[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Restoranların 44 faizi ya zərərlə işləyir, ya da xərclərini güclə qarşılayır

“Kanada Restoranları” Təşkilatı (“Restaurants Canada”) 2025-ci ilin sonlarında təşkilatın 220 üzvü arasında sorğu apararaq hesabat hazırlayıb. 2025-ci ilin noyabrına olan məlumata görə, sorğuda iştirak edən restoranların 26 faizi zərərlə işləyib, 18 faizi isə xərclərini güclə qarşılayıb.

Ümumilikdə bu, o deməkdir ki, respondentlərin demək olar yarısı (44 faizi) mənfəət əldə etməyib. Müqayisə üçün, 2019-cu ildə bu göstərici cəmi 12 faiz idi.

Bununla belə, rəqəmlər 2024-cü illə müqayisədə bir qədər yaxşıdır. Həmin il sorğuda iştirak edən restoranların 53 faizi ya zərərlə işləyir, ya da xərclərini güclə ödəyirdi.

“Restaurants Canada” nın prezidenti və baş icraçı direktoru Kelli Higginson CBC News-a müsahibəsində bunun çox narahatedici rəqəm olduğunu bildirib və qeyd edib ki, daha çox restoranın bağlandığını görəcəyik.

O deyib ki, restoranlar ərzaqdan kirayəyə, hətta bıçaq-çəngəl kimi ləvazimatlara qədər hər sahədə artan xərclərlə mübarizə aparır.

Hesabatda respondentlərin ən çox narahat olduğu iki amil ərzaq və əmək xərcləri olub. 89 faiz əmək xərclərindən, 88 faiz isə ərzaq qiymətlərinin artmasından narahat olduğunu bildirib.

İnflyasiya xüsusilə ərzaq qiymətlərinə ciddi təsir göstərib. Dekabr ayında ərzaq məhsullarında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb, ümumi inflyasiya isə 2,4 faiz olub.

“Üç il əvvəl işçilərim var idi, indi qabları özüm yuyuram”

Guelph Universitetinin professoru və ərzaq iqtisadçısı Mayk fon Massov bildirib ki, Kanadada bəzi restoran sahiblərinin çətinlik çəkməsi onu təəccübləndirmir. Onun sözlərinə görə, ərzaq qiymətlərinin artması restoranlara ikiqat təsir edir. Həm biznes xərcləri artır, həm də istehlakçılar marketdə daha çox pul xərclədikləri üçün restorana daha az gedirlər: “Restoranlar marketlə rəqabət aparır. Əgər biz ərzağa daha çox pul xərcləyiriksə, restorana daha az gedirik. Onlar isə vəziyyətə uyğunlaşmaq üçün qiymətləri artırsa, özlərini daha çətin vəziyyətə salırlar. Bu, həqiqətən də restoranlar üçün çətin durumdur”.

Bu vəziyyət Shelburne şəhərində yerləşən Fransız restoranı Beyond the Gatein sahibi və aşpazı Frederik Şartyeni də narahat edir. O bildirib ki, indi o, yalnız aşpaz deyil, həm qabyuyan, həm mühasib, hətta müştəri az olan günlərdə ofisiant kimi də çalışır, çünki daha çox işçi saxlamaq üçün kifayət qədər müştəri yoxdur.

O deyir ki, COVID-19 pandemiyasından əvvəlki və dərhal sonrakı illər yaxşı keçib, lakin son illərdə müştəri sayı azalıb. O, əlavə gəlir üçün şəhərdəki bir burger restoranında yarımştat işə başlayıb: “Bu, psixoloji cəhətdən yorucudur. Üç il əvvələ qədər işçilərimiz var idi, hər həftəsonu qab yuyanımız olurdu. İndi isə sadəcə işləyirik, işləyirik, dolanmağa çalışırıq”.

Bəzi sahiblər qiymətləri artırmağı planlaşdırır

Sorğuda iştirak edən restoran sahibləri 2026-cı ildə qiymətləri orta hesabla 4 faiz artırmağı planlaşdırdıqlarını bildiriblər.

Bəzi restoranlar qiymətləri artırmamaq üçün alternativ yollar axtarır. Məsələn, sərfəli menyular təklif edir və ya yüksək səviyyəli restoranlar daha münasib qiymətli seçimlər əlavə edir.

Əvvəlki sorğular göstərib ki, kanadalıların dörddə üçü qənaət etmək üçün restorana daha az gedir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar