Silveyn Çarlebois: “Kanadalıların 34 faizi ərzaq almaq üçün ya yığımlarından istifadə edir, ya da borc götürürlər”
Dalhousie Universiteti nəzdində fəaliyyət göstərən Aqri-Qida Analitika Laboratoriyası (AFAL) bildirir ki, indi kanadalılar ərzağa daha çox pul xərcləyirlər. Tədqiqat qurumuna görə, kanadalıların 81 faizi son bir ildə ən çox artan xərcin məhz ərzaq olduğunu qeyd edib.
Laboratoriya 2026-cı il üzrə proqnozunda ərzaq xərclərinin 4-6 faiz artacağını bildirib. Dörd nəfərlik bir ailə üçün bu, illik 1000 dollardan çox əlavə xərc deməkdir.
Kanadalılar ət ala bilmirlər
AFAL-ın direktoru Silveyn Çarlebois deyir ki, bu vəziyyət kanadalıların supermarketdə nə aldıqlarına da təsir edir və onlar ət kimi daha bahalı məhsullardan uzaqlaşırlar: “Biz artıq vegetarianlıq, pesketarianlıq və fleksitarianlıq kimi fərqli qidalanma tərzlərinə keçidi görməyə başlayırıq. Bu, Kanadada getdikcə daha populyar olur”.
O əlavə edir ki, bu dəyişiklik böyük ehtimalla qalıcı olacaq, çünki yaxın gələcəkdə ərzaq qiymətlərinin azalacağını gözləmir: “Bu dayanmayacaq. Düzdür, hesab edirik ki, ərzaq inflyasiyası mart ayında ən aşağı nöqtəyə çatmışdı, amma indi enerji xərcləri və İrandakı münaqişə səbəbindən yenidən artacağını gözləyirik”.
S.Çarleboisin bu qiymətləndirməsi Kanada Statistika Komitəsinin son hesabatı ilə də təsdiqlənir. Hesabata görə, ötən illə müqayisədə təzə meyvə-tərəvəzin qiyməti təxminən 8 faiz artıb.
Ərzaq almaq üçün borc götürənlər var
Qurum bildirir ki, bu, son üç ildə sözügedən sahədə ən böyük artımdır. Bunun əsas səbəbləri kimi digər ölkələrdən idxalın azalması və İrandakı münaqişə səbəbindən enerji qiymətlərinin yüksəlməsi göstərilir. Kanadalıların 34 faizi ərzaq almaq üçün ya yığımlarından istifadə edir, ya da borc götürürlər. Hesabata görə, kanadalıların təxminən 45 faizi endirimlər axtarır və ərzaq israfının qarşısını alan tətbiqlər kimi yeni alətlər getdikcə daha populyar olur: “Onlar yeni müstəqil mağazalar kəşf ediblər. İnsanlar adətən böyük supermarketlərə üstünlük verir, amma bəzi müstəqil mağazalar həqiqətən yaxşı endirimlər təklif edir və kanadalılar bunu artıq görür”.
S.Çarleboisin sözlərinə görə, bəzi müstəqil pərakəndəçilər böyük brendlərdən geri qaytarılmış məhsulları ilkin qiymətin 10–25 faizi ilə əldə edərək istehlakçılara ciddi endirimlərlə təqdim edə bilirlər.
Canada: Canva