Toronto Liman İdarəsi tərəfindən bir sıra sahilyanı zonalarda hidroskuterlərin (jet ski) və qayıqların istifadəsi qadağan ediləcək. Qərar, təhlükəli su nəqliyyatı istifadəçiləri və qeyri-qanuni icarə fəaliyyətləri ilə bağlı narahatlıqlar fonunda qəbul edilib.
Martın 30-da Toronto meriyasında təqdim olunan hesabatda şəhər əməkdaşları bildiriblər ki, Toronto limanı daxilində Motorlu Su Nəqliyyatı Qadağa Zonası (MWEZ) tətbiq olunacaq və bu zonada bütün motorlu qayıqlar və hidroskuterlər qadağan ediləcək.
Toronto Liman İdarəsi həmçinin təsdiqləyib ki, bu yay MWEZ zonaları Humber Bay Shores, Hanlan’s Point və Voodbine Beach ərazilərində tətbiq olunacaq və bu yerlərdən 150 metr məsafədə motorlu qayıqların fəaliyyəti məhdudlaşdırılacaq.
Şəhər əməkdaşları bildirir ki, 2027-ci ildən etibarən bu cür qadağa zonaları Toronto limanından kənarda da – Marie Curtis Park, Humber Bay Park və Bluffer’s Beach Park ərazilərində də tətbiq oluna bilər.
Keçən yay şəhər sakinlərinin rəyləri əsasında və təhlükəsizliyi artırmaq məqsədilə Hanlan’s Point çimərliyində sınaq olaraq belə bir qadağa zonası tətbiq edilmişdi. Bu addım kayak, kanoe, paddleboard istifadəçiləri və qayıq sahibləri daxil olmaqla bütün su istifadəçilərinin təcrübəsini yaxşılaşdırmağa yönəlmişdi.
100 min dollara qədər cərimə
Plan çərçivəsində Toronto şəhər meriyasının əməkdaşları Toronto polisi ilə birlikdə park və çimərliklərdə icazəsiz biznes fəaliyyətlərinə və qayıqların bağlanmasına nəzarəti gücləndirəcək. Qaydalara əməl etməyənlər 100 min dollara qədər cərimə oluna bilər.
Keçən yay həyata keçirilən ilkin nəzarət tədbirləri nəticəsində 2 nəfər saxlanılıb, çoxsaylı ittihamlar irəli sürülüb, 4 parklanma qayda pozuntusu qeydə alınıb və 20 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Maarifləndirmə kampaniyası
May ayında Humber Bay Park, Humber Bay Shores, Woodbine Beach, Ashbridges Bay, Bluffer’s Park və Hanlan’s Point Beach ərazilərində hidroskuterlərin icarəsinin qadağan olunduğunu bildirən nişanlar quraşdırılacaq.
Məhdudiyyətlər 2026-cı ilin yay mövsümünün sonunda aparılacaq qiymətləndirməyə əsasən, növbbəti illərdə də davam etdirilə bilər.
Foto: Canva