər tələb olunur. Bu mərhələ adətən müxtəlif həyat və etik ssenarilər əsasında aparılır. Bu iki mərhələnin (portfolionun və müsahibənin) birgə nəticəsi ilə tibbi məktəbə qəbul olunursunuz.
- Tibbi Məktəb (3–4 il)
Kanadada tibbi təhsil proqramları universitetdən asılı olaraq 3 və ya 4 il davam edir. İlk illər əsasən nəzəri biliklər, sonrakı illər isə klinik rotasiyalar üzərində qurulur. Son ilin payızında rezidentura üçün müraciət prosesi başlayır.
Rezidentura üçün müraciətinizi əvvəlki klinik təcrübəniz, müəllimlərinizin rəyləri, elmi-tədqiqat işləriniz, liderlik fəaliyyətləriniz və əldə etdiyiniz uğurlar əsasında dəyərləndirirlər. Əgər uyğun hesab olunursunuzsa, müsahibəyə dəvət edilir və müsahibədən keçdiyiniz halda, rezidenturaya başlayırsınız.
- Rezidentura Proqramı (2–5 il)
Rezidentura artıq öyrənməkdən çox, işləmə mərhələsidir. Bu mərhələdə siz real klinik şəraitdə çalışaraq peşəkar bacarıqlarınızı inkişaf etdirirsiniz. Məsələn: ailə həkimliyi üzrə rezidentura 2 il, əksər ixtisaslar üzrə isə 5 il davam edir.
Bu müddət ərzində siz müxtəlif şöbələrdə rotasiya edir və hər gün həm tibbi bilikləriniz, həm də ünsiyyət və komanda işindəki davranışlarınız üzrə qiymətləndirilirsiniz. Əslində, hər gün bir növ iş müsahibəsi kimidir.
- Lisenziya İmtahanı və Müstəqil Fəaliyyət
Rezidenturanın sonunda Royal College tərəfindən keçirilən lisenziya imtahanı verirsiniz. Bu imtahanı uğurla keçdikdən sonra müstəqil şəkildə həkim kimi işləmək hüququ əldə edirsiniz. Bəzi həkimlər daha dərindən ixtisaslaşmaq üçün əlavə ixtisasartırma (fellowship) proqramlarında iştirak edirlər. Bu, rəqabətli iş yerləri üçün üstünlük yaradır.
Nəticə olaraq, bu yol uzun və zəhmətlidir, amma əldə olunan bilik, təcrübə və peşəkar özünəinam onu tamamilə dəyərli edir. Əgər bu sahəyə marağınız varsa və insanlara yardım etmək istəyi ilə bu yola çıxırsınızsa, bu çətinliklər sizi qorxutmamalıdır. Çünki sonunda həm özünüzü inkişaf etdirir, həm də cəmiyyətə fayda verirsiniz.
Həkim çatışmazlığı problemini necə həll etməli?
– Kanadada həkim çatışmazlığı problemi artıq ciddi narahatlıq doğurur. Həkim qəbulu üçün aylarla gözləmək, bəzi cərrahiyyə əməliyyatları üçün bir ildən çox gözləmə müddətinin olması adi haldır. Sizcə, həkim çatışmazlığının əsas səbəbləri nələrdir?
– Kanadada həkim çatışmazlığı çoxfaktorlu və kompleks bir problemdir. Məsələ təkcə həkimlərin sayında deyil, həm də onların yerləşdiyi coğrafi bölgələr, ixtisaslar üzrə balanssızlıq və səhiyyə sisteminin struktur çətinliklərindədir. Bu problemin əsas səbəblərini qruplaşdıraraq təqdim etmək olar:
- Tibbi təhsilin uzun olması
Həkim olmaq üçün keçilən yol çox vaxt və resurs tələb edir. İllərlə davam edən bu prosesə qəbul isə çox rəqabətlidir və yerlər məhduddur. Tələbə sayı az olduğu üçün ölkənin real ehtiyaclarını ödəməkdə çətinlik yaranır. Həkimlərin yetişməsi 10–15 il vaxt alır, bu da sürətlə dəyişən demoqrafik tələbatlara cavab verməyi çətinləşdirir. Tibbi məktəbi bitirən tələbələrin sayı artsa da, rezidentura yerlərinin sayı hökumət tərəfindən mərkəzləşdirilmiş şəkildə müəyyən edilir və çox vaxt kifayət qədər olmur. Bu, ixtisaslı həkim sayının artmasının qarşısını alır.
