Avropa İttifaqının yeni Giriş/Çıxış Sistemi (Entry/Exit System – EES) artıq qüvvəyə minib və bir çox sərnişinin immiqrasiya nəzarət məntəqələrindən keçərkən uzun növbələrlə üzləşməsinə səbəb olur.
“CanAzerbaijan” “CTV”yə istinadən xəbər verir ki, EES biometrik məlumatlar əsasında işləyən avtomatlaşdırılmış rəqəmsal sərhəd qeydiyyat sistemidir. Sistem sərnişinlərin pasportlarını skan edir, barmaq izlərini götürür və üz tanıma texnologiyasından istifadə edir. Gələcəkdə sərhəd keçidlərini sürətləndirməsi gözlənilsə də, hazırda sistemin tətbiqi ciddi gecikmələr yaradır.
CNN-in jurnalisti Klarissa Uordun (Clarissa Ward) İnstaqramda paylaşdığı viral videoda Portuqaliyanın Lissabon hava limanında saatlarla davam edən növbələr əks olunub: “Bu, həqiqətən də heyrətamizdir və yeni EES qaydalarının nə qədər problem yaratdığının göstəricisidir”.
Səyahət şirkəti “Flight Centre” yay mövsümünün başlaması ilə əlaqədar kanadalılara Şengen zonası hava limanlarında mümkün gecikmələrə hazır olmalarını tövsiyə edir.
“Flight Centre”in səyahət eksperti Eşli Harold CTV-yə bildirib ki, kanadalılar narahat olmamalıdırlar, sadəcə hazırlıqlı olmalıdırlar: “Onların barmaq izləri və şəkilləri rəqəmsal şəkildə qeydə alınacaq və bu, pasportlara vurulan ənənəvi möhürləri əvəz edəcək”.
Hava limanlarına daha tez gedin
Səyahət mütəxəssisləri bildirirlər ki, Şengen zonasına daxil olan və ya oradan çıxan sərnişinlər hava limanlarında əlavə bir neçə saat vaxt nəzərdə tutmalıdırlar.
Səyahət eksperti Cennifer Vederhedin sözlərinə görə, yeni biometrik sistem səbəbindən proseslər daha uzun çəkir. Avropa hava limanlarına gedərkən əlavə vaxt ayırmağı tövsiyə edirəm.
Təkcə hava limanları deyil
Yeni rəqəmsal qeydiyyat sistemi yalnız hava limanlarında deyil, Şengen zonasına giriş və çıxışın həyata keçirildiyi bütün sərhəd-keçid məntəqələrində tətbiq olunur.
Mütəxəssislər qeyd edirlər ki, sistem kruiz gəmiləri, quru sərhədləri və dəmir yolu keçidlərində də istifadə olunur.
Kanadalılara tövsiyələr
Mütəxəssislər Avropaya səyahət edənlərə aşağıdakı məsləhətləri verirlər:
- Hava limanına adi vaxtdan daha erkən gedin;
- Xüsusilə Avropa daxilindəki uçuşlar üçün əlavə vaxt ayırın;
- Pasport və digər səyahət sənədlərini əlçatan yerdə saxlayın;
- Aviaşirkətlərin mobil tətbiqlərində yenilikləri izləyin;
- Mümkünsə, dəyişdirilə bilən biletlərə üstünlük verin;
- Kanadanın Xaricdə Olan Kanadalıların Qeydiyyatı proqramında qeydiyyatdan keçin.
Yeni sistemin gələcəkdə sərhəd keçidlərini sürətləndirəcəyi gözlənilir. Lakin hazırda sərnişinlərdən toplanan biometrik məlumatlar səbəbindən proseslər daha uzun çəkir.
C.Vederhed deyir ki, onlar sizin barmaq izlərinizi götürəcək və üz tanıma prosedurundan keçirəcəklər. Hazırda gecikmələrin əsas səbəbi də məhz bu məlumatların toplanmasıdır.
AP Photo/Darko Bandic