Torontoda fəaliyyət göstərən CANADAPT Consulting şirkətinin həmtəsisçisi lisenziyalı immiqrasiya məsləhətçisi Leyla Məmmədovanın lisenziyası peşə etikası qaydalarını pozduğuna görə bu ilin may ayında ləğv edilib.
Kanada İmmiqrasiya və Vətəndaşlıq Məsləhətçiləri Kollecinin (College of Immigration and Citizenship Consultants — CICC) İntizam Komitəsi və Tribunalın verdiyi qərara əsasən, L.Məmmədova müştərilərə ümumilikdə 32 min 639 dollar geri ödəməli, Kollecə 50 min dollar cərimə və əlavə olaraq, məhkəmə xərcləri üçün 35 min 500 dollar ödəməlidir.
İntizam Komitəsi müəyyən edib ki, L.Məmmədova müraciətlərin hazırlanması, göndərilməsi və təsdiqlənməsi ilə bağlı müştərilərə təqdim etdiyi bütün məlumatlarda onları yanlış istiqamətləndirib. Bundan əlavə, müxtəlif müraciətlərə immiqrasiyadan müsbət cavab almaq üçün saxta sənədlər hazırlayıb.
Sənədə görə, L.Məmmədova həmçinin Kollecin müstəntiqinin məlumat tələblərinə cavab verməyib, müştərilərin sorğu və yazışmalarını cavabsız qoyub: “Araşdırma zamanı məlum olub ki, o, xidmət müqaviləsinin şərtlərini yerinə yetirməyib, buna baxmayaraq, haqqı olmayan vəsaiti müştərilərə geri qaytarmayıb və sənədləri onlara təqdim etməyib. Bununla da immiqrasiya məsləhətçisi 2016 və 2019-cu illərin Peşə Etikası Kodeksini, Müştəri Hesabları Qaydalarını, Müştəri Fayllarının İdarə Edilməsi Qaydalarını və Xidmət Müqaviləsi Qaydalarını pozub”.
Qeyd edək ki, qərarları verən İmmiqrasiya və Vətəndaşlıq Məsləhətçiləri Kolleci (CICC) Kanadada fəaliyyət göstərən lisenziyalı immiqrasiya məsləhətçilərinə (RCIC) nəzarət edir.
Əgər hər hansı məsləhətçi peşə etikası qaydalarını pozarsa, müştəriləri aldadarsa və ya qanun pozuntusuna yol verərsə, həmin qurum: araşdırma aparır, şikayətləri incələyir, cərimə tətbiq edir, lisenziyanı dayandıra və ya tam ləğv edə bilir.