Başqa ölkələrdə həkim kimi təhsil almış mütəxəssislər Kanadada təcrübəyə başlamaq üçün uzun və çətin bir tanınma prosesindən keçməlidirlər. Əgər bu proses daha rahat olsaydı, hazırda təcrübəli və bacarıqlı bir çox beynəlxalq məzun sistemə tez bir zamanda inteqrasiya oluna bilərdi.
- Səhiyyə sisteminin strukturu
Kanadada ictimai səhiyyə sistemi universal olsa da, infrastrukturda və idarəetmədə olan boşluqlar xidmətlərin göstərilməsində ləngimələrə səbəb olur. Həkim çatışmazlığı təkcə onların sayından deyil, həm də universal səhiyyə sisteminin yaratdığı müəyyən məhdudiyyətlərdən irəli gəlir. Məsələn, cərrahların əməliyyat etməsi üçün ayrılan vaxt bütün şöbə üzrə bölüşdürülür və bu da o deməkdir ki, hər bir cərrahın yalnız ayda bir neçə dəfə növbəsi düşür. Həmin gün isə maksimum 5-6 əməliyyat edə bilər. Bu, təbii olaraq gözləmə siyahılarının yaranmasına və artmasına səbəb olur.
- Rəqabətli gəlir və ABŞ-a beyin axını
Kanadada həkim maaşları ümumilikdə pis sayılmasa da, vergi yükü yüksəkdir və ABŞ-la müqayisədə bəzi ixtisaslar üzrə fərq hiss olunur. Bu səbəbdən bəzi ixtisaslı həkimlər ABŞ-a köçməyi daha sərfəli hesab edirlər. Xüsusilə sərhədyanı əyalətlərdə bu meyl daha güclüdür.
- Coğrafi paylanmada uyğunsuzluq
Həkimlərin əksəriyyəti şəhər yerlərində cəmlənib. Kənd və ucqar bölgələrdə isə xidmətə ciddi ehtiyac olsa da, oraya həkim cəlb etmək çətin olur. Bunun səbəbləri arasında peşəkar imkanların məhdudluğu, həmin bölgələrdə ailəvi yaşayış üçün həyat şərtlərinin çətinlikləri və maddi təşviqin azlığı dayanır.
- Tibbi Təhsil və Təcrübənin Maliyyə Yükü
Tibbi təhsil bahalıdır və tələbələr çox vaxt yüksək borcla məzun olurlar. Bu da onların karyera seçimlərinə təsir göstərir – bəzi tələbələr daha yüksək gəlirli ixtisaslara yönəlir və nəticədə ilkin tibbi xidmət kimi sahələrdə kadr çatışmazlığı dərinləşir.
Bu problemlərin heç biri məsələni təkbaşına izah etmir. Həkim çatışmazlığı sistematik dəyişikliklər, planlı insan resursu strategiyaları, təhsil və tanınma proseslərinin modernləşdirilməsi və rəqabətədavamlı iş şəraiti yaradılmadan həll oluna bilməz. Həmçinin, texnologiyanın və digər səhiyyə peşəkarlarının, məsələn, tibb bacılarının və həkim köməkçilərinin rolunu genişləndirmək də bu yükü azaltmaqda faydalı ola bilər.
