Equite Assosiasiyasının yeni hesabatına görə, 2024-cü ildə bütün Kanada üzrə ən çox oğurlanan nəqliyyat vasitəsi Toyota RAV4 olsa da, Ontarioda ilk yeri başqa bir SUV tutub.
Təşkilatın yayımladığı illik hesabatda qeyd edilir ki, 2024-cü ildə Ontarioda ümumilikdə 1,309 Honda CR-V oğurlanıb və bu da onu əyalətdə cinayətkarların ən çox hədəf aldığı avtomobil edib. Ən çox oğurlanan model ili 2024-cü il olub.
Kanada üzrə isə RAV4 “liderlik” edib. Yalnız ötən il bu avtomobillərdən 2,080 ədəd oğurlanıb.
Qeyd edək ki, Equite ölkə üzrə sığorta fırıldaqçılığı və avtomobil cinayətkarlığının qarşısının alınması ilə məşğul olan qurumdur.
Hesabatda qeyd olunur ki, daha yeni SUV modelləri, xüsusilə də açarsız giriş sistemlərində zəiflik olan avtomobillər, ölkə üzrə, xüsusən Kvebek və Ontarioda fəaliyyət göstərən cinayətkar şəbəkələr üçün əsas hədəf olaraq qalır. Bütün ölkə üzrə, həmçinin Ontarioda ikinci ən çox oğurlanan nəqliyyat vasitəsi Dodge Ram 1500 seriyası olub. Hesabata əsasən, yalnız Ontarioda ötən il bu modeldən 1,159 ədəd oğurlanıb və ən çox hədəf alınan model ili 2022-ci il olub.
Honda Civic isə əyalətdə üçüncü yerdə qərarlaşıb. 2024-cü ildə 1,113 ədəd Civic oğurlanıb. Ən çox oğurlanan model ili 2019-cu il olub.
“Biz müsbət irəliləyişin ilkin əlamətlərini görsək də, avtomobil oğurluğu hələ də problem olaraq qalır və mütəşəkkil cinayətkar qruplar üçün mühüm maliyyə mənbəyinə çevrilib. Ölkə üzrə 19 faiz azalmaya baxmayaraq, avtomobil oğurluqları hər il kanadalılara 1 milyard dollardan çox zərər vurur”, – Equite Assosiasiyasının prezidenti və baş direktor Terri O’Brien yazılı açıqlamasında bildirib.
“Bu, o deməkdir ki, dürüst və zəhmətkeş kanadalılar hələ də bu cinayətin emosional və maliyyə yükünü daşımağa davam edirlər”.
















