Toronto şəhərində keçirilən “Salsa on St. Clair” (Kleyr küçəsində Salsa) festivalı şənbə gecəsi baş verən ölümcül atışmadan sonra rəsmi olaraq ləğv edilib. Hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb.
Toronto şəhər meriyasının üzvü Coş Matlou bazar günü səhər sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, polis hadisə yerində araşdırmaları davam etdirdiyi üçün festival bərpa olunmayacaq: “Polis hadisə yerində araşdırmaları davam etdirir. Salsa on St. Clair festivalı ləğv edilib və bu gün davam etdirilməyəcək”.
Clair Avenue West küçəsi boyunca keçirilən və hər il on minlərlə insanı cəlb edən festivalın bazar günü başa çatması planlaşdırılırdı.
Araşdırma davam edir
Toronto polisi bildirib ki, atışma axşam saat 20:00-dan az sonra, təxminən 13 min nəfərin iştirak etdiyi festival zamanı baş verib.
Jurnalistlərə açıqlama verən Toronto Polis İdarəsinin müavini Frank Barredo deyib ki, hadisə bir-birini hədəfə alan şəxslər arasında baş verən silahlı qarşıdurma nəticəsində baş verib. Nəticədə ailələr, uşaqlar və yaşlılar da daxil olmaqla minlərlə insan təhlükəsizlik üçün qaçmağa məcbur olub.
Polis daha sonra təsdiqləyib ki, bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib. Bundan əlavə, daha beş nəfər ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Frank Barredo bildirib ki, istintaqçılar iki odlu silah aşkar ediblər və hazırda üç ayrı cinayət yerində araşdırma aparırlar.
Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb.
Foto: Reuters