Toronto Şəhər meriyası ötən il yol tikintisi sahələrinə nəzarət üçün təxminən 6 milyon dollar xərcləyib. Tikinti sahələrinə nəzarət üçün polis əməkdaşlarına (PDO) saatı 100 dollardan ödəniş edib.
Bəzi bələdiyyə üzvləri bunu büdcədəki pulun israf olunması kimi qiymətləndirir, bəzən tikinti sahəsinə nəzarət edən polislərin “heç nə etmədən sadəcə dayanmasının” düzgün olmadığını bildirirlər.
Toronto Şəhər Audit Komitəsinin iclasında komitə üzvü, York South-Weston bölgəsini təmsil edən Franses Nunziata deyib ki, bəzi tikinti sahələrində polisin olması zəruridir. Məsələn, onun dairəsində Dundas Street West və Scarlett yol kəsişməsində hidrotexniki işlər zamanı yol bir zolağa endirilmişdi və sürücülər kəsişmədən keçmək üçün səkidən istifadə edirdilər ki, bu da təhlükəli vəziyyət yaradırdı: “Amma başqa hallarda onları görürsən və düşünürsən ki, həqiqətən buna ehtiyac varmı? Bu, çox böyük məbləğdir”.
F.Nunziata əlavə edib ki, bəzi PDO-ları “heç nə etmədən sadəcə dayanmış vəziyyətdə” görüb.
PDO-lar növbədənkənar işləyən və xüsusi xidmətlər üçün özəl olaraq sifariş edilə bilən bilən polis əməkdaşlarıdır. Onlar tikinti sahələrindən əlavə film çəkilişləri, tədbir təhlükəsizliyi, iri yük maşınlarının və ya dəfn mərasimlərinin müşayiəti üçün də sifarişlə işləyə bilərlər.
Adi polis əməkdaşları üçün saatlıq tarif 94,5$-dan başlayır
Toronto Polis Xidmətinin məlumatına görə, adi polis əməkdaşları üçün saatlıq tarif 94,50 dollardan başlayır və hər iş üçün minimum 283,50 dollar ödənilməlidir. Daha yüksək rütbəli əməkdaşlar və ya atlı polislər üçün daha çox pul ödənilir.
Tikinti sahəsində PDO tələb olunub-olunmaması barədə qərar hər bir hal üzrə ayrıca olaraq şəhər, tikinti şirkətləri və Toronto polisi ilə məsləhətləşmə əsasında verilir.
Adətən yol bağlanmaları, işıqforlu kəsişmələrə, məktəb zonalarına və ya piyadaların çox olduğu ərazilərə yaxın sahələrdə polis tələb olunur. Onların vəzifələrinə nəqliyyatı yönləndirmək, sıxlıq nöqtələrini idarə etmək və “təhlükəsizliyi, hərəkətliliyi və ümumi yol şəbəkəsinin fəaliyyətini qorumaq” daxildir.
Polislər Toronto meriyasına baha başa gəlir
Alternativ olaraq yol agentləri və nəqliyyat nəzarətçiləri də istifadə oluna bilər, lakin onların qanunu icra etmək səlahiyyəti yoxdur. Hesabatda qeyd olunub ki, uyğun hallarda bu əməkdaşlar cəlb edilir, lakin tikinti sahələrinin idarə olunmasında PDO-lar “kritik resurs” olaraq qalır.
Komitə sədri, Etobicoke Centre bölgəsindən Stiven Holidey bildirib ki, şəhər meriyası bəzi hallarda daha ucuz ola biləcək yol agentlərindən daha geniş istifadə imkanlarını nəzərdən keçirməlidir. O, PDO proqramının şəhərə “əhəmiyyətli məbləğdə vəsaitə” başa gəldiyini və daha dərindən araşdırılmalı olduğunu deyib.
Komitə mart ayında şəhər şurasına PDO-ların aldıqları təlimatlarla bağlı hesabat təqdim olunmasını tələb edən qərar qəbul edib.
Foto: Canva
