“Karyeramda müəyyən bir zirvəyə çatmışam”
– Kanadada yaşından asılı olmayaraq, hər kəsin karyera pilləsində irəliləmək, hətta ixtisasını dəyişmək kimi şansı var. Sizin gələcək üçün karyera planlarınız varmı, yoxsa artıq istədiyiniz nöqtəyə çatdığınızı düşünürsünüz?
– Düşünürəm ki, karyeramda müəyyən bir zirvəyə çatmışam. Çalışdığım vəzifələr həm klinik, həm akademik, həm də idarəetmə baxımından müəyyən məsuliyyət və təcrübə tələb edir.
Hazırkı mərhələdə mənim əsas məqsədim sahəmin dərinliklərinə enmək, bilik və bacarıqlarımı genişləndirməkdir. Tibb sahəsində davamlı təhsil vacibdir və bu proses heç vaxt bitmir. Hər gün yeni klinik hallardan, müxtəlif əməliyyatlardan və həmkarlarımla qarşılıqlı təcrübə mübadiləsindən öyrənməyə davam edirəm.
Məsələn, rezidentura dövründə bedside ürək ultrasəsini (cardiac POCUS) öyrənmək imkanım olmamışdı, lakin indi bu bacarığı öz təşəbbüsümlə mənimsəyirəm. İnsanın öyrənməyə açıq zehni olduqca, inkişafın sonu yoxdur. Mən də bu prinsiplə yaşayıram – özümü və sahəmi daha yaxşı tanımaq üçün hər gün bir addım da olsa irəli getmək.
– Həkimlərin günlərinin böyük hissəsi, xüsusilə hospitalda çalışırlarsa – iş yerində keçir. Həkimlik və ailə arasında balansı necə qoruyursunuz? Evdəkilər şikayət etmir ki?
– Bəli, doğrudur, səhər 9-dan axşam 5-ə qədər olan işlərdən fərqli olaraq, bizim iş saatlarımız fərqılidir. Həm gecələr, həm də həftəsonları növbələr olur. Lakin həyatımı işimin ətrafında düzgün şəkildə təşkil etməyi öyrənmişəm. Evdə olduğum zamanları ailəmə keyfiyyətli vaxt ayırmağa çalışıram ki, bu balans qorunsun.
Eyni zamanda, bu balansı təmin etməkdə mənə yardım edən böyük bir dayağım var – anam. O, karyera arzularımı hər zaman dəstəkləyib və mənə ev işlərində, ümumilikdə ailə həyatının idarə olunmasında böyük kömək edir. Əslində, onun dəstəyi olmadan həm peşəkar fəaliyyətimi, həm də ailə məsuliyyətlərimi eyni zamanda bu şəkildə yerinə yetirməyim çox çətin olardı. Onun varlığı və köməyi mənim üçün həqiqətən əvəzolunmazdır.
“Milli geyimdə səhnəyə çıxmaq bir məsuliyyət idi”
– Bütün bu işlərin içində Azərbaycan rəqslərini öyrənmisiniz. Sosial şəbəkələrdəki şəkillərinizdən görünür ki, tədbirlərdə milli paltarımızla səhnəyə çıxaraq rəqs etdiyiniz vaxtlar da olub. Necə oldu milli rəqsimizi öyrənmək qərarına gəldiniz?
– Alberta əyalətinə ilk köçdüyüm vaxtlarda burada azərbaycanlılar çox az idi, lakin bu kiçik icma cox fəal və mədəniyyətimizi kanadalı ictimaiyyətə tanıtmaqda qərarlı idi. Mən bu ruhu çox sevdim və cəmiyyətimizin hər təşəbbüsündə iştirak etməyə çalışdım. Bu fəaliyyətlər nəticəsində gördüyümüz işlər yalnız həmin dövr üçün deyil, gələcək nəsillər üçün də bir irsə çevrildi. Məhz bu ilkin zəmin sayəsində sonradan gələn həmvətənlərimiz bu işi davam etdirə bildilər və bu gün Kanadada “Azərbaycan” artıq yad və tələffüzü çətin olan bir söz kimi səslənmir.
Uşaqlıqdan içimdə incəsənətə qarşı bir maraq olub, rəqs və səhnə hər zaman mənə yaxın gəlib. Bu səbəbdən də cəmiyyətimizin festivallarda və mədəni tədbirlərdə Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün göstərdiyi səylərə mən də öz payımı vermək istədim. Milli geyimdə səhnəyə çıxmaq, Azərbaycan rəqslərini öyrənmək və təqdim etmək təkcə şəxsi zövq yox, həm də bir məsuliyyət idi – kimliyimizi, mədəniyyətimizi tanıtmaq və yaşatmaq məsuliyyəti.
Bu fəaliyyətlər bizə möhtəşəm komanda ruhu qazandırdı, uzunmüddətli dostluqlar və dərin bağlar yaratdı. Bu birlik və əməkdaşlıq hissi cəmiyyətimizin əsasını möhkəmləndirdi və uşaqlarımız üçün davamlı bir mədəni platforma qurdu. İnanıram ki, bu işlər gələcək nəsillərin öz köklərini tanımasında və fəxrlə təmsil etməsində mühüm rol oynayacaq.
“Ana dilini bilməmək, insanda tədricən öz köklərindən uzaqlaşma hissi yaradır”
– 30 ilə yaxındır, Azərbaycandan kənardasınız. Əvvəl ABŞ-da yaşamısınız, ardınca Kanadaya köçmüsünüz. Amma ana dilinizi unutmamısınız. Hətta Kanadada doğulub böyüyən oğlunuz da ana dilində danışır. Vətənə, milli ruhumuza olan bu bağlılıq hardan qaynaqlanır?
– Hesab edirəm ki, insanın kimliyini dərk etməsi onun psixoloji sağlamlığı və daxili sabitliyi üçün son dərəcə vacibdir. Xaricdə yaşamaq, digər mədəniyyətləri öyrənmək və onlara hörmət etmək eyni zamanda öz mədəniyyətini daha dərindən dəyərləndirməyi və sevməyi öyrədir. Dil isə bu mədəniyyətin ayrılmaz bir hissəsidir. Ana dilini bilməmək, insanda tədricən öz köklərindən uzaqlaşma hissi yaradır.
Mən həm də Cənubi Azərbaycandan olan bir neçə soydaşımızla tanış oldum və onların hekayələrini dinlədim. Onlar vaxtilə ana dillərində musiqi dinləmək üçün Azərbaycan radiostansiyalarının siqnallarını tutmağa çalışırdılar. Bizim Azərbaycanda yaşadığımız illərdə dəyərini bəlkə də yetərincə anlamadığımız, adi qəbul etdiyimiz şeylər dilimiz, musiqimiz, mədəniyyətimiz – onlar üçün əvəzsiz bir xəzinədir.
Bir hadisəni də çox aydın xatırlayıram. Anam bizi ilk dəfə ziyarətə gələndə onu Banff bölgəsinə aparmışdıq. Yolda Rəşid Behbudovun CD-sini dinləyirdik. Gözəl dağ mənzərələrini seyr edərkən fonda Azərbaycan xalq mahnılarını dinləmək insana çox dərin bir hiss yaşadırdı. Həmin an anam dedi ki, “arzu edirəm, gələcək nəvəm bu dilin özəlliklərini, incəliklərini başa düşə və ona bizim qədər dəyər verə bilsin”. Düşünürəm ki, bu arzu həyata keçdi. Oğlum Azərbaycan dilində sərbəst danışır, hətta bədii ədəbiyyat da oxuyur. Eyni zamanda Azərbaycan mahnılarını çox sevir və evdə onları zümzümə edir.
