Tomas Rayan: “Kanada Mərkəzi Bankının sentyabrda faiz dərəcələrinə endirim etməsi dəqiqdir, ilin sonunadək əlavə bir endirim ehtimalı da artır”
Kanada iqtisadiyyatı ardıcıl ikinci ayda da iş yerlərini itirdi və işsizlik səviyyəsi, pandemiya dövrü istisna olmaqla, 2016-cı ilin may ayından bəri ən yüksək həddə qalxdı. Bu barədə Kanada Statistika Komitəsi məlumat yayıb.
Əmək bazarının gözləniləndən zəif göstəricisi Kanada Mərkəzi Bankının bu ayın sonlarında əsas faiz dərəcəsini endirmək ehtimalını artırır. İşsizlik səviyyəsi avqustda 7.1 faizə yüksəlib, iqtisadiyyat isə ay ərzində 66,000 iş yeri itirib. İyul hesabatında isə 41,000 iş itkisi və 6.9 faiz işsizlik qeydə alınmışdı.
Zəif məşğulluq göstəriciləri faiz endiriminə əsas yaratsa da, avqust ayı üçün inflyasiya rəqəmləri (16 sentyabrda açıqlanacaq) Mərkəzi Bankın qərarında mühüm rol oynayacaq. TD Bankın idarəedici direktoru və baş iqtisadçısı Lesli Preston bildirib ki, TD-nin gözləntisinə görə, Kanada Mərkəzi Bankı ilin sonuna qədər iki dəfə əsas faiz dərəcəsini 0.25 faiz endirəcək, amma bunun vaxtı dəqiq bilinmir.
“Capital Economics”in Şimali Amerika üzrə iqtisadçısı Tomas Rayan isə avqust hesabatının sentyabrda faiz endirimini “demək olar ki, qaçılmaz” etdiyini deyib: “Kanada Mərkəzi Bankının sentyabrda endirim etməsi demək olar ki, dəqiqdir, ilin sonunadək əlavə bir endirim ehtimalı da artır”.
Kanada Statistika Komitəsi bildirib ki, avqustda əsasən aşağıdakı sahələrdə məşğulluq azalıb:
Peşəkar, elmi və texniki xidmətlərdə 26,000 iş,
Nəqliyyat və anbar sektorunda 23,000 iş,
İstehsalatda isə 19,000 iş azalıb.
Tikinti sektoru isə 17,000 iş yeri əlavə edib.
Preston qeyd edib ki, Kanada Bankı ilin əvvəlində qabaqlayıcı addım ataraq iki dəfə faiz dərəcəsini endirdi və o vaxtdan bəri gözləmə mövqeyindədir: “Onlar addım atmaqdan çəkinirlər, çünki bu, inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola bilər”.
















