Təranə Məhərrəmova: “Kanadanın sonsuza qədər uzanan parklarına, yaşıllığına vuruldum”
Turist kimi 50-dən çox ölkədə, 100-dən çox şəhərdə olub. Hər il ən azı 5 ölkəyə səyahət edir. 9 il qabaq viza aldığı Kanadaya isə bu ilin payızında səfər etmək qismət olub. Kanada 2025-ci ildə səyahət etdiyi 7-ci yeni ölkə kimi səyahət tarixçəsinə yazılıb. Müsahibimiz Əməkdar jurnalist, “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmovadır. T.Məhərrəmova ilə Kanadada turist gözü ilə gördükləri və müşahidə etdikləri barədə danışmışıq…
“Uşaqlıqdan hokkey həvəskarı olmuşam”
– 50-dən çox ölkə gəzmisiniz. Kanada bu siyahıda hansı xüsusiyyətləri ilə seçildi?
– Mənim üçün Kanadanı digər ölkələrdən fərqləndirən əsas xüsusiyyət bu ölkəni uşaqlıqdan görmək arzum idi. Ona görə də gəzdiyim ölkələr siyahısında Kanadanı birinci yerə qoyardım. Uşaqlıqdan hokkey həvəskarı olmuşam. Ailəlikcə – atam və qardaşlarımla bərabər televizorda hokkey oyunlarına baxardıq, qardaşlarımla və qonşu uşaqlarla həyətimizdə hokkey oynayardıq. Mən həmişə qapıçı olardım. O zaman SSRİ yığması Kanada yığması ilə oynayardı. Bu iki komanda arasında dünya çempionatının çox maraqlı və gərgin oyunlarını maraqla izləyərdik. Kanada milli komandası geyimlərinin üzərindəki ağcaqayın yarpağı ilə o qədər əzəmətli görünürdü ki… Bu ölkəyə sevgim bəlkə bu oyunlardan yaranıb. Məhz buna görə Kanadaya getdiyim ilk günlərdə Torontodakı “Hokkey Şöhrət Muzeyi”ni ziyarət etdim. Muzeydə vaxtilə ekranlardan izlədiyim əfsanəvi oyunçular – Tretyak, Larionov, Fetisov, Moqilnı, Fyodrov, Mario Lemye, Ueyn Qretski və b. hokkeyçilərin geyim əşyalarını görüncə əsil nostalji yaşadım. Ekrandan nümayiş olunan oyunlardan fraqmentləri də maraqla izlədim. Bu muzey məni uşaqlığıma qaytardı. Milli Hokkey Liqasının “Toronto Maple Leaf”s – Detroit Red Wings” arasında keçirilən oyununu nəhəng Scotia Bank Arenada canlı izləməyim isə mənim üçün heç vaxt unutmayacağım bir xatirə oldu. Onu da deyim ki, 9 il əvvəl Kanadaya 10 illik viza almağıma baxmayaraq, müxtəlif səbəblərdən gedə bilmirdim. Bəlkə də uzaqlıq bir az tərəddüdlərimə səbəb olurdu. Taleh Kanada səfərimi mənə 2025-ci ildə qismət elədi. Tarix, mədəniyyət baxımından çox zəngin ölkələrdə, region, coğrafiya baxımından yaxın və uzaq ölkələrdə olmuşam, adətlərimizin oxşadığı və tamamilə fərqləndiyi ölkələri gəzmişəm. Kanada bunların içərisində tamam fərqli bir coğrafiyadır. Orada ən çox bəyəndiyim xüsusiyyət insanlarının həqiqətən tolerant olmasıdır. Həmişə gülümsəyirlər, xırda bir şeydən ötrü “sorry” deyirlər və kömək etməyi sevirlər. Şəhərlərdə gəzərkən gedəcəyim ünvanları, istiqamətləri yolda rastıma çıxan insanlardan soruşurdum, elələri olurdu ki, yollarından qalıb müəyyən məsafə qət etməklə məni həmin ünvana aparırdılar. Bu baxımdan kanadalıların mehribanlıqlarına, hədsiz dərəcədə nəzakətli olmalarına vuruldum. Diqqətimi çəkən başqa bir məqam ölkənin hədsiz dərəcədə multikultural olmasıdır, bütün millətlərin qarışığına rast gəldim.
Geniş yollar, ucu-bucağı görünməyən parklar, parklarda dələlərin qaçışması…
– Bir turist üçün hansısa ölkədə 3 həftə qalmaq bəlkə darıxdırıcı ola bilər…Darıxmadınız ki?
– Köhnə həmkarlarımı gördüm, dostlarımın əhatəsində oldum və sosial şəbəkələrdən tanıdığım insanlarla yaxından tanışlıq imkanı yarandı. Orada demək olar ki, qəribsəmədim. Həmişə müxtəlif ölkələrə səyahət etsəm də, arzumun olmasına baxmayaraq, nədənsə Kanadaya getməyə tərəddüd edirdim, çox uzaq və böyük ölkədir. Amma orada olduğum müddətdə mənə elə gəldi ki, illərdir bu insanların əhatəsindəyəm. Bu baxımdan, heç bir sıxıntı keçirmədim, özümü olduqca rahat hiss etdim və çox zəngin təəssüratlarla Azərbaycana qayıtdım. Onu da qeyd edim ki, Cənubi Azərbaycandan olan insanların əhatəsində olmaq mənə xüsusi zövq verdi və onlardan aldığım istiliyi, doğmalığı da özümlə Azərbaycana gətirdim.
– Bəs Kanadada sizi təəccübləndirən nə oldu?
– Hədsiz dərəcədə geniş, bitməyən yollar, ucu-bucağı görünməyən parklar, parklardakı göllər, çaylar, küçələrdə, parklarda dələlərin insanlardan qorxmadan qaçışması, Kanada qazlarının parklarda sürü ilə gəzməsi, rəngli payız, ağcaqayın ağaclarının sarı, qırmızı yarpaqları. Bunlar məni həm təəccübləndiridi, həm də çox xoşuma gəldi. Bütün bunlara ölkədə rahatlıq, azadlıq prizmasından yanaşdım. Sonsuza qədər uzanan parklarına, yaşıllığına vuruldum. Təəssüf ki, bizim ölkəmizdə insanların asudə vaxtlarını keçirməsi üçün elə parklar yoxdur. Təbiət də burada rol oynayır. Təbiəti çox möcüzəvidir və insanlar da o möcüzəni qoruyub saxlayır. Şəhər içərisindəki meşələrdə oldum və küləyin yıxdığı, yaxud çürüyüb yıxılan ağaclar yerdəcə olduğu kimi qalırdı. İnsanlar orada vəhşi təbiətə toxunmamağa çalışırlar.
Montrealda insanlar daha kübar, dəbli, Avropa tərzində geyinirlər
– Kanadada kiçik şəhərlərlə yanaşı, Toronto, Montreal və Ottava kimi böyük şəhərlərə də səfər etdiniz. Bu şəhərlər ayrı-ayrılıqda sizdə hansı təəssüratı yaratdı?
– Toronto daha çox hədsiz dərəcədə böyük olması və müxtəlif ölkələrdən olan immiqrantları ilə gözə çarpır. Orada insanlar daha çox rahat geyimə üstünlük verirlər, hətta Pakistandan, Hindistandan gələn immiqrantlar öz milli geyimlərində küçələrdə gəzirdilər.
Ottava isə daha çox inzibati şəhərdir, mənə Ankaranı xatırlatdı, ciddi görkəmi var, insanlar əsasən rəsmi, işgüzar geyimdə idi.
