[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada həmyerlimizin Novruz üçün hazırladığı milli kuklalar satışdadır

Lalə Məmmədova:”Gördüm ki, həmyerlilərimiz Novruz üçün farsların milli geyimli gəlinciklərini alır”

Novruz bayramı yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar evlərində baharın ab-havasını yaratmağa çalışırlar. Kanadanın Toronto şəhərindəki həmyerlimiz Lalə Məmmədova bayram ruhunu yaşatmaq məqsədilə Novruz üçün Azərbaycan milli geyimində kuklalar və xüsusi dekorativ xonçalar hazırlayır.

“Axı, bizim öz milli geyimlərimiz var”

Lalə Məmmədova deyir ki, bu iş onun hobbisidir. İndiyə qədər toxuma ilə məşğul olub, ötən ildən başlayaraq milli geyimlərimizdə kuklalar və dekorativ Azərbaycan xonçaları  hazırlamağa başlayıb: “Uşaqlarımın ikisi də Azərbaycan dili məktəbinə gedir. Məktəbin müəllimi Yeganə Cəfərova uşaqlar üçün ötən ilki Novruz şənliyində xonça müsabiqəsi təşkil etmişdi. Mən də ilk dəfə həmin vaxt Azərbaycan milli ornamentlərinin yer aldığı xonça hazırladım və milli geyimdə gəlinciklər hazırlamaq ideyası da onda ağlıma gəldi”.

Onun sözlərinə görə, bu qərara gəlməsinin səbəblərindən biri də Novruz dekorasiyalarında başqa xalqların milli geyimlərinin istifadə olunması olub: “Gördüm ki, bəzi həmyerlilərimiz Novruz dekorasiyası üçün farsların milli geyimli gəlinciklərini alırlar. Düşündüm ki, niyə başqa xalqın milli paltarında olan kuklaları Novruz dekorasiyasında istifadə edək. Axı, bizim  öz milli geyimlərimiz var”.

Bu səbəbdən Lalə Məmmədova Azərbaycan milli geyimlərində kuklalar hazırlamaq qərarına gəlib. O düşünür ki, xaricdə yaşayan azərbaycanlı ailələr Novruz süfrəsini bəzəyərkən milli motivli dekorasiyalardan istifadə etmək istəyərlər: “Fikirləşdim ki, Kanadada yaşayan azərbaycanlı xanımlar Novruz süfrəsini öz milli geyimimizdə olan kuklalarla bəzəmək istəyərlər”.

     Lalə Məmmədova

“Uzaqda yaşasaq da, evlərimizdə Azərbaycanın ab-havasının hiss olunmasını istədim” 

L.Məmmədova uşaqlıqdan əl işlərinə böyük marağı olduğunu deyir. Hazırda tibb bacısı kimi işləsə də, boş vaxtlarında tikməyi, toxumağı və müxtəlif dekorativ əşyalar hazırlamağı sevir: “Uşaq vaxtımdan əl işlərinə həvəsim olub. Tikməyi, toxumağı sevirəm. Bu mənim hobbimdir. Tibb bacısı kimi işim və kiçik yaşlı övladlarıma görə boş vaxtım çox deyil, amma sevdiyim hobbi ilə məşğul olmaq məni ruhlandırır, xüsusi zövq verir”.

Hazırladığı gəlinciklərlə yanaşı, xonçalarda da Azərbaycan bayrağı, buta naxışları və milli ornamentlərdən istifadə edir: “Uzaqda yaşasaq da, evlərimizdə Azərbaycanın ab-havasının hiss olunmasını istədim”.

Qeyd edək ki, müsahibimizin hazırladığı əl işlərini bu linkdən sifariş edə bilərsiniz. Sifarişinizi Kanadanın müxtəlif əyalətlərinə poçt vasitəsilə göndərmək mümkündür: “İndiyədək başqa əyalətlərdən olan həmyerlilərimizə poçt vasitəsilə əl işlərimi göndərmişəm”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar