[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Meşə yanğınlarının tüstüsündən necə qorunmalı?

Ontarionun bir çox bölgəsində, o cümlədən Böyük Toronto Ərazisində (GTA), Ətraf Mühit Nazirliyi tərəfindən havanın keyfiyyəti ilə bağlı xəbərdarlıq edilib. Buna səbəb şimal-qərbi Ontarioda baş verən meşə yanğınlarından qalxan tüstünün cənuba doğru yayılmasıdır.

Kanada Ağciyər Assosiasiyası bildirir ki, meşə yanğınlarının tüstüsü yalnız yanğına yaxın ərazilərdə yaşayanlar üçün deyil, yüzlərlə kilometr uzaqda yaşayan insanlar üçün də ciddi sağlamlıq riski yaradır.

Kondisioneri necə istifadə etməli?

Astma və digər xroniki xəstəlikləri olan insanlar, körpələr, kiçik uşaqlar, hamilə qadınlar və yaşlılar tüstünün təsirini sağlam insanlardan daha çox hiss edə bilərlər