Tramp: “Heç vaxt “heç vaxt” demə”
Baş nazir Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yüksək səviyyəli görüşdə Kanadanın “satışda olmadığını” bəyan edib. Tramp isə görüş zamanı Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ehtimalını gündəmə gətirib.
BBC-nin icmalına görə, keçmiş mərkəzi bank rəhbəri olan Karni, ABŞ prezidentinin Kanadanın ABŞ-a “mükəmməl birləşməsi” barədə fikrinə qəti və təmkinli cavab verərək deyib: “Əmlak məsələsindən bildiyiniz kimi, bəzən elə məkanlar olur ki, onlar heç vaxt satışda olmur. Biz hazırda belə bir yerdə oturmuşuq – Oval Ofisdə. Və son bir neçə ayda seçki kampaniyası boyunca Kanada xalqı ilə görüşdükdən sonra deyə bilərəm ki, bu ölkə satışda deyil, heç vaxt da olmayacaq”. Karni bunu siyasətçilər, yüksək vəzifəli şəxslər və jurnalistlərlə dolu salonda bunları deyib.
Tramp isə ona cavabında “Heç vaxt “heç vaxt” demə” deyə bildirib.
Bu, aprelin 28-də keçirilən Kanada federal seçkilərində Karninin qələbəsindən sonra liderlərin ilk görüşü idi.
Görüş zamanı Tramp və Karni bir-birinə təriflər də yağdırıblar. Tramp Karninin qələbəsini “siyasi tarixdə ən möhtəşəm dönüşlərdən biri” adlandırıb və onu “istedadlı şəxs” kimi təqdim edib. Görüşdən sonra Tramp jurnalistlərə Karni haqqında “möhtəşəm biri” və “əla görüş” olduğunu deyib.
Karni də Trampı “transformativ prezident” kimi səciyyələndirərək onun NATO-nu “canlandırdığını” və “Amerika işçisinə fokuslandığını” söyləyib.
Gərginlik və tariflər
Ancaq görüşdə ziddiyyətlər də özünü göstərib. Tramp Kanadaya 25%-lik ümumi tariflər, avtomobil və digər sektorlar üzrə əlavə rüsumlar tətbiq edib. Bəzi tariflər danışıqlar dövründə müvəqqəti olaraq dayandırılıb.
Tramp həmçinin Kanadanı ABŞ-a fentanilin axınını dayandırmamaqda günahlandıraraq polad və alüminiuma əlavə rüsumlar tətbiq edib.
Bir jurnalistin tariflərin qaldırılması ilə bağlı sualına Tramp qısa cavab verib: “Xeyr. Belədir. Sadəcə bu cürdür”.
Karni isə Vaşinqtondakı Kanada səfirliyində keçirilən mətbuat konfransında Trampın tarifləri qaldırmağa hazır olduğunu düşündüyünü deyib: “Mən bu məsələni prezidentin qarşısında qaldırdım və hesab edirəm ki, danışıqlara açıqdır. Amma bu, nəticənin əvvəlcədən müəyyən edildiyi anlamına gəlmir. Çətinliklər olacaq, amma perspektiv var”.
Kanadanın ABŞ-ın ştatına çevrilməsi məsələsi
Karni görüş zamanı Trampdan bir daha xahiş etdiyini bildirib ki, Kanadanın ABŞ-ın 51-ci ştatı olmasına dair çağırışlarını dayandırsın. O deyib: “Əsas məsələ arzu ilə reallıq arasındakı fərqi başa düşməkdir. O, prezidentdir, öz fikirləri var. Amma o anlayır ki, bu, iki suveren dövlət arasında danışıqlardır”.
Gələcək ticarət danışıqları və münasibətlərin perspektivi
Karni və Tramp həmçinin Kanada-ABŞ-Meksika Ticarət Razılaşması (CUSMA/USMCA) ilə bağlı müzakirələr aparıblar. Tramp əvvəlki razılaşmanı “ABŞ üçün pis müqavilə” adlandırsa da, hazırda “yaxşı razılaşma” olduğunu bildirib.
Karni isə bəzi dəyişikliklərin zəruri olduğunu qeyd edib: “Bəzi şeylər dəyişməlidir. Tariflər vasitəsilə CUSMA-nın bəzi mövcud maddələrindən sui-istifadə olunub və bu, dəyişməlidir.”
Görüş zamanı Tramp Kanadaya dost yanaşma nümayiş etdirdiyini də vurğulayıb: “Kanada ilə nə olursa olsun dost olacağıq. Kanada mənim üçün çox özəl bir yerdir”.
Kanada ABŞ üçün ən böyük ixrac bazarıdır
Karni seçki kampaniyası zamanı Trampın Kanadaya “xəyanət etdiyini” iddia edərək, onun iqtisadiyyata və suverenliyə təhdidlərinə qarşı duracağını bəyan etmişdi. Qələbə nitqində o, ABŞ-Kanada münasibətlərinin əvvəlki formasının “artıq bitdiyini” və Kanadanın iqtisadi modelini yenidən düşünməli olduğunu söyləmişdi.
Qeyd edək ki, ötən il Kanada ilə ABŞ arasında 760 milyard dollar dəyərində ticarət həyata keçirilib. Kanada, ABŞ malları üçün ən böyük ixrac bazarıdır və Meksikadan sonra ikinci böyük ticarət tərəfdaşı sayılır.
Foto: BBC