Kvebekdəki sərhəd-keçid məntəqəsində müraciətlərin sayı çoxalıb
2025-ci il federal seçkiləri əsasən ABŞ-ın tətbiq etdiyi tariflər fonunda iqtisadi narahatlıqlarla müşayiət olunur və Kanadanın qaçqın siyasəti diqqətdən kənarda qalıb.
Son vaxtlar Kvebekdəki sərhəd-keçid məntəqəsində sığınacaq axtaranların sayının artması bu məsələnin yenidən gündəmə qayıtmasına səbəb ola bilər və bu, təkcə seçki kampaniyası ilə bitməyəcək. Kim növbəti seçkilərdə baş nazir olsa, o, Ukraynadan Qəzzaya qədər dünyada baş verən qeyri-sabitliklə və ölkə xaricindəki köçkün əhali ilə sıx bağlı olan diaspor icmaları ilə üz-üzə qalacaq. Hətta mövcud ticarət müharibəsinin kökləri də ABŞ prezidenti Donald Trampın sərhəd və miqrasiya ilə bağlı şişirdilmiş ritorikasına dayanır.
Günahkar ABŞ-dır?
Kanada seçki yarışında mübarizə aparan əsas iki lider sığınacaq axtaranlar məsələsinə münasibət bildirib. Liberal Partiyasının lideri Mark Karni, seçki kampaniyası zamanı jurnalistlərə bildirib ki, Kvebekdə son zamanlar sığınacaq axtaranların sayının artmasına görə ABŞ məsuliyyət daşıyır: “ABŞ-ın bütün sığınacaq axtaranlarını bizə göndərməsi qəbuledilməzdir”.
O əlavə edib ki, Kanada ikitərəfli sərhəd razılaşmasına əsasən bu şəxsləri ABŞ-a qaytara bilər.
Eyni gün, Mühafizəkar Partiyanın lideri Pyer Pualyev isə “saxta sığınacaq iddialarını” pisləyərək liberalları “pozulmuş immiqrasiya sistemində genişmiqyaslı dələduzluğa imkan yaratmaqda” günahlandırıb: “Mən qanuni immiqrasiyanın tərəfdarıyam. Kanadaya gəlib sığınacaq istəyən iddiasının doğru olduğunu sübut etməlidir. Əgər bu şəxs fırıldaqçıdırsa, o zaman buradan çıxmalıdır”.
“Əyalət əlavə qaçqın qəbul edə bilməz”
BMT-nin 2024-cü ilin ilk 6 ayına olan məlumatına əsasən, dünyada 122 milyondan çox insan müharibələr və regional münaqişələr səbəbilə yerdəyişmə edib. Onlardan təxminən 7 milyonu sığınacaq axtaranlardır. Kanadaya üz tutanlar çoxdur. CTV News-un məlumatına görə, ötən il Ottava 46,480 sığınacaq iddiasını təsdiqləyib. Bu, 2018-ci illə müqayisədə 200 faiz artım deməkdir. Qeyd edək ki, 2018-ci ildə Kanada dünyada ən çox qaçqın qəbul edən ölkə olmuşdu.
2025-ci ildə ümumi iddiaların sayı ötən illə müqayisədə azalsa da, Kvebekdəki sərhəd-keçid məntəqəsində müraciətlərin sayı yenidən artıb. Bu, Tramp administrasiyasının mart ayında Venesuela və Haiti vətəndaşlarına verilən müvəqqəti hüquqi statusu ləğv etməsinin ardından baş verib. Kvebekin immiqrasiya naziri bildirib ki, əyalət artıq əlavə qaçqın qəbul edə bilməz.
Bu vəziyyət 10 il əvvəlki ruh halından çox fərqlidir. O zaman baş nazir Castin Trudo Toronto Pearson Hava Limanında yeni gələn qaçqınları gülümsəyərək qarşıladığı anlarla yadda qalmışdı. İki il sonra isə ABŞ-da müsəlmanlara qarşı səyahət qadağasının qüvvəyə mindiyi gün Trudonun atdığı “qaçqınlara açığıq” ruhlu tweet viral olmuşdu.