Montreal mənə Avropanı xatırlatdı. Özümü Fransada hiss etdim – həm dil baxımından, həm də insanlarının geyim tərzi, davranışı baxımından. Orada kişilər, qadınlar bir qədər daha kübar, dəbli, Avropa tərzində geyinirlər. Çox nəzakətli idilər. Nəsə soruşanda dəstək göstərirdilər. Hətta məni ictimai nəqliyyatda öz kartı ilə məni keçirən insana, yolu soruşarkən uzun məsafəni qət edib məni getmək istədiyim ünvana çatdıran insanlara rast gəldim. Bir də əsasən fransız dilində danışırdılar, çoxu ingilis dilini bilmirdi. Məni ispanlara oxşadıb ispanca danışanlar da olurdu.
Narkotik istifadəçiləri, evsiz insanlar, yamaqlı yollar…
– Bəs peşəkar turist kimi, sizcə, Kanadada turizm baxımından nələr daha yaxşı təşkil olunub, nələri isə təkmilləşdirmək lazımdır?
– Düşünürəm ki, nəqliyyat sistemində təkmilləşməyə ehtiyac var. Məsələn, Torontoda yaxınlıqdakı şəhərlərə çox az marşrut işləyir. Amma Ottavadan fərqli olaraq, Toronto və Montrealda ictimai nəqliyyatda bank kartıyla ödəmənin olmasını çox bəyəndim. Metrostansiyalarının çox köhnə, təmirsiz, yolların yamaqlı, çala-çuxurlu olması da diqqətimi çəkdi. Düşündüm ki, inkişaf etmiş bir
ölkənin metro stansiyası, yolları belə nimdaş, baxımsız olmamalıdır. Bundan başqa, küçələrdə hədsiz dərəcədə çox evsiz insanlar gördüm. Bu, mənə qəribə gəldi. İnkişaf etmiş ölkələrdə sırlamada inkişaf, həyat səviyyəsinə görə ilk onluğa daxil olan bir ölkədə bu qədər evsiz, küçədə yaşayan insanların olmasının səbəbini anlaya bilmədim. Xoşlamadığım başqa məqam narkotik maddələrin açıq satışda olması oldu. Qarşıma tez-tez narkotik maddələrin satıldığı mağazalar çıxırdı. Küçələrdən mütəmadi olaraq narkotik qoxusunun gəlməsi də bir turist kimi məni narahat edirdi. İnsanlar həmin qoxu ilə ictimai nəqliyyatdan istifadə edirlər. Kanadanın ən böyük şəhəri olan Toronto təhlükəsiz şəhər hesab olunur. Amma məncə, narkotik istifadəçilərinin çoxluğu təhlükəsizliyə tam zəmanət vermir. Müşahidə etdim ki, məhz narkotik istifadəçiləri, evsizlər çox olduğu üçün insanlar məktəb yaşlı övladlarına görə əndişələnir, uşaqlarını məktəbə tək getməyə qoymurlar. Parklarda, küçələrdə, ictimai nəqliyyatda narkotik istifadəçilərinin rahat gəzməsi bir turist kimi məni narahat etdi və özümü bəzən təhlükədə hiss etdiyim anlar da oldu.
İnsanların əksəriyyəti kirayədə yaşayır
– Yəqin ki, ərzaq, geyim mağazalarına da baş çəkdiniz. Qiymətlər necə idi?
– Azərbaycanla müqayisədə bahadır. Ümumiyyətlə, Kanada bahalı ölkədir. Məsələn, Torontoda ictimai nəqliyyatda biletin qiyməti 3.30 dollardır, Ottavada 4 dollardan çoxdur. Düzdür, bu məbləğlə 2 saat ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə edə bilərsən, amma bütün hallarda Azərbaycanla müqayisədə bahadır. Ərzaq məhsulları da o qədər ucuz deyildi, meyvə-tərəvəz nisbətən ucuz idi. Bir də geyim mağazalarında diqqətimi çəkən məqam aldığın hər bir məhsulun üzərinə 13 faiz əlavə verginin qoyulmasıdır. Düzdür, ərzaq məhsullarının əksəriyyətinə şamil olunmur, amma istənilən mağazadan aldığın hər bir məhsulun, hətta xidmətlərin üzərinə belə vergi əlavə edilir. Məsələn, mağazadan 100 dollarlıq alış-veriş edəndə kassada üzərinə 13 dollar əlavə ödəniş edirsən. Ümumiyyətlə, kanadalılarla söhbətim zamanı bəlli oldu ki, onları ən çox narahat edən məqamlardan biri yüksək vergi ödəmələridir. Bu da eşitdiyim qədər yaşayışı dözülməz edir. Bir də orada müşahidə etdiyim digər narahatedici məqam insanların əksəriyyətinin kirayədə yaşamasıdır. Ev almaq əlçatmazdır, orta aylıq əməkhaqqı ilə bu, mümkün deyil. Əksəriyyət kirayədə qaldığı üçün kirayə ev bazarına tələbat böyükdür və buna görə də kirayə haqları da çox bahadır. Məsələn, iki otaqlı evlər Torontoda 2200 dollardan yuxarıdır. Maaşın böyük hissəsi kirayəyə gedir. Bir də son illər Kanadada iş tapmağın çətin olduğu barədə tez-tez eşidirdim. İmmiqrantların sayı çoxaldığı üçün əmək bazarında böyük rəqabət var.
“Kanadadan doymadım”
– İnsan bəzən bir dəfə getdiyi ölkəyə bir daha getmək istəyir. Amma elə ölkələr var ki, bir də ayaq basmaq istəmirsən. Bu baxımdan Kanada hansı sıradadır?
– Doğrusu, Kanadadan doymadım. Bizə coğrafiya dərslərindən tanış olan Niaqara şəlaləsinə getdim, onun gurultusunu eşitdim, gözəlliyinə tamaşa etdim, o zövqü duydum. Onun yaxınlığından Amerikaya da boylandım. İnşallah növbəti səfərələrimdən biri Amerikaya olar. Amma dediyim kimi, Kanadadan doymadım. Alberta əyalətinə, Vankuyver şəhərinə getmək, Kanadanın qışının gözəlliklərini də görmək istəyərəm. Düşünürəm ki, bir gün o ölkəyə yenə dönəcəm.
– Yeri gəlmişkən, siz Beynəlxalq Turizm Filmləri Festivalına münsif seçilmisiniz. Bu nüfuzlu təşkilatda təmsil olunmağınız yəqin ki, bu sferada bilgilərinizi də xeyli zənginləşdirib…
– Artıq ikinci ildir ki, festivala münsif seçilirəm. Bu, mənim üçün həm yeni, həm də sevdiyim istiqamətdir. Dünyanın hər yerindən təmsil olunan jurnalistlər, turizmçilər, səyahət həvəskarları arasında olmaq əlbəttə, sevindiricidir. Bu, yeni tanışlıqlara da imkan açır. Filmləri, hekayələri izlədilcə dünyada nə qədər kəşf olunmalı yerlərlə vizual tanış olursan. Bu, insana motivasiya verir. “Ölməzdən əvvəl görməli yerlər” siyahıma o məkanları da əlavə etmişəm. Təki sağlıq olsun. Onu da deyim ki, dekabrın əvvəlində Portuqaliyada, Guimarayes şəhərində CİFFT-in mükafatlandırma mərasimi keçiriləcək. Festivalda yer tutan turizm filmlərinin qaliblərinin mükafatları, keçən il təsis olunan Media Turizm Mükafatı və bu il üçün nəzərdə tutulan “Greenworking” mükafatları qaliblərə təqdim olunacaq. Hazırda o səfərə hazırlaşıram. İlk dəfə təşkilatın təqdimat mərasimində iştirak edəcəyəm.
















