[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni Hantavirus təşvişi: Kanadaya qayıdan sərnişinlər nəzarətə götürülüb

“Bu, pandemiyaya səbəb ola biləcək potensiala malik virus deyil”

Üç nəfərin ölümünə və bir neçə nəfərin xəstələnməsinə səbəb olan hantavirus yayılması baş verən kruiz gəmisindəki 140-dan çox sərnişin və ekipaj üzvü gəmini tərk etməyə hazırlaşarkən, dünyanın müxtəlif ölkələri virusun yayılmasının qarşısını almaq üçün koordinasiyalı ictimai səhiyyə tədbirlərinə başlayıb.

Ən azı 12 fərqli ölkədən olan və gəmini erkən tərk edən onlarla insan üçün kontakt izləmə prosesi başlayıb. Onların arasında aprelin 25-də gəmidən Kanadaya qayıdan Ontarionun iki sakini də var. Həkimlərin sözlərinə görə, həmin sərnişinlərdə heç bir simptom yoxdur və onlar ictimaiyyət üçün risk daşımırlar.

MV Hondius gəmisi ötən həftəsonu Kanari Adaları istiqamətində hərəkət edərkən, səhiyyə orqanları sərnişinlərdə mümkün simptomların izlənməsi üçün hazırlıq gördüklərini bildiriblər.

Kanadalılarda simptom yoxdur

İctimai səhiyyə rəsmilərinin sözlərinə görə, evdə təcrid olunan üç kanadalıda və hələ də gəmidə olan dörd Kanada vətəndaşında heç bir simptom müşahidə edilmir.

Daha üç kanadalı virusla təmasda olub

Kanadanın baş ictimai səhiyyə direktoru Coss Reymer bildirib ki, Alberta ştatından iki, Ontariodan isə bir nəfər olmaqla daha üç kanadalı ilə bağlı araşdırmalar aparılır. Onlar yaxın zamanda təsdiqlənmiş xəstə ilə “qısa təmas yarada biləcəkləri” bir uçuşda olublar.

Reymer əlavə edib ki, həmin şəxslər artıq Kanadaya qayıdıblar.

Kanadada yayılma gözlənilmir

Jurnalistin “kruiz gəmisindəki hantavirus yayılması yeni pandemiyaya səbəb ola bilərmi?” sualına C. Reymer riskin “çox aşağı” olduğunu bildirib. O, əlavə edib ki, bu virus COVID kimi yayılmır, insandan insana keçməsi daha çətindir: “Bu, pandemiyaya səbəb ola biləcək potensiala malik virus deyil”.

C.Reymer bildirib ki, Kanadada virusun yayılması gözlənilmir. O qeyd edib ki, potensial təmasdan sonra ölkəyə qayıdan üç kanadalıdan özlərini təcrid etmələri istənilib.

Ontarioda iki sərnişin təcrid olunub

Ontarionun baş həkimi Kieran Mur “CTV News” a bildirib ki, hantaviruslu insanlarla eyni gəmidə olmuş iki Ontario sakini Qrey-Bryus bölgəsində eyni evdə yaşayırlar və hazırda evdə təcrid olunublar. Onun sözlərinə görə, həmin şəxslər aprelin 25-də Ontarioya qayıdıblar və 45 günlük müşahidə altında saxlanılırlar. Lakin onlarda hələ heç bir simptom yoxdur.

Xüsusi müalicə yoxdur

Kieran Mur bunun yeni COVID-19 dalğası olmadığını vurğulayıb: “İnsanların narahatlığını başa düşürəm. Ümid edirəm ki, bu vəziyyət çox adamda yenidən travma yaratmaz. Amma ontarioluları əmin etmək istəyirəm ki, bizim planımız var. Kontakt izləmə, monitorinq və test proseslərində artıq təcrübəliyik. Bu bizim ixtisasımızdır”.

Qeyd edək ki, hantavirus adətən gəmiricilərin yoluxmuş ifrazatlarının nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yayılır və nadir hallarda insandan insana keçə bilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, simptomlar adətən yoluxmadan 1-8 həftə sonra ortaya çıxır.

Hantavirus üçün xüsusi müalicə və ya tam sağaldıcı vasitə yoxdur, lakin erkən tibbi müdaxilə sağ qalma şansını artıra bilər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar