Silahlı zorakılıq Kanadada ABŞ-la müqayisədə daha az baş versə də, ölkədə odlu silahla bağlı ölüm halları bir çox digər G20 ölkələrindən daha yüksəkdir.
CTV Cenevrədə yerləşən müstəqil tədqiqat layihəsi olan “Small Arms Survey”’ istinadən bildirir ki, Kanada silahla qəsdən adam öldürmə hallarının səviyyəsinə görə G20 ölkələri arasında yeddinci yerdədir; hər 100.000 nəfərə 0,9 silahlı zorakı ölüm düşür. Bu göstəriciyə görə Kanada Rusiya, Hindistan və Səudiyyə Ərəbistanını qabaqlayır.
G20 ölkələri arasında ən yüksək göstərici Meksikaya məxsusdur; hər 100.000 nəfərə 22,37 ölüm. Ondan sonra Braziliya (18,65) və ABŞ (6,74) gəlir. Yaponiya və Cənubi Koreyada hər 100.000 nəfərə sıfır ölüm halı qeydə alınıb. Çin isə 0,03 göstərici ilə onların ardınca gəlir.
Çərşənbə axşamı Britaniya Kolumbiyasının şimalında yerləşən Tumbler Ridge icmasında baş verən kütləvi atışma nəticəsində şübhəli şəxs də daxil olmaqla 9 nəfər həyatını itirib, iyirmidən çox insan yaralanıb. Bu hadisə 1989-cu ildə Montrealda baş vermiş və 14 qadının ölümü ilə nəticələnmiş École Polytechnique qətliamından sonra Kanadada ən ölümcül ikinci məktəb atışmasıdır. Belə kütləvi atışmalar tarixən Kanadada silaha nəzarət qanunlarında dəyişikliklərə səbəb olub.
Qeyd edək ki, G20 dünyanın ən böyük 19 iqtisadiyyatını, həmçinin Afrika İttifaqını və Avropa İttifaqını birləşdirən beynəlxalq forumdur.
“Small Arms Survey”in məlumatları 2021-ci ilə aiddir və milli hökumətlər, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, həmçinin Vaşinqton Universitetinin Sağlamlıq Ölçüləri və Qiymətləndirmə İnstitutunun məlumatları əsasında hazırlanıb.
Foto: Canva
















