[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Uşaqlar və gənclər arasında psixi sağlamlıq problemi artır: nə etməli?

Uşaqlar və yeniyetmələr arasında həyəcan, narahatlıq (anxiety) və psixi sağlamlıq diaqnozları artmaqda davam edir və mütəxəssislər bunu artıq qlobal böhran adlandırırlar.

Kanada Mental Sağlamlıq Araşdırma Təşkilatının məlumat və tərəfdaşlıqlar üzrə vitse-prezidenti Maykl Kuperin dediyinə görə, hazırda hər 4-5 gəncdən birinə hansısa psixi sağlamlıq problemi diaqnozu qoyulur: “Psixi sağlamlıq məsələlərində isə çox vaxt məqsəd problemi tam aradan qaldırmaq deyil, onu ömür boyu idarə etməyi öyrənmək olur”.

Psixi sağlamlıq üzrə mütəxəssis Culi Kass deyir ki, son 10 ildə uşaqların psixoloji vəziyyətinə təsir edən bir neçə əsas faktor müşahidə olunur: “Ən birinci səbəb odur ki, valideynlər əvvəlkindən daha streslidir. Ev mühiti daha gərgindir və uşaqlar bu enerjini hiss edirlər. Hətta onlar sözlərdən çox enerjini qəbul edirlər”.

Onun sözlərinə görə, bu gün uşaqların üzərinə daha çox təzyiq düşür və böyüklər onların emosiyalarını idarə etməsinə kömək etmək üçün daha çox çalışmalıdırlar.

Maykl Kuper isə bunun yalnız Kanadaya aid problem olmadığını vurğulayır: “2024-cü ildə Bell Let’s Talk və bir sıra təşkilatlarla birlikdə hazırladığımız “Risk Altında Nəsil” hesabatında müəyyən etdik ki, Kanadada 12-24 yaş arasında təxminən 1.25 milyon gənc psixi sağlamlıq problemi yaşayır və onların 60 faizi ehtiyac duyduğu yardımı almır”.

Harvard Universiteti, Boston Universiteti və Boston Tibb Mərkəzinin birgə araşdırması da uşaqlar arasında psixi sağlamlıq problemlərinin sürətlə artdığını göstərib. 2014-2023-cü illəri əhatə edən araşdırmada 2 milyon uşaq və yeniyetmə iştirak edib.

Harvard Tibb Məktəbinin professoru Meqan Kol Brahim bildirib ki, 2023-cü ildə ilkin tibbi müraciətlərin 15 faizi psixi sağlamlıq problemləri ilə bağlı olub: “Ən diqqətçəkən artım isə narahatlıq (anxiety) ilə bağlı müraciətlərdə müşahidə olunub. Son 10 ildə bu göstərici təxminən 300 faiz artıb və xüsusilə yeniyetmələr, əsasən də qızlar arasında daha çox qeydə alınıb”.

Araşdırmaçılar sosial media, ekran qarşısında uzun vaxt keçirmək, akademik və rəqabət təzyiqləri, həmçinin pandemiya dövrünün yaratdığı dəyişiklikləri əsas səbəblərdən hesab edirlər. Culi Kass qeyd edir ki, ekran vaxtı ilə narahatlıq səviyyəsi arasında birbaşa əlaqə var: “Maraqlıdır ki, texnologiya vasitəsilə daha çox əlaqədə olan bir nəsil emosional baxımdan daha az bağlıdır və bunu görməzdən gəlmək olmaz.”

Mütəxəssislər bildirirlər ki, narahatlıq (anxiety) özünü həm fiziki, həm emosional, həm də psixoloji formada, panik ataklardan motivasiya itkisinə qədər müxtəlif əlamətlərlə göstərə bilər.

Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün insanlar yenidən emosional əlaqələrə, canlı ünsiyyətə, açıq havada vaxt keçirməyə və yaradıcı fəaliyyətlərə qayıtmalıdırlar.

Onlar həmçinin vurğulayırlar ki, araşdırmalar yalnız yardım üçün müraciət edən gəncləri əhatə edir. Halbuki çox sayda uşaq və yeniyetmə səssiz şəkildə psixoloji çətinliklərlə mübarizə aparır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp