[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

21 ildən sonra Kanada vətəndaşı ABŞ-dan deportasiya edildi

Ötən ilin oktyabrından bəri 32 kanadalı Amerikadan geri göndərilib

61 yaşlı kanadalı baba Doqlas Dikson Florida ştatında hakim tərəfindən imzalanmış deportasiya qərarı ilə bu həftə Kanadaya göndərilib. D.Dikson fevral ayında ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri tərəfindən saxlanılıb və aprelin 15-də deportasiya edilib.

“CTV News”a danışan D.Diksonun 20 ildən çox yaşadığı ABŞ haqqında fikirləri dəyişib: “Mən düşünməzdim ki, ABŞ insanlara qeyri-insani davranacaq. Onlar bu saxlanma mərkəzlərində insanların vəziyyətinə əhəmiyyət vermirlər”.

İki aydan çox saxlanıldıqdan sonra D.Dikson Kanadaya deportasiya olunub və bu müddətdə 8 kiloqramdan çox çəki itirib.

“Ağır cinayət”

D.Dikson və həyat yoldaşı 2019-cu ildə “green card” alaraq ABŞ-da daimi sakin olublar. 2022-ci ildə COVID-19 pandemiyası səbəbilə o, biznesini bağlamağa məcbur olub və vergi ödənişlərində gecikmələr yaranıb. Onun faizlə birlikdə 30 min dollardan çox borcu olub.

Vəkil tutmağa imkanı olmadığı üçün dövlət tərəfindən təyin olunan vəkilin məsləhəti ilə vergi yayınması ittihamını qəbul edib. O, borcun üçdə ikisini artıq ödədiyi halda ICE tərəfindən saxlanılıb.

D.Dikson bilmirmiş ki, ABŞ qanunlarına görə 10 min dollardan çox vergi borcu “ağır cinayət” sayılır. Onun dostu bildirib ki, əgər vəziyyətdən xəbərdar olsaydılar, dostları ona kömək edərdi və bu vəziyyətə düşməzdi.

“Dəmir qəfəslər və pis su”

“Alligator Alcatraz” kimi tanınan saxlanma mərkəzində D.Dikson zorakılıq görmədiyini desə də, ümidsizlik hiss etdiyini bildirib: “Əvvəl qorxdum, çünki içəridə kimlərin olacağını bilmirdim. Amma gördüm ki, deportasiya olunanların çoxu sadə insanlardır – işi və ailəsi olan insanlar”.

Onun olduğu kamerada 32 nəfərdən yalnız 3-ü ingilis dilində danışırdı.

D.Dikson bildirib ki, mərkəzdəki su çirkli idi və o, orada infeksiyaya yoluxduğunu düşünür. Ağrılar o qədər güclü olub ki, tibbi müdaxilə lazım gəlib. Hətta tibbi müayinəyə aparılarkən belə ona qandal vurulduğunu deyib. 9 gündən sonra o, başqa bir mərkəzə köçürülüb. Orada şərait nisbətən yaxşı olsa da, 19 yaşlı miqrantın ölüm xəbəri hamını sarsıdıb.

Yeni, amma köhnə həyat

65 gün saxlanıldığı müddətdə D.Dikson ailəsi ilə yalnız ara-sıra danışa bilib. Həyat yoldaşı və qızı onun ilk dəfə təyyarəyə minəcəyindən narahat olublar, çünki o, 61 yaşına qədər heç vaxt təyyarə ilə harasa getməyib. Onlar ona video mesaj göndərərək dəstək olublar. Videonu izləyərkən D.Dikson göz yaşlarını saxlaya bilməyib. O, uşaqlarını və nəvələrini nə vaxt görəcəyini bilmir, amma yenə də özünü şanslı hesab edir, çünki dəstəyi var. O, Montreal şəhərində bacısının yanında yaşayacaq.

“Ağır cinayət” səbəbilə ona ABŞ-a giriş ömürlük qadağan edilib və 21 il əvvəl tərk etdiyi şəhər yenidən onun evi olacaq.

Qeyd edək ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin məlumatına görə, ötən ilin oktyabrından bəri 32 kanadalı deportasiya olunub.

Foto: Judy Trinh / CTV News

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar