Ontario əyaləti daimi olaraq benzin vergisini azaldır və 407 Şərq Avtobanında ödənişləri ləğv edir. Ontarionun baş nazirinin ofisindən aldığımız məlumata görə, benzin və yanacaq vergilərinin daimi şəkildə azaldılması ailələrə ildə orta hesabla təxminən 115 dollar qənaət imkanı verəcək. 407 Şərq Avtobanında ödənişlərin ləğvi isə gündəlik bu yoldan istifadə edən sərnişinlər üçün ildə təxminən 7,200 dollar qənaət deməkdir.
Ford bu addımları əyalət seçkiləri zamanı vəd etmişdi və bildirir ki, bu qərarlar insanlar üçün real və dərhal maliyyə yüngüllüyü təmin edəcək.
Hökumət 2022-ci ilin iyul ayında əyalət üzrə benzin vergisini 5.7 sent, dizel vergisini isə 5.3 sent azaldıb və bu güzəştləri dəfələrlə uzadıb. Ford bu gün elan edib ki, cümə axşamı açıqlanacaq büdcədə bu vergi azaldılmasının daimi olmasını nəzərdə tutan tədbir yer alacaq. Bununla, əyalət üzrə vergi dərəcəsi litrə görə 9 sent səviyyəsində sabit qalacaq.
Tıxacların azaldılması və xərclərin aşağı salınması məqsədilə hökumət Pikerinqdən Klarinqtona qədər olan hissədə 407 Şərq Avtobanında ödənişlərin daimi şəkildə ləğvini təklif edir. Bu dəyişiklik qəbul olunarsa, 1 iyun 2025-ci ildən etibarən Brock Roaddan Highway 35/115-ə qədər olan hissədə qüvvəyə minəcək
Ontario Nəqliyyat Nazirliyinin 2021-ci il hesabatına görə, bu ödənişlərin əyalət büdcəsinə 2024–2025-ci illərdə təxminən 72 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılırdı.
Foto: Evan Mitsui, CBC