Bu bağlılıq təkcə kökdən gəlmir, həm də şüurlu bir seçim və dəyərləndirmə nəticəsində formalaşır. Mən inanıram ki, öz mədəniyyətinə sahib çıxmaq, onu qoruyub yaşatmaq həm insana daxili güc verir, həm də gələcək nəsillərə sağlam bir kimlik ötürür.
– Bildiyimiz qədərilə, vaxtilə Kalqaridə könüllü olaraq ana dili sinfi açaraq uşaqlara Azərbaycan dilini öyrətmisiniz. Bu təşəbbüs necə yarandı? Sizcə, dil və mədəniyyətin itməsinin nəticələri nə ola bilər?
– Bəli, illər əvvəl oğlum hələ kiçik yaşlarında olanda Kalqaridə yaşayan azərbaycanlı icmasından bir neçə uşaqla birlikdə kiçik bir qrup təşkil edib, həftəlik ana dili dərsləri keçməyə başladıq. Bu təşəbbüs sırf onların birgə öyrənməsi, eyni mədəni köklərə əsaslanan bir dostluq mühiti formalaşdırması və ortaq dəyərlərlə böyüməsi arzusu ilə yarandı.
Uşaqların öz ana dillərini bilməsi mənim üçün son dərəcə önəmlidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də bir millətin tarixini, mədəniyyətini, dünyagörüşünü, düşüncə tərzini daşıyan əsas sütunlardan biridir. Məncə, ana dilini bilməyən uşaq tədricən bu kökdən, bu dəyərlərdən uzaqlaşır. O dildə yazılmış ədəbiyyatı, xalq mahnılarını, atalar sözlərini, nəsillər boyu ötürülmüş hikmətləri dərk edə bilmirsə, o zaman kimliyinin böyük bir hissəsini itirmiş olur.
Hesab edirəm ki, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz dilini, mədəniyyətini qorumaq üçün əlindən gələni etməlidir. Bu həm bizim borcumuzdur, həm də gələcək nəsillərə qoyacağımız ən qiymətli mirasdır. Mən çox sevinirəm ki, indi bu təşəbbüs daha yüksək səviyyədə həyata keçirilir. Məsələn, azərbaycanlıların ən çox cəmləşdiyi Toronto şəhərində Yeganə xanım Cəfərova azərbaycanlı balalarımıza ana dilimizin öyrədilməsi yolunda çox böyük səy göstərir və bu sahədə gözəl nailiyyətlər qazanır.
“Mənim üçün övladımla eyni dili danışmaq böyük nailiyyətdir”
– Adətən valideynləri Azərbaycanda olmayanlar ora nadir hallarda baş çəkirlər. Siz isə, deyəsən, hər il Azərbaycana gedirsiniz. Bunu təşviq edən sizinlə Kanadada yaşayan ananızdır, yoxsa vətən sizi çəkir?
– Bəli, 2022-ci ilə qədər demək olar ki, hər il vətənə səfər edirdim. Təəssüf ki, son bir neçə ildə həm iş rejimim, həm də oğlumun yay təqviminin sıxlığı buna imkan vermədi.
Bu səfərlər həm anamın hər yay vətənə getməsini müşayiət etmək, həm də oğlumu doğma mədəniyyət və dəyərlərlə birbaşa təmasda saxlamaq üçün çox önəmli idi. Oğlum uşaq yaşlarından etibarən hər yay ata-baba yurduna səyahət edib və bu, onun şəxsiyyətinin formalaşmasında, kimliyini tanımasında mühüm rol oynayıb.
Azərbaycanda artıq yaxın qohumlarımız olmasa da, mənim uşaqlığımın keçdiyi binada yaşayan qonşular ailəmiz kimidir. Onlarla birlikdə Bakının ətraf bölgələrinə etdiyimiz səfərlər oğlum üçün unudulmaz xatirələrə çevrilib. Mən uşaq vaxtı bu cür səfərləri yaşamasam da, bu, oğluma qismət olub və Azərbaycanın təbiətini, tarixini, ənənələrini görərək, hiss edərək böyüyüb.
Bu gün o, həmin səfərlərdə eşitdiyi Azərbaycan mahnılarını zümzümə edir, o yerlərlə bağlı xatirələri böyük məmuniyətlə xatırlayır. Düşünürəm ki, bu səyahətlər onun milli kimliyinin və mədəni bağlılığının formalaşmasında əvəzolunmaz rol oynayıb.
– Bir az da oğlunuzun sənət seçimi ilə bağlı danışardınız. O, hansı ixtisası seçib? Peşə seçimi zamanı sizin həkim, yaxud yoldaşınızın mühəndis olmağı ona təsir edibmi?
– Oğlum hazırda 17 yaşındadır və 11-ci sinifdə oxuyur. 2026-cı ildən etibarən mühəndislik fakültələrinə müraciət etməyi planlaşdırır. Düşünürəm ki, peşə seçimində mənim həkim olmağımın birbaşa təsiri olmayıb. Halbuki biologiya fənnində çox yüksək nəticələr göstərir və bu sahəni dərindən anlayır, amma tibb sahəsinə yönəlmək istəmir. Bu sahə onu bir qədər qorxudur.
Uşaqlıqdan LEGO konstruksiyaları qurmağa, mexanizmləri anlamağa marağı olub. Müxtəlif mexaniki qurğulara olan bu maraq illər ərzində daha da güclənib. Bu baxımdan, düşünürəm ki, atası mühəndis olduğu üçün onun peşə seçiminə daha çox təsir məhz bu istiqamətdən gəlib. Mən isə onun maraqlarına hörmətlə yanaşıram və öz istedadına uyğun sahəni seçməsini dəstəkləyirəm. Ən çox arzuladığım isə odur ki, o, seçdiyi peşəni sevsin. İstəyirəm ki, onun sadəcə bir işi yox, həqiqi mənada karyerası olsun, insanı daim inkişaf etdirən, motivasiya verən və içindən gələn bir sahədə fəaliyyət göstərsin. Sevdiyi peşədə uğur qazanmaq, bacarıqlı və məsuliyyətli olmaq isə həm onun şəxsi xoşbəxtliyinə, həm də cəmiyyətə verəcəyi töhfəyə təsir edəcək. Mən də bir valideyn olaraq onun bu yolda düzgün qərar verməsinə dəstək olmağa çalışıram.
– Kanadada keyfiyyətli şəkildə uşaq böyütmək asan deyil. Sizcə, bunun üçün əsas nələr lazımdır? Burada uşaq böyütməyin əsas çətinlikləri nələrdir?
– Fikrimcə, uşaq böyütmək hər yerdə çətin və böyük məsuliyyətdir. “Keyfiyyətli uşaq böyütmək” anlayışı isə hər bir ailə üçün fərqli şəkildə təyin olunur və bu, şəxsi dəyərlərdən və prioritetlərdən asılıdır. Şəxsən mənim üçün övladımla eyni dili – həm sözün əsl mənasında, həm də anlayış baxımından – danışa bilmək böyük nailiyyətdir. Çox şanslıyam ki, həm anam, həm yoldaşım bir komanda kimi işləmişik və hərəmiz bu prosesde öz zəhmətimizi qoymuşuq. İndi təsəvvür edin, bütün günü işdə olan valideynlər var ki, axşam bilmir xörək bişirsin, paltar yusun, uşağın dərsinə baxsın və s. Bu halda uşaqları olduqları mühit, cəmiyyət formalaşdılrır və belə bir vəziyyətdə uşağı istədiyin kimi tərbiyə etmək çətindir.
Ailə, mədəniyyət və ənənələrlə bağlı istədiyin dəyərləri ötürmək üçün əlavə vaxt, enerji və planlama tələb edir. Vətənimizdə öz-özünə baş verən bir çox şey – dilin təbii şəkildə öyrənilməsi, milli bayramların, adət-ənənələrin yaşadılması – xaricdə ancaq ailənin təşəbbüsü və fəallığı ilə mümkün olur. Bu isə valideynlərdən daha çox şüurlu səylər və imkanların aktiv şəkildə axtarılmasını tələb edir.
