Ekspertlər xəbərdarlıq edir ki, Kanadada həssas uşaqları və yeniyetmələri hədəf alan zorakı onlayn ekstremist şəbəkə öz qurbanlarını manipulyasiya edərək özlərinə zərər verməyə, cinsi istismara və zorakılığa məcbur edir. Üstəlik, bu fəaliyyətlərin əsas məqsədi hər zaman maddi qazanc olmur. “CTV News”un hazırladığı araşdırmanı təqdim edirik.
“The White Hatter” adlı rəqəmsal savadlılıq təşkilatının qurucusu Darren Laurun sözlərinə görə, onların məqsədi mümkün qədər çox emosional, psixoloji və fiziki zərər vurmaqdır: “Onlar canavardır”.
“764” kimi tanınan bu şəbəkə Kanadada terror təşkilatı kimi tanınıb. Onlayn ekstremizmi izləyən mütəxəssislər bildirir ki, qrup dostluq, diqqət və ya məxsus olmaq hissi axtaran gəncləri hədəf alaraq onları tədricən təhlükəli və alçaldıcı hərəkətlərə sürükləyir.
Təhlükə analizi üzrə ekspert Valari Findley deyir ki, bu fəaliyyətlərdə müxtəlif ideoloji təsirlər də müşahidə olunur: “Dəri rəngi ağ olanların üstünlüyü, gender və irqi ayrı-seçkilik kimi elementlər də getdikcə bu proseslərə daxil olur”.
Əvvəlcə şəbəkənin üzvləri yeniyetməyə dost kimi yaxınlaşır, sonra etibar qazanır, daha sonra gizli söhbətlərə çəkir, sonda isə uşaqları zərərli və təhlükəli davranışlara yönləndirirlər. Bu proses çox vaxt Roblox və TikTok kimi məşhur platformalarda başlayır, daha sonra isə nəzarətdən kənar qalmaq üçün Discord və Telegram kimi şifrələnmiş tətbiqlərə keçirilir.
Qurbanlar özlərinə zərər verməyə, cinsi məzmun göndərməyə, heyvanlara zərər yetirməyə və digər zorakı hərəkətlərə məcbur edilə bilirlər. Ekspertlərin sözlərinə görə, müşahidə olunan qəddarlıq səviyyəsi son onilliklərdə nadir hallarda görülüb.
Valideynlərə xəbərdarlıq
Mütəxəssislər bildirir ki, valideynlər uşaqlarının davranışındakı dəyişiklikləri diqqətlə izləməli və onlarla açıq ünsiyyət qurmalıdırlar. Bu, ən effektiv qorunma üsullarından biri hesab olunur.
Kanada hökuməti uşaqları onlayn mühitdə qorumaq üçün yeni məhdudiyyətləri, o cümlədən sosial mediaya çıxışın məhdudlaşdırılmasını nəzərdən keçirir.
Bir ailənin faciəsi
Vankuverdən olan ata Ceyson Sokolovski bildirir ki, yeniyetmə qızı “Culprit” adlı istifadəçi tərəfindən manipulyasiya edilib və sonradan onun “764” şəbəkəsi ilə əlaqəli olduğu məlum olub.
Qızının ilk intihar cəhdindən sonra ata onun kompyuterində bu təzyiqlərə dair sübutlar tapdığını deyir. Orada “özünə zərər siyahısı” olduğu və bu hərəkətləri edənlərin qrup daxilində “status” qazandığı qeyd olunurdu.
Təəssüf ki, qız sonradan həyatını itirib. Ata hesab edir ki, bu, sadəcə faciə deyil, cinayətdir və uşaqların qorunması üçün daha ciddi tədbirlər görülməlidir: “Biz uşaqlara maşın sürməyə, silah istifadə etməyə və ya alkoqol qəbul etməyə icazə vermirik. Görünür, sosial media da onlar üçün ən azı bunlar qədər təhlükəlidir”.
Foto: Canva