Kanada Statistika Komitəsinin son məlumatlarına görə, Kanadada hər 10 nəfərin birindən çoxu yoxsulluq həddinin altında yaşayır.
2024-cü ildə Kanadada yoxsulluq səviyyəsi 11 faiz olub. Bu göstərici 2020-ci ildə qeydə alınan 7 faizlik səviyyədən xeyli yüksəkdir.
Eyni dövrdə Kanada ailələri və tək yaşayan şəxslərin vergidən sonrakı median gəliri də azalıb. İnflyasiya nəzərə alınmaqla, bu göstərici 2020-ci ildəki 77,400$-dan 2024-cü ildə 75,500$-a düşüb.
4.5 milyon kanadalı yoxsulluq həddinin altında yaşayır
Kanadada yoxsulluq həddi ərzaq, mənzil kimi əsas ehtiyacların qarşılanmasına əsasən hesablanır və ailə üzvlərinin sayına, həmçinin bölgəyə görə dəyişir.
İki böyük və iki uşaqdan ibarət ailə üçün 2024-cü ildə yoxsulluq həddi: Kvebekin 30-99 min əhalisi olan bölgələrində 45,860$, Nunavutun paytaxtı İqaluitdə isə 116,211$olub.
Böyük şəhərlərdə isə bu hədd belədir:
Toronto – 61,763$
Monreal – 49,244$
Vankuver – 62,842$
Kalqari – 57,840$
Yəni 4 nəfərlik ailədə illik gəlir yuxarıdakı məbləğ qədər olubsa, bu, yoxsulluq həddi sayılır.
Yeni hesabata əsasən, 2024-cü ildə təxminən 4.5 milyon kanadalı yoxsulluq həddinin altında yaşayıb. Ən yüksək yoxsulluq səviyyəsi yaşayış xərclərinin yüksək olduğu Nunavutda qeydə alınıb – 31.7 %. Daha sonra Britaniya Kolumbiyası (13%) və Ontario (12.5%) gəlir. Ən aşağı yoxsulluq səviyyəsi isə Kvebekdə olub – 7%.
Yoxsulluq səviyyəsi aşağıdakı qruplar arasında milli ortalamadan daha yüksək olub: İrqi azlıqlar – 15.5%, əlilliyi olan şəxslər – 12.6 faiz, yerli xalqlar (15 yaş və yuxarı) – 18.1 faiz.
65 yaş və yuxarı şəxslər arasında yoxsulluq səviyyəsi isə 5.4 faizə düşüb.
Ərzaq təhlükəsizliyi problemi
Satatistika Komitəsinin məlumatına görə, 2024-cü ildə təxminən 9.8 milyon kanadalı, yəni əhalinin 24 faizi, ailələrinin müəyyən formada ərzaq çatışmazlığı yaşadığını bildirib.
2024-cü ildə Kanada ailələri və tək yaşayan şəxslər üçün vergidən sonrakı median gəlir 75,500$ olub. Bu, əvvəlki ildən 400$ çox olsa da, 2020-ci ildən aşağıdır
Qeyd edək ki, 2024-cü ildə Kanada əhalisinin sayı 41 milyon nəfər olub.
Foto: Canva