Britaniya Kolumbiyasında bir kondominium sahibi mənzilində asdığı rəngli pərdələrə görə kəsilmiş 200 dollarlıq cəriməni ləğv etdirmək istəsə də, məhkəmə onun iddiasını rədd edib.
Gilbert Maurice Papineau adlı sakin 2018-ci ildə mənzilinin pəncərələrinə çəhrayı, qırmızı və mavi rəngli pərdələr asmışdı. Lakin yaşayış kompleksinin idarə heyəti 2017-ci ildə qəbul olunmuş qaydaya əsasən, küçədən görünən pəncərə örtüklərinin yalnız ağ, krem, boz və ya açıq qəhvəyi rəngdə olmasına icazə verildiyini bildirib.
G.Papineau iddia edib ki, pərdələr altı il ərzində heç bir problem yaratmayıb və binanın idarə heyəti buna görə onu narahat etməməli idi. Buna baxmayaraq, 2024-cü ildə ona üç dəfə cərimə tətbiq olunub və o, sonda pərdələri çıxarmağa məcbur olub.
Məhkəmə qeyd edib ki, şikayət gec təqdim olunsa da, idarə heyəti qayda pozuntusu ilə bağlı müraciət aldıqdan sonra tədbir görməyə borclu idi. Qərarda vurğulanıb ki, bina sakinləri pərdə rənglərinin vacib olduğunu düşündükləri üçün bu barədə xüsusi qayda qəbul ediblər.
Nəticədə tribunal G.Papineaunun şikayətini rədd edib və o, 200 dollarlıq cəriməni ödəməli olacaq.