Bəzən deyilir ki, xaricdə uşaqlar müxtəlif mədəniyyətlərlə tanış olur və bu, onların tərbiyəsinə təsir edir. Amma mən düşünürəm ki, bu, qloballaşmaya görə artıq dünyanın hər yerində, o cümlədən Azərbaycanda da yaşanır. Sosial şəbəkələrdən, televiziyalardan indi hər şey asanlıqla əldə edilə bilər. Ona göre də yaşadığın ölkədən asılı olmayaraq, mənim üçün əsas açar öz dəyərlərinə sadiq qalmaq, nümunə olmaq, övladınla keyfiyyətli vaxt keçirmək və daim dialoqda qalmaqdır. Heç bir sual cavabsız qalmamalı, hər qadağa və ya tövsiyə arxasında məntiqli izah olmalıdır. Beləliklə, uşaq özü də həmin dəyərləri dərk edib mənimsəyəcək.
Təbii ki, hər zaman nəsillərarası fərqlər olacaq. Amma ümumi dəyərlər, qarşılıqlı hörmət, anlaşma və ailə daxilində ortaq mənəvi prinsiplərin qorunması vacibdir. Hər iki valideynin eyni dəyərlərə sadiq qalması, eyni qaydalara riayət etməsi və bir-birini dəstəkləməsi bu yolda mühüm rol oynayır. Çünki uşaqda qarışıqlıq və ikili standartlar yaranmaması üçün valideynlər arasında fikir birliyi vacibdir.
“Yalnız sevdiyiniz iş sizi xoşbəxt edə və uzunmüddətli uğura apa bilər”
– Leyla xanım, son olaraq, uğurlu olmağınızın sirri nədədir? Gənclərimizə sizin kimi karyera yolunda uğur qazanmaq üçün nə tövsiyə edərdiniz?
– Məncə, uğurun tərifi hər kəs üçün fərqlidir. Mənim üçün uğur sevdiyim işi görmək, onu mənalı, intellektual və mənəvi baxımdan zəngin hesab etməkdir. Mən hər gün işə sevinclə gedirəm, gördüyüm iş şəxsiyyətimin bir hissəsinə çevrilib. İnsanlara kömək edə bilmək, onların həyatına müsbət təsir göstərmək mənə hədsiz xoşbəxtlik gətirir. Əgər buna uğur demək mümkündürsə, o zaman mən özümü uğurlu hesab edə bilərəm.
Uğurun sirrinə gəlincə, əslində gizli bir sirr yoxdur. Əsas odur ki, insan özünü tanısın, nəyi sevdiyini və nədən ehtiras duyduğunu müəyyən etsin. Bu, uğura aparan ilk və ən vacib addımdır. Daha sonra isə yolunuza çıxacaq çətinliklərdən qorxmamaq, fürsətlərə açıq olmaq, çevik düşünmək, həm zəhmət çəkməyə, həm də uğur və uğursuzluqlarınızı analiz etməyə hazır olmaq lazımdır. Ən əsası, bütün bu yol boyunca insan olaraq qalmaq, empatiya, dürüstlük və alicənablıq prinsiplərindən heç vaxt uzaqlaşmamaqdır.
Gənclərimizə tövsiyəm budur ki, əvvəlcə özlərini kəşf etsinlər. Xarici təsirlərdən yox, daxildən gələn istəklərlə yönlənsinlər. Çünki yalnız sevdiyiniz iş sizi xoşbəxt edə və uzunmüddətli uğura apa bilər. Titullar, nailiyyətlər bir gün dəyişə bilər, amma içdən gələn məmnuniyyət və mənəvi zənginlik həmişə qalır.