[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada su daşqınlarına hazırdırmı? – Araşdırma

Ketrin Bakos: “Daşqınları azaltmaq yönündə kifayət qədər tədqiqat aparmışıq, amma…”

Ötən həftə Texasda baş verən və 89 nəfərin, o cümlədən yay düşərgəsində iştirak edən çoxlu sayda uşağın ölümünə səbəb olan böyük daşqın hadisəsi Kanadada da müzakirələrə səbəb olub; insanlara və düşərgə iştirakçılarına vaxtında xəbərdarlıq olunubmu və belə faciəvi itkilərin qarşısını almaq üçün daha çox iş görülə bilərdimi?

Kanada necə, bu cür ekstremal təbiət hadisələrinə hazırdırmı? CBC-nin araşdırması zamanı ekspertlər bu suala həm “bəli”, həm də “xeyr” cavabını veriblər.

“Bildiyimiz çox şey var, amma müxtəlif səbəblərdən tətbiq etmirik”

“Kanada bu baxımdan yaxşı vəziyyətdədir. Biz artıq evlər və icmalar səviyyəsində ekstremal hava risklərini, o cümlədən daşqınları azaltmaqla bağlı kifayət qədər tədqiqat aparmışıq”, – deyə Voterlo Universitetinin İqlim Dəyişmələrinə Adaptasiya üzrə Intact Mərkəzinin maliyyə və dayanıqlılıq şöbəsinin direktoru Ketrin Bakos bildirib: “Problem bu tədbirlərin tətbiq olunmamasıdır. Bildiyimiz çox şey var, amma müxtəlif səbəblərdən tətbiq etmirik”.

Kanadanın hazır olmadığı əsas sahələrdən biri budur ki, daşqın riski xəritələrinin əksəriyyəti köhnədir – bəziləri onilliklər əvvələ aiddir.

Kanada üçün daşqın hadisələri yad deyil

2013-cü ilin iyununda Kalqari şəhərində Bou çayının daşması nəticəsində baş verən daşqın 6 milyard dollar maliyyə və əmlak itkisinə səbəb oldu. Beş nəfər həyatını itirdi. Bu, Kanada tarixində ən baha başa gələn təbii fəlakətlərdən biri idi. Bir neçə həftə sonra Toronto şəhərində güclü yağış nəticəsində şəhər boyu daşqınlar oldu. Cəmi 90 dəqiqə ərzində 126 mm yağış yağdı və Don çayı daşaraq əsas yolları su altında qoydu. Çayın digər tərəfində isə bir sərnişin qatarı 7 saatdan çox müddətə su basmış relsdə qaldı. Bu hadisə şəhərə 1 milyard dollara başa gəldi.

İqlim dəyişikliyi ilə bağlı Kanadanın böyük hissəsinin daha intensiv yağıntılarla üzləşəcəyi proqnozlaşdırılır. K.Bakos bildirib ki, getdikcə daşqınlar, meşə yanğınları və ekstremal istiliklə bağlı risklər artacaq.

Yaxşı xəbər odur ki, ötən ay federal hökumət daşqın xəritələşdirmə və adaptasiya layihələrinə investisiya edəcəyini açıqlayıb.

Köhnəlmiş xəritələr

2023-cü ildə Halifaks şəhəri tarixindəki ən ağır daşqın hadisələrindən birini yaşadı. İyulun 21-də cəmi 24 saat ərzində 250 mm-dən çox yağış yağdı. Şəhərin özündə ölüm olmasa da, yaxınlıqdakı Vest Hants bölgəsində dörd nəfər həyatını itirdi və fövqəladə vəziyyət elan edildi.

K.Bakos isə əlavə edir ki, ölkə miqyasında daşqın riski xəritələrinin yenilənməsi çox vacibdir. Mütəxəssislər Kanada üzrə daşqın riski xəritələrinin orta hesabla 20-25 il köhnə olduğunu deyirlər. Təklif edirlər ki, xəritələr hazır olandan sonra su anbarları, istiqamət dəyişmə kanalları və su tutma hovuzları kimi daşqınla mübarizə sistemləri tətbiq edilsin.

Şəhər mühitinə gəldikdə isə, beton infrastrukturu (yol kənarları, səkilər və s.) yaşıl infrastrukturla (otlu sahələr, meşəliklər) tamamlanmalıdır.

Ani daşqın xəbərdarlığı sistemi yoxdur

Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tornado, şiddətli fırtına və yağıntı üçün xəbərdarlıqlar versə də, daşqın üçün xəbərdarlıq etmir. Kanadanın yeni Fırtına Laboratoriyasının direktor müavini, Vestern Universitetindən Deiv Sills deyir ki, bu, əyalətlərin səlahiyyətindədir: “Federal hökumət ani daşqın üçün xəbərdarlıq edə bilmir. Onlar bunun əvəzinə güclü yağış xəbərdarlığı verirlər”.

Bəs Kanada üçün milli daşqın xəbərdarlıq sistemi olmalıdırmı?

“Bunun baş verməsi üçün kimsə ciddi təşəbbüs göstərməlidir”, – deyə D.Sills bildirir: “Məsələn, Ontarioda hava keyfiyyəti xəbərdarlıqları federal və əyalət hökumətləri tərəfindən birgə verilir. Eyni yanaşma daşqın üçün də lazımdır. Bunu irəli aparacaq və əməkdaşlığı təmin edəcək bir şəxsə ehtiyac var”.

Foto: Torontoda  2024-cü il daşqını. OPP Highway Safety Division/X/@OPP_HSD

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp