Burada keçmişlə gələcək yanaşı yaşayır
hətta dilənçilər belə boyunlarından asdığı QR-kodları uzadır, yardım etmək istəyənlər ödənişi “Alipay”lə həyata keçirirlər.
Təyyarə Pekin Beynəlxalq Hava Limanına enərkən pəncərədən seyr etdiyim sayrışan rəngbərəng işıqların mənzərəsi ilk baxışdan dünyanın digər böyük şəhərlərindən elə də fərqlənmir. Ancaq terminaldan çıxan kimi tamam fərqli – öz qaydaları, öz ritmi və öz dünyası olan bir ölkə ilə üz-üzə qaldığını hiss edirsən. Və bir az sonra anlayırsan ki, həqiqətən də bu ölkəyə səfər edərkən bütün səyahət tarixçəni yenidən başlamalısan…
Uzaq və əlçatmaz olmayan ölkə
Azərbaycanla Çin arasında vizasız rejimin tətbiqi iki ölkə arasındakı əlaqələri xeyli canlandırıb. AZAL-ın birbaşa uçuşları isə 7 saatlıq məsafəni sanki “yaxınlaşdırıb”. Pekinə səfərimiz zamanı təyyarə salonunda biznes, təhsil və ticarət məqsədilə uçan sərnişinlərin çoxluğu da bunun sübutu idi: Çin artıq azərbaycanlılar üçün uzaq və əlçatmaz ölkə deyil. Turist kimi gedənlərin axını hələ çox olmasa da fərqli təcrübə axtaran insanlar bu məsafəni həvəslə qət edir. Səyahətçilərin təcrübəsinə görə, yemək və nəqliyyatın, gündəlik xərclərin nisbətən ucuzluğu, Böyük Çin Səddi, “Qadağan şəhər”, “Cənnət məbədi”, “Tiananmen Meydanı” kimi min illik tarixi olan yerlərin çoxluğu, üstəlik təhlükəsiz ölkə olması indi dünya turistlərini bu istiqamətə cəlb edir.
Ancaq digər turistik məkanlarla müqayisədə bu nəhəng ölkəyə səyahət edərkən öncədən texniki hazırlıqlar lazım gəlir. İlk növbədə təhlükəsizlik məqsədi ilə internet məhdudiyyətləri olduğundan elə Bakıda eSim, VPN tətbiqləri yükləməli, ya rouming açmalı və ya yerli internet paketi almalısan. Əks halda, burada dünyanın böyük hissəsində gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş Google, Gmail, YouTube, Instagram və digər beynəlxalq platformalardan məhrum olacaqsan. “Alipay” tətbiqinə yüklədiyimiz bank kartları isə səfər boyunca ödəniş etmək, “Google tərcümə” yerlilərlə dil tapmaq, “Maps me” proqramı möcüzəli görünən ölkəyə bələdçilikdə yol yoldaşımız oldu…
Hava limanından başlayan təcrübə
Beləliklə, elə hava limanının içərisində ilk texnoloji təcrübəmiz başlayır. Pekində taksi sifariş etməyin müəyyən çətinlikləri var. Hərçənd əlində çemodan görən kimi yaxınlaşıb qiyməti birə beş qaldıran taksi sürücüləri də az deyil. Amma rəsmi taksilər xeyli ucuz olduğundan “Alipay” tətbiqi üzərindən “Didi” proqramı ilə taksi sifariş edirik. Sistem yerləşdiyimiz nöqtənin fotosunu yükləməyi tələb edir. Bir neçə dəqiqə sonra sürücü o böyük izdihamın içərisindən bizi özü axtarıb tapır. Hotelə çatanda isə nağd yuan (Çin pulu) götürməkdən imtina edir: ödəniş “Alipay”lə olmalıdır.
Robotlar, dilənçilər, dil baryeri
Çin qədim tarixi ilə fəxr edən, eyni zamanda texnologiyanın imkanlarından maksimum istifadə edən ölkədir. Burada minillik tarixin, imperator saraylarının kölgəsində robotlar işləyir, qədim çay mərasimləri ilə yanaşı süni intellekt həlləri tətbiq olunur. Bir tərəfdə əsrlər boyu yaşayan məbədlər, digər tərəfdə isə şüşədən və metaldan inşa edilmiş futuristik göydələnlər yüksəlir.
Şəhərin başqa bir siması isə qədim hutonqlarda üzə çıxır: dar küçələr, bir mərtəbəli evlər, həyətlərdə qurudulan paltarlar, nizamsızlıq, küçədə majong oynayan yaşlılar və çay süfrəsi arxasında söhbət edən yerlilər burada tamam başqa Pekinin ab-havasını yaradır.
İnsanlar alış-veriş, ödəniş və digər gündəlik əməliyyatları mobil telefon vasitəsilə həyata keçirir. Bu ölkədə texnologiyalar həyatın bütün sahələrinə nüfuz edib. Hətta hotellərdə belə insanları robotlar əvəz etməyə başlayıb. Yaşadığımız hotellərin birində sifariş olunan su və digər ərzağı otaqlara robotun aparması bizi nə qədər heyrətləndirsə də təkcə dünyanın texnologiya ilə idarə olunmasının reallığına yox, həm də əmək bazarında insanları əvəz edəcəyinə daha da inandırır: robotlar liftə minir, salamlaşır, lazımi mərtəbəyə qalxır, qapının qarşısında dayanaraq telefona zəng edir, sifarişin çatdırıldığını bildirir və yenidən öz yerlərinə qayıdırlar. Bir neçə il əvvəl fantastik görünən bu mənzərə artıq Çində adi həyatın bir hissəsinə çevrilib.
Texnologiyanın gündəlik həyata nə qədər nüfuz etdiyini göstərən başqa bir mənzərə isə izdihamlı küçələrdə qarşımıza çıxır: nağd pulun istifadəsinin minimuma endiyi ölkədə hətta dilənçilər belə boyunlarından asdığı QR-kodları uzadır, yardım etmək istəyənlər ödənişi “Alipay”lə həyata keçirirlər.
Çində insanı təəccübləndirən başqa bir məqam dil baryeridir. Dünyanın ikinci ən böyük iqtisadiyyatında ingilis dilini bilənlərin sayı gözlənildiyindən xeyli azdır. Bəzən sadə bir ünvanı soruşmaq belə çətinləşir. Belə hallarda işarə dili və tərcümə proqramları köməyə gəlir. Çinlilər ümumiyyətlə, turistlərlə uzun söhbətlər etməyə meyilli görünmürlər. Hər kəs öz işi və öz dünyası ilə məşğuldur, çalışqan olduqlarından daim tələsirlər. Zəhmət vərdişi və məsuliyyət onlara ta məktəbdən aşılanır. Pekin və Şanxay kimi böyük şəhərlərdə gənclər nisbətən açıq və ünsiyyətcildirlər.
Çinlilərin sosial vəziyyətini banklardakı hesablarına görə bilmək olur
İnsanların hədsiz sadə geyimi paytaxt şəhərin genişliyi və parlaqlığı içərisində xeyli nimdaş təsir bağışlayır. Uzun müddət Çində yaşayan dostlardan biri təcrübəsinə rəğmən: “Çinlilərin sosial vəziyyətini yalnız banklardakı hesabları və yaşadıqları ərazilərə görə müəyyən etmək olur. Onların ilk baxışdan yaşlarını müəyyən etmək çətin olduğu kimi xarakterlərini də ayırd eləmək çətindir. Laqeyd, qaraqabaq görünsələr də, əslində mehriban və ünsiyyətçildirlər. Onların hətta bir neçə nəsli əhatə edən güclü ailə bağları var. Çinlilər qruplarla səyahət etməyi, bayram keçirməyi, ənənələri qeyd etməyi xoşlayırlar”.
Parklarda səhər tezdən xüsusən yaşlı insanların tai-çi, rəqs və ya idmanla məşğul olması vərdişi geniş yayılıb. Bəzən tək halda, bəzən qrup şəklində rəqs və idman edirlər. Bu onlar üçün təkcə meditasiya deyil, həm də dost-tanışla ünsiyyət, sosiallaşmadır. Bu insanlarla metrodakı telefon ekranlarına dalmış gənclər eyni şəhərin iki fərqli simasını nümayiş etdirirlər.
Gələcəyin şəhəri
Çinlə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq sazişinə görə tələbə mübadləsi ildən-ilə genişlənir. Pekin, Şanxay və digər böyük şəhərlərin ali məktəblərində azərbaycanlı tələbələr təhsil alır. Ölkədəki keyfiyyətli təhsil, təqaüd və gələcək karyera imkanları gəncləri cəlb edir. Təsadüfən orta təhsilin son pillələrini Pekin Beynəlxalq Məktəbində alan gənclərlə tanışlığımız ölkədəki təhsilin özəlliyi haqqında məlumat qazandırdı: “Çin universitetləri xüsusilə texnologiya, mühəndislik və tibb sahəsində güclüdür. Praktiki bilik və müasir laboratoriyalar var. Çin hökuməti çoxlu tam və yarım təqaüdlər verir. Təhsil, yataqxana, bəzən aylıq xərclik belə qarşılanır. Çin dünyada ən çox təqaüd verən ölkələrdən biridir. Biz orta məktəbdən sonra ali təhsili də burada almaq, iş imkanlarından istifadə etmək niyyətindəyik. Bura gələcəyin ölkəsidir”.
Məhsul ucuz, seçim çox…
Çin istehsal ölkəsidir. Azərbaycanlı ticarətçilərin illərdir kütləvi ticarət üçün üz tutduqları ölkəyə bu gün axın daha da artıb. Elə bizimlə təyyarə salonunda olan orta yaşlı kişilər bildirdilər ki, bizimkilər daha çox xırda məhsulların ən böyük bazarı olan Yivu, geyim və topdan satış malları ilə məşhur olan Guangzhou, elektronika və texnologiya şəhəri olan Shenzhenə gedirlər. Çindən Azərbaycana karqo sistemlərinin oturuşması, malların konteyner və hava yolu ilə göndərilməsi onlara sərf edir: “Hər üç aydan bir Çinə gedirik. Vasitəçilər olmadan fabriklə əlaqə qurmaq olur, qiymət aşağı düşür, öz brendini yaratmaq imkanı var. Çində məhsul ucuz, seçim çoxdur və düzgün işləsən, yaxşı qazanc etmək mümkündür”.
Saat kimi qurulan sistem
Pekində diqqət çəkən əsas məqamlardan biri də nəqliyyat infrastrukturudur. Şəhərin küçələri və prospektləri olduqca genişdir. Çoxzolaqlı magistrallar, mürəkkəb yol qovşaqları, müasir körpülər və yüksək sürətli nəqliyyat sistemi milyonlarla insanın hərəkətini tənzimləyir. Metro şəbəkəsi şəhərin demək olar ki, bütün hissələrini əhatə edir. Sürətli qatarlar, avtobuslar, taksilər vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi işləyir.
Pekində velosiped və motosikillərin sayı bəzən avtomobillərlə rəqabət aparır. Demək olar ki, bütün əsas küçələrdə onlar üçün ayrıca zolaqlar ayrılıb.
1.4 milyardlıq əhalini idarə edən nəqliyyat və yol sistemi ölkədə saat dəqiqliyi ilə qurulub.
Bununla belə, pik saatlarda tıxaclara da rast gəlinir. Xüsusilə Pekin, Şanxay kimi nəhəng şəhərlərdə milyonlarla avtomobil hərəkət edir və pik saatlarda yollar çox yüklənir. Buna görə bəzi şəhərlərdə nömrə məhdudiyyətləri, lotereya sistemi və digər nəqliyyat tədbirləri tətbiq olunur. Maraqlı məqam odur ki, tıxacların olmasına baxmayaraq, Çin avtomobil istehsalını azaltmır. Ölkə hazırda dünyanın ən böyük avtomobil bazarına malikdir və ən böyük avtomobil istehsalçılarından biridir. Son illərdə xüsusilə elektrik avtomobillərinin istehsalında qlobal liderə çevrilib, daxili tələbatla yanaşı, xarici bazarları da təmin edir. Əsas səbəblər aşağı qiymət, “qiymətə görə dəyər” və texnologiyadır. Azərbaycanda da Çin avtomabillərinə böyük maraq var.
Doğru olmayan streotiplər
Çin haqqında ən çox eşitdiyimiz stereotiplərdən biri yeməklərlə bağlıdır. Səfərdən əvvəl “orada yeməyə heç nə tapa bilməyəcəksiniz” deyənlər çox olsa da, Çin mətbəxi son dərəcə zəngin və rəngarəngdir. Əsas qida məhsulu olan ağ, qara, sarı və qəhvəyi düyü ilə yanaşı tərəvəzlər, dəniz məhsulları, ət və balıq növləri və müxtəlif bişirmə üsulları hər zövqə uyğun seçim imkanı yaradır. “Pekin ördəyi” isə şəhərin kulinariya simvolu hesab olunur.
Çin həm də çayın vətəni sayılır. Beş min il əvvəl yaranan çay bu gün də ölkənin ən mühüm mədəni simvollarından biridir. Ənənəvi çay mərasimləri zamanı hər detalın xüsusi mənası var.
Pekində alış-veriş edərkən də bir çox stereotiplərin doğru olmadığını müşahidə etdik. Uzun illər “ucuz Çin malı” anlayışı ilə tanınan ölkədə istehsal keyfiyyətinin yüksəlməsi nəticəsində yaxşı məhsul axtaranlar üçün seçim imkanları olduqca genişdir. Böyük ticarət mərkəzlərində dünya brendləri ilə yanaşı, bahalı və çeşidli Çin markaları satılır.
Pekində olarkən yaddaşımda qalan ən güclü təəssürat isə budur: burada keçmişlə gələcək eyni şəhərdə və eyni həyatın içində yanaşı yaşayır…
Təranə Məhərrəmova
Pekin-Bakı