“Hazırda ümumilikdə həyatınızdan nə dərəcədə razısınız?”. Kanada Statistika Komitəsinin ötən il keçirdiyi rüblük həyat məmnunluğu sorğusunda iştirakçılara verilən suallardan biri bu olub.
Sorğunun nəticələrinə görə, 2025-ci ilin ikinci rübündə kanadalıların 46.1 faizi həyatlarından yüksək səviyyədə razı olduqlarını bildirib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artıb.
Respondentlərdən suala 0-dan 10-a qədər şkala üzrə cavab vermələri istənilib. Burada 0 “çox narazı”, 10 isə “çox razı” mənasını verib. 8, 9 və 10 cavabları “yüksək həyat məmnunluğu” kimi qiymətləndirilib.
Qurum nəticələri əyalətlər üzrə də təhlil edib. Araşdırmaya görə, həyat məmnunluğunun ən yüksək olduğu əyalət Kvebek, ən aşağı olduğu əyalət isə Alberta olub.
Kvebekdə respondentlərin 57.3 faizi həyatlarından yüksək səviyyədə razı olduqlarını bildirib. Cəmi 14.8 faiz isə həyat məmnunluğu şkalasında 0-5 arası cavab verib.
Albertada isə həyatından narazı olduğunu bildirənlərin faizi xeyli yüksək – 29.1 faiz olub. Sorğuda iştirak edən alberta sakinlərinin yalnız 38.1 faizi yüksək həyat məmnunluğu yaşadıqlarını deyib.
Albertadan sonra ən aşağı göstərici Ontarioda qeydə alınıb. Burada respondentlərin 42 faizi həyatlarından yüksək səviyyədə razı olduqlarını bildirib. Ontarioluların 25.5 faizi isə 0–5 arası cavab verib.
Statistika Komitəsinin məlumatına görə, Kvebekdən sonra ən yüksək həyat məmnunluğu göstəricisi Nyu-Brunsvikdə qeydə alınıb – 53.4 faiz.
Sorğu nəticələri yaş qrupları üzrə də təhlil edilib. Milli statistika qurumu müəyyən edib ki, 75 və bu yaşın üzərində olanların 64 faizi həyatlarından yüksək səviyyədə razıdır. 25-34 yaş arası şəxslərdə isə bu göstərici cəmi 32.7 faiz olub.
Statistika Komitəsi qeyd edir ki, bu iki yaş qrupu arasında yaş artdıqca həyat məmnunluğu səviyyəsi də tədricən yüksəlib.
Eyni zamanda, 15-24 yaş arası kanadalıların 46 faizi yüksək həyat məmnunluğu hiss etdiklərini bildirib.