Baş nazir Mark Karni Çinə gözlənilən səfərini başa vurarkən bu gün Pekinlə razılaşma əldə edildiyini açıqladı. Razılaşmaya əsasən, Çin müəyyən sayda elektrikli nəqliyyat vasitələrinin (EV) ixracı üçün Kanadanın tətbiq etdiyi tarifləri kəskin azaltması müqabilində Kanada kənd təsərrüfatı məhsullarına qoyduğu rüsumları ləğv edəcək.
Bu razılaşma Liberal hökumətin son illərdə “pozucu güc” kimi qiymətləndirdiyi ölkə ilə münasibətlərdə gərginliyin azalması deməkdir və Kanadada qarışıq reaksiyalar doğurub.
Ontario baş naziri Daq Ford və bəzi avtomobil sənayesi qrupları razılaşmanı ölkənin avtomobil sənayesi üçün təhlükə adlandırsa da, M.Karni ilə birlikdə Pekində olan Saskaçevan baş naziri Skott Mo, razılaşmanın əyalətinin Çinə kanola ixracını müsbət qarşılayıb.
M.Karni razılaşmanı ticarət maneələrinin aradan qaldırılmasına yönəlmiş “ilkin, lakin tarixi” addım kimi xarakterizə edib. O, bunun turizm və mədəni əlaqələrin genişləndirilməsini də əhatə edən Çinlə daha geniş strateji tərəfdaşlığın bir hissəsi olduğunu bildirib. M.Karni həmçinin Çinin rəhbəri Si Tsinpinin kanadalılar üçün Çinə vizasız səyahətə razılıq verdiyini deyib: “Bu, realist, qarşılıqlı hörmətə və maraqlara əsaslanan tərəfdaşlıqdır”.
M.Karni qeyd edib ki, Ottava martın 1-dək Pekinin kanola toxumu üzrə rüsumları 84 faizdən 15 faizə endirməsini gözləyir və bunu “nəhəng irəliləyiş” adlandırıb.
Mart ayından etibarən ilin sonunadək Kanada kanola yemi, xərçəng (lobster), krab və noxud Çin tərəfindən tətbiq edilən “anti-diskriminasiya” tariflərinə məruz qalmayacaq. Kanola yağı barədə isə məlumat verilməyib; hazırda ona 100 faizlik tarif tətbiq olunur.
Əvəzində, hər il 49 minədək Çin istehsalı elektrikli avtomobil Kanada bazarına 100 faiz deyil, 6,1 faizlik tariflə buraxılacaq.
Karni bildirib ki, 2030-cu ilədək idxal edilən bu avtomobillərin yarısının qiyməti 35 min dollardan aşağı olacaq ki, bu da EV-ləri kanadalılar üçün daha əlçatan edəcək.
Onun sözlərinə görə, 49 min avtomobil 2023-cü ildə (tariflərdən əvvəl) Çindən idxal edilən sayla təxminən eynidir və daxili avtomobil bazarının üç faizindən azını təşkil edir.
Daq Ford isə Çinin “Kanada bazarında möhkəmləndiyini” və bunun Kanada işçilərinin hesabına baş verəcəyini bildirib. O, razılaşmanın Kanada avtomobil istehsalçılarının ABŞ bazarına çıxışını riskə ata biləcəyini deyərək federal hökuməti Ontario avtomobil sektorunu dəstəkləməyə çağırıb.
Qeyd edək ki, iki ölkə arasında mübahisə 2024-cü ilin payızında başlamışdı.
Keçmiş baş nazir Castin Trüdo hökuməti Çin EV-lərinə 100 faizlik tarif tətbiq etmişdi; bu addım keçmiş ABŞ prezidenti Co Bayden və Avropa İttifaqının Çinin sürətlə böyüyən EV sənayesinə qarşı tədbirlərindən sonra atılmışdı. Ottava həmçinin Çin poladı və alüminiumuna 25 faizlik idxal vergisi qoymuşdu.
Buna cavab olaraq Çin 2025-ci ilin martında Kanada kanola yağı, noxud və digər məhsullara 100 faiz, donuz əti və dəniz məhsullarına isə 25 faiz tarif tətbiq etmiş, ilin sonlarına doğru kanola toxumunu da siyahıya əlavə etmişdi.
Kanada dünyada kanola üzrə ən böyük ixracatçıdır, Çin isə ABŞ-dan sonra ikinci ən böyük bazardır.
“Pulse Canada” təşkilatının prezidenti Qreq Çerevik bildirib ki, tariflər Çinə bütün göndərişləri faktiki olaraq dayandırmış, illik dəyəri təxminən 700 milyon dollar olan Kanada sarı noxudu Rusiya məhsulları ilə əvəzlənmişdi: “Bu prosesin qorxduğumuz qədər uzun çəkməməsi çox vacib idi. Əslində, kifayət qədər qısa müddətdə həll olundu. Zamanlama da fermerlərin əkin qərarları üçün idealdır”.
M.Karni və S.Tsinpin ötən payızda Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu çərçivəsində görüşmüşdülər. Bu, 2017-ci ildən bəri Kanada və Çin liderləri arasında ilk rəsmi görüş idi.
Foto: The Canadian Press/Sean Kilpatrik
















