Lana Peyin: “Varlı kanadalıların dövlət siyasətinə təsir imkanları var”
Hazırda Kanadada CEO-lar (top-menecerlər) bir işçinin bir illik maaşını cəmi səkkiz iş saatından bir qədər artıq müddətdə qazanırlar. Bu göstərici Kanada Siyasət Alternativləri Mərkəzinin (CCPA) topladığı məlumatlara əsaslanır. Mərkəz Kanadada 100 ən yüksək maaş alan rəhbərin kompensasiyasını izləyib.
Hesablama orta statistik işçinin illik gəlirinin 65 min 548 dollar olması və CEO-ların illik orta kompensasiyasının 16,2 milyon dollar (orta statistik işçinin maaşından 248 dəfə çox) təşkil etməsi əsasında aparılıb. Bu göstərici 2022-ci ildəki əvvəlki rekordu (14,9 milyon dollar və 246 dəfə fərq) də geridə qoyub.
Hesabatın müəllifi və CCPA-nın baş iqtisadçısı Devid Makdonald “CTV News”a müsahibəsində bildirib ki, bu fərqi dərk etmək çətindir.
CCPA-nın məlumatına görə, 2020-ci ildən bəri CEO maaşları 49 faiz artdığı halda, işçilərin maaşları cəmi 15 faiz yüksəlib.
D.Makdonald qeyd edir ki, maaş fərqi hər zaman mövcud olub, lakin son onilliklərdə kəskin şəkildə artıb. 1980-ci illərdə CEO-lar orta statistik işçidən təxminən 40–50 dəfə çox qazanırdılar. 1990-cı illərdə bu nisbət 100 dəfəyə çatdı: “İnsanların marketdə, kirayədə və ipoteka faizlərində ödədiyi əlavə pullar hara isə gedir. Bu pulların getdiyi yerlərdən biri də Kanadada çox yüksək korporativ mənfəətlərdir”.
CEO maaşlarını əsasən bonuslar artırır, maaşlar yox
Hesabata görə, CEO-ların əsas maaşları (illik təxminən 1,3 milyon dollar) son 10 ildə ciddi dəyişməyib. Dəyişən isə rəhbər kompensasiyasının strukturu olub.
2024-cü ildə CEO kompensasiyasının 84 faizindən çoxu bonuslar hesabına formalaşıb: nağd ödənişlər, səhmlər və səhm opsionları: “Əvvəllər CEO-lara menecer kimi yanaşılırdı. İndi isə onları ulduz kimi görürlər və şirkəti tərk etməsinlər deyə nəhəng bonus paketləri verilir. Halbuki əksər CEO-lar illərlə eyni şirkətdə işləyən daxili namizədlərdir”.
Hesabata görə, pandemiyadan əvvəl Kanada şirkətləri illik təxminən 400 milyard dollar vergiöncəsi mənfəət əldə edirdi. COVID-19 dövründə bu göstərici kəskin azalsa da, inflyasiya səbəbilə sonradan illik 600 milyard dollardan çox səviyyəyə yüksəlib.
Bu müddətdə şirkətlər bonus formullarını dəyişdirdikdən sonra CEO-lar yenə də böyük bonuslar alıblar.
İşçilərin maaşı 15 faiz, bazarda qiymətlər 18 faiz artıb
Hesabata görə, 2020-ci ilin yanvarı ilə 2025-ci ilin yanvarı arasında Kanadada mal və xidmətlərin orta qiyməti 18 faiz artıb, işçilərin maaşı isə 15 faiz yüksəlib: “Bu o deməkdir ki, işçilər faktiki olaraq 3 faiz maaş itkisi yaşayıblar. Maaşları artsa da, aldıqları hər şeyin qiyməti daha sürətlə yüksəlib və nəticədə 2024-cü ilin sonunda daha pis vəziyyətdə qalıblar”.
Müqaviləli və müvəqqəti işlərin artması işçi gücünü zəiflədir
CCPA-nın tədqiqatçısı, Kanada Əmək Konqresinin baş iqtisadçısı və Karleton Universitetinin müəllimi DT Kokreyn bildirib ki, Kanadada həmkarlar ittifaqlarının zəifləməsi, müqaviləli və müvəqqəti işlərin artması, iş təhlükəsizliyinin azalması işçilərin daha yüksək maaş üçün danışıqlar gücünü zəiflədir: “Korporasiyalar açıq şəkildə göstəriblər ki, artan xərcləri öz üzərlərinə götürməyəcəklər. Bu xərcləri ötürəcəklər və nəticədə onları işçilər daşımalı olacaq”.
D.Kokreynə görə, həmkarlar ittifaqları işçilərə iqtisadi gəlirdən daha böyük pay tələb etmək üçün kollektiv güc verir, eyni zamanda iş təhlükəsizliyi, pensiya və sosial təminatları yaxşılaşdırır.
Bu təhlükəsizlik işçilərin danışıqlar gücünü artırır, “amma bu, şirkət sahiblərinin və rəhbərlərin istədiyi şey deyil”.
İşçilər gəlirlərinin hamısından vergi ödəyir, amma CEO-lar…
İqtisadçılar vergi siyasətini də bərabərsizliyin əsas səbəblərindən biri kimi göstərirlər. İşçilər gəlirlərinin demək olar ki, hamısından vergi ödədiyi halda, CEO-ların gəlirlərinin böyük hissəsi – xüsusilə səhmlərə əsaslanan ödənişlər – daha aşağı dərəcə ilə vergiyə cəlb olunur.
Kanada Gəlir Vergisi Qanununa əsasən, səhm opsionlarından gəlir əldə edənlər bazar dəyəri ilə alış qiyməti arasındakı fərqə görə vergiyə cəlb olunur. Müəyyən şərtlər ödənildikdə 50 faiz güzəşt tətbiq edilir və faktiki olaraq gəlirin yalnız yarısı vergiyə cəlb olunur.
Yüksək gəlirli şəxslər üçün kapital gəlirləri vergisinin artırılması kimi təkliflər korporativ liderlərin etirazından sonra ləğv edilib.
Varlı kanadalıların dövlət siyasətinə təsir imkanları var
Unifor Həmkarlar Ittifaqının prezidenti Lana Peyin deyib ki, “varlı kanadalıların dövlət siyasətinə təsir imkanları var”: “ABŞ-da baş verənlərə baxsaq, göörərik ki, çox varlı CEO-ların və böyük korporasiyaların təsiri demokratiyanın səviyyəsinə birbaşa təsir edir”.
Əgər ciddi siyasi dəyişikliklər olmazsa, D.Makdonald xəbərdarlıq edir ki, bu fərq artmaqda davam edəcək: “Korporativ mənfəətlər yenidən rekord səviyyələrə çatmaq üzrədir. Heç nə dəyişməsə, işçilərin aqibəti ilə bağlı nəyin baş verməsindən asılı olmayaraq CEO maaşları artmağa davam edəcək”.
Foto: Canva
