İctimaiyyət qaçqın iddialarına şübhə ilə yanaşır
2024-cü ildə Environics İnstitutu tərəfindən aparılan sorğu göstərdi ki, ictimai rəydə dəyişiklik var. Sorğuda iştirak edənlərin 43 faizi (xüsusilə Ontario və Albertada) qaçqın iddialarının legitimliyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. Bu, bir il əvvəlkindən 7 faiz yüksək idi.
Bu dəyişiklik, 2023-cü ildə beynəlxalq tələbələrin təqdim etdiyi sığınacaq iddialarının artması və o zamankı immiqrasiya naziri Mark Millerin bunu “narahatedici trend” adlandırması fonunda baş verib.
Mediadakı qaçqın təsviri narahatlıq doğurur
York Universitetinin Qaçqın Araşdırmaları Mərkəzinin direktoru İvonne Su CTVNews-a bildirib ki, ictimai dəstəyin azalması tezliklə həddindən artıq reaksiyaya çevrilə bilər: “Biz yalnız müsbət qaçqın hekayələri eşitmək istəyirik. Amma qəzəbləndikdə, deyirik ki, çox qaçqın gəlir”. O, mediada qaçqınları təsvir edərkən “qanunsuz miqrant dalğası” və “sərhəd şəhərləri daşıb” kimi başlıqların xüsusi narahatlıq doğurduğunu bildirib.
Sığınacaq sisteminin mürəkkəbliyi
Mütəxəssislər bildirirlər ki, hüquqi prosedurlar və bürokratiyadan ibarət labirint olan sığınacaq prosesini başa düşmək heç də asan deyil. Toronto Metropolitan Universitetinin baş tədqiqatçısı Nikolas Freyzer deyir ki, əksər insanlar sistemin necə işlədiyini və nə qədər mürəkkəb olduğunu anlamır.
Bu mürəkkəblik bir çox qurumların iştirak etdiyi sistemlə bağlıdır:
- IRCC (Kanada Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi) qaydaları müəyyən edir.
- IRB (Miqrasiya və Qaçqınlar Şurası) müstəqil tribunal olaraq iddialara baxır.
- Bəzi qaçqınlar dövlət proqramı ilə, bəziləri isə şəxsi sponsorlarla Kanadaya yerləşdirilir.
- Hüquqi yardım təşkilatları və qeyri-hökumət təşkilatları da mühüm dəstək göstərirlər.
“Təsəvvür edin ki, siz qaçqınsınız, dili bilmirsiniz, hüquqi sistemi başa düşmürsünüz, yeni bir mühitdəsiniz və həm də psixoloji travmalarla mübarizə aparırsınız” – deyə Freyzer bildirib: “Qaçqınlar həssas insanlardır və sığınacaq siyasəti məhz bu insanların təhlükəli şəraitdən qaçması üçün qurulub.”
Tarixi ənənə
Kanadanın qaçqınları qəbul etməsi Konfederasiyadan əvvəlki dövrlərə gedib çıxır. 1700-cü illərin sonlarında Amerika İnqilabından qaçan Sadiq Amerikalılar indiki Yeni Şotlandiya, Nyu-Brunsvik və Ontarioda məskunlaşıblar. Daha sonrakı əsrlərdə Kanada dəfələrlə qaçqınları qəbul edib. Amma keçmiş İmmiqrasiya və Vətəndaşlıq Nazirliyinin rəsmisi Robert Vaynberqin sözlərinə görə, bu seçimlər tez-tez irq amilinə görə yönləndirilirdi: “Hökumət hesab edirdi ki, macarları və çexləri asanlıqla assimilyasiya etmək olur”.
Vaynberq bildirir ki, yalnız 1970-ci illərdə Uqandadan qovulan asiyalıların qəbul olunması ilə Kanada əhəmiyyətli sayda qeyri-ağdərili qaçqınlara qapılarını açdı. Az sonra isə Vyetnam müharibəsindən sonra minlərlə vyetnamlı qaçqın Kanadada yerləşdirildi.
“Bu bizim kimliyimizin bir hissəsidir”, – deyə Vaynberq bildirib: “Biz səxavətli cəmiyyətik. Dünyada böhran olanda biz kömək etməyə çalışırıq”.