[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadalılar yaşadıqları icmalarda təhlükəsizliklərindən narahatdır

Angus Reid İnstitutunun məlumatına görə, kanadalıların üçdə ikisinə yaxını (62%) son beş il ərzində yaşadıqları icmalarda cinayət səviyyəsinin artdığını düşünür. İnstitutun keçirdiyi sorğu göstərir ki, ölkədə artan cinayətkarlıq kanadalıları getdikcə daha çox narahat edir və bu problemi gündəlik həyatlarında hiss edirlər.

Kanadalılar təkcə öz məhəllələrində özlərini təhlükəsiz hiss etmir, eyni zamanda beş nəfərdən dördü onlayn və telefon vasitəsilə fırıldaqçılıq cəhdlərinin qurbanı olduqlarını bildirib.

Ən geniş yayılmış qanunsuz fəaliyyət fırıldaqçılıqdır

Sorğuda iştirak edənlərin 13%-i polis müdaxiləsi tələb edən cinayətlərin – hücum, evə soxulma, fırıldaqçılıq və adam oğurluğuna cəhdin qurbanı olduqlarını desə də, ən geniş yayılmış qanunsuz fəaliyyət məhz fırıldaqçılıqdır. Sorğu iştirakçılarının dörddə beşindən çoxu son iki il ərzində onlayn və ya telefon vasitəsilə dələduzluq cəhdinin hədəfi olduqlarını bildirib:  84% elektron poçtla, 83% isə telefonla. Təxminən 30% isə bunun nəticəsində pul və ya məlumat itkisi yaşadığını etiraf edib.

İnstitutun məlumatına görə, 2024-cü ildə Kanadada aşkarlanmış fırıldaqçılıq halları nəticəsində itkilər 638 milyon dollardan çox olub.

Fırıldaqçılıq gəlir səviyyəsindən asılı olmayaraq, hər kəsi hədəf alsa da, 60 və yuxarı yaşda  olanlar 18–29 yaşlılarla müqayisədə demək olar ki, iki dəfə daha çox fırıldaqçılıq qurbanı olduqlarını bildiriblər. Bundan əlavə, belə halların cəmi 5–10%-nin rəsmi qurumlara bildirildiyi güman edilir.

Mağazalarda oğurluq və zorakılıq

Mağaza oğurluğu son onilliklərin ən yüksək səviyyəsinə çatıb. COVID-19 pandemiyası zamanı azalmadan sonra bu hallar kəskin şəkildə artıb və artıq təşkilatlanmış cinayət formasına çevrilib.

Angus Reid İnstitutunun prezidenti Şaçi Kurlun sözlərinə görə, buna artan maliyyə təzyiqləri, psixi sağlamlıq və asılılıq problemləri, polis heyətinin azalması və digər amillər səbəb olur.

Son illərdə dərc edilən bir çox hesabat biznes icmasının mağaza oğurluğu və təhqirlərlə daha çox üzləşdiyini göstərir.

Pərakəndə satış sahəsində çalışanların 40%-i mağaza oğurluğu ilə “dəfələrlə” qarşılaşdıqlarını, 24%-i isə bunun bir-iki dəfə baş verdiyini bildirib. Digər 40% şifahi təhqirə məruz qaldığını, 43% isə fiziki təhdidlə üzləşdiyini deyib.

Öz icmasında özünü təhlükəsiz hiss etməmək

Sorğuya görə, axşam saatlarında təkbaşına gəzməkdən narahat olan insanların sayı əhəmiyyətli dərəcədə artıb.

2015-ci ildə aparılan sorğuda kanadalıların 32%-i yaşadıqları məhəllədə tək gəzməyi tam təhlükəsiz hesab etdiklərini, 48%-i isə bununla razılaşdıqlarını bildirmişdi. Bu göstəricilər 2022-ci ildə 23%-ə, 2025-ci ildə isə daha 17%-ə düşüb.

Qeyd edək ki, sorğu 5–7 noyabr 2025-ci il tarixlərində Angus Reid Forumunun üzvü olan 2,038 kanadalı yetkin arasında onlayn şəkildə aparılıb.

Foto: Wikimedia Commons

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar