[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadanın “Ag kənd”i  

Torontoda işləyib, daha sakit mühitdə yaşamaq istəyənlər üçün Vitbi mükəmməl seçimdir

Vitbi (Whitby) şəhəri Torontoya yaxın olduğundan bir çox torontolunun və turistlərin sevimli yeridir. Bura insanlar Ontario gölünün sahilində piknik etməyə, çimərliyə və dincəlməyə gəlirlər. İl ərzində şəhərdə keçirilən müxtəlif idman və mədəni tədbirlər də insanları bu kiçik liman şəhərinə cəlb edir. Təxminən 140.000 əhalisi olan şəhər sürətlə böyüyən və dinamik bir icma kimi tanınır. Şəhər təbii gözəlliyi, canlı mədəni mənzərəsi, yerli festivalları ilə məşhurdur.

Vitbi ərazi olaraq Durham vilayətinə daxil olsa da, həmişə Böyük Toronto Ərazisinin (GTA) bir hissəsi kimi tanınıb. Sakinlərinin çoxu hər gün işləmək üçün Torontoya gedirllər. “Vitbi, Torontoda işləyib, daha sakit və təbii bir mühitdə yaşamaq istəyənlər üçün mükəmməl bir seçimdir. İcma çox təhlükəsiz hesab olunur və cinayət nisbəti aşağıdır”, – deyə bildirilir.

Şəhərdə Vitbi Lions Promenad, Lind Şors Qoruq Sahəsi və Heber Daun Qoruq Sahəsi də daxil olmaqla çoxsaylı parklar və istirahət obyektləri mövcuddur. Bu parklar yürüyüş, velosiped sürmə, balıqçılıq və düşərgə qurmaq da daxil olmaqla geniş fəaliyyətlər təklif edir.

Bir çox insanlar isə bu əraziyə yaşayış şərtlərinin meqapolis Toronto ilə müqayisədə daha ucuz olmasına görə köçürlər.

Tarixi ticarət yolu

Vitbinin orijinal adı “Ağ kənd” deməkdir. Bu ad İngiltərənin Yorkshire şəhərindəki məşhur “Vitbi” limanının şərəfinə verilib. Şəhər ümumilikdə ingilis icması tərəfindən salınıb.

Üstəlik, Ontario gölünün sahilində yerləşməsi tarixən şəhəri vacib ticarət limanlarından birinə çevirib. 1800-ci illərdən ilk avropalılar burada məskunlaşmağa başlayıb. 1855-ci ildə Vitbi rəsmi şəhər statusu alıb. Dəmiryol xətti şəhəri Montreal və Toronto ilə birləşdirib. Ticarət əlaqələri Vitbinin inkişafına təkan verib. Taxıl və kənd təsərrüfatı məhsulları əsasən bu marşrut üzrə daşınıb. Zaman-zaman bu şəhər məmurları, hüquqşünasları və memarları cəlb edib. 1875-ci ildə şəhərdə ilk qadın kollecinin yaranması diqqəti təhsil mərkəzi kimi bu şəhərə yönəldib. Vitbi Ontario qraflığının administrativ mərkəzi seçilib.

Birinci Dünya müharibəsi zamanı şəhər gizli agent təhsil düşərgəsinin – Camp X-ın yerləşdiyi məkan olub. Hazırda düşərgə bağlansa da, onun irsi şəhərin turistik brendində mühüm rol oynayır.

Vitbinin ən məşhur görməli yerlərindən biri Vitbi Limanıdır. Limanda marina, yaxt klubu və bir neçə restoran və kafe var. Liman həmçinin sakinlər və turistlər üçün məşhur bir yerdir, xüsusən də axşamlar işıqlar sudan əks olunanda bu əsrarəngiz mənzərəni seyr etməyə gələnlərin sayı çoxalır.

İlk qədim ev

Vitbiyə səfərim zamanı yerli sakinlər şəhəri tanımağıma yaxından yardımçı oldular. Bu şəhərin turizmi demək olar ki, ərazidə tikilən ilk qədim evdən – Lynde House Museum-dən idarə olunur. Hazırda muzey kimi fəaliyyət göstərən ev Vitbi turizminin tanınmasında mühüm rol oynayır.

“Lynde House” təkcə Vitbidə deyil, Durham bölgəsindəki ən qədim evdir.

“Lynde ailəsi əraziyə ilk köçənlərdən biri idi. Onlar evdə səkkiz uşaq böyüdüblər. Ailənin üzvləri 1893-cü ilə qədər orada yaşayıblar”- deyə muzeyin əməkdaşı məlumat verir. “Lynde ailəsi Birinci Dünya müharibəsi zamanı evlərini Britaniya ordusunun təchizat anbarı kimi açıb. Tanınmış ziyarətçilərdən biri general İsaak Brok idi. Lynde Evi iki dəfə köçürülüb. Əvvəlcə 1986-cı ildə orijinal yerindən Kullen Gardens-ə, 2013-cü ildə isə 900 Brock Street South ünvanındakı daimi evinə köçürülüb. Minlərlə insan evin köçürülməsini görmək üçün küçələrdə düzülüb”.

Bu gün Vitbi Tarix Cəmiyyəti həftənin beş günü turlar üçün açıq olan muzeyi idarə edir.

Muzeydə evin arxasında yerləşən Klarissa Lindenin İrs Mətbəx Bağında yeddi bağ sahəsi var. Burada dərman bitkiləri, otlar, tərəvəzlər, dekorativ və boya hazırlamaq üçün bitkilər nümayiş etdirilir. Məhsullar payızda könüllülər tərəfindən yığılır və təhsil məqsədləri üçün istifadə olunur və ya bağışlanır. İrs Mətbəx Bağı insanlara bitkilər və onların istifadəsi haqqında məlumat verir və muzey ərazisini gözəlləşdirir.

Öyrənirəm ki, Vitbinin səhiyyə, təhsil, istehsal və texnologiya da daxil olmaqla müxtəlif sənaye sahələrinə malik müxtəlif iqtisadiyyatı var. Şəhərdə Durham Kolleci və Ontario Texniki Universiteti də daxil olmaqla bir çox qabaqcıl məktəb və təhsil müəssisələri yerləşir. Səhiyyə sektoru da əhəmiyyətlidir: Lakeridge Sağlamlıq Mərkəzi şəhərin ən böyük tibb müəssisəsidir ki, burada ətraf şəhərlərdən də işləyənlər var.

Klassik, neoqotik, italyan tərzi

Şəhər arxitektorların diqqətini cəlb etdiyindən Vitbidə müxtəlif memarlıq üslubları bir-birinə qarışıb. İndi bu şəhərdə klassik, neoqotik üslublu tikililər, Viktoriya dövrünün kərpic evləri, taxta verandalı evlər, müasir komplekslər, italyan tərzində tikililər adama xoş gəlir. 1858-ci ildə tikilən Trafalqar qalası, ilk hospital binasi da qədim memarlıq nümunələri kimi diqqəti cəlb edir.

Vitbi bir neçə fərqli məhəlləyə bölünür və hər biri özünəməxsus xarakteri və cazibəsi ilə seçilir. Şəhər mərkəzi tarixi memarlığı, dəbli mağazaları və müxtəlif restoranları ilə tanınır.

Ev-alqı satqısı mərkəzinin şüşələrinə vurulan qiymətlər isə o qədər ucuz deyil: Vitbi şəhər mərkəzində orta ev qiyməti təxminən 700.000 Kanada dollarıdır. Bəzi daha böyük evlərin qiyməti isə 1 milyon dollardan bahadır.

İşıq çirklənməsi və marşrut azlığı

Vitbi gözəl təbiəti, təhlükəsiz həyat şəraiti ilə yanaşı işıq çirklənməsinə məruz qalıb. Şəhərin Torontoya yaxınlığı və böyüyən şəhərətrafı icma kimi statusu ərazidə işıq çirklənməsinin yüksək səviyyəsinə səbəb olur. İşıq çirklənməsi ərazinin təbii gözəlliyini poza bilsə də, onun təsirini azaltmaq üçün addımlar atılır. Bundan əlavə, insanlar istifadə edilmədikdə işıqları söndürməklə və yaxınlıqdakı küçə işıqlarından gələn işığı qarşısını almaq üçün pərdələrdən və ya jalüzlərdən istifadə etməklə öz işıq çirklənməsini azaltmaq üçün çalışırlar.

Torontodan Vitbiyə müntəzəm GO Train xidməti və avtobusları işləyir. Ancaq Vitbiyə səfər zamanı marşrutun müntəzəm olmaması ilə bağlı çətinlik var. Finch avtobus stansiyasından yola düşən marşrutlar iki saatdan bir işləyir. Vitbidən qayıdan sonuncu avtobus isə saat 18.00 üçün nəzərdə tutulub. Qatar marşrutları arasında da saat fərqi böyükdür. Əgər təsadüfi yolçu qrafikdən xəbərdar olmasa, yolda qala və çətinliklə üzləşə bilər. Bəxtimdən avtobusun sürücüsü qrafiklə bağlı məni xəbərdar etdiyindən sonuncu marşrutu vaxtında tuta bildim. Özümlə isə kiçik və tarixi şəhərin unudulmayacaq xoş xatirələrini apardım…

Təranə Məhərrəmova

Bakı-Vitbi-Bakı

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar