Federal hökumət Kanadada evlərin qeyri-vətəndaşlar tərəfindən alınmasına dair məhdudiyyətləri yenidən nəzərdən keçirir. Bu barədə Mənzil naziri Qreqor Robertsona istinadən “Bloomberg” yazıb. Məqsəd tikintinin maliyyələşdirilməsi üçün xarici kapitalı cəlb etməyin yollarını tapmaqdır.
Qeyd edək ki, Kanada hökuməti 2023-cü ildə xaricilərin mənzil almasını məhdudlaşdırdı. Səbəb kimi ölkədən kənarda yaşayan şəxslərin əksər hallarda həmin evlərdə yaşamaq niyyəti olmadan kanadalıları ev bazarında üstələdiyi və qiymətlərin sürətlə artmasına töhfə verdiyi göstərilirdi.
Hazırda evlərin qiyməti aşağı düşüb və daha çox mənzil tikilsə də, hökumət tikinti hədəflərinə çatmaqda çətinlik çəkir. Q.Robertson bildirib ki, o, Avstraliya modelinə maraq göstərir. Bu modeldə xarici investisiyalar əsasən yeni tikintilərə yönəldilir, mövcud yaşayış evlərini isə xaricilərin alması çətinləşdirilir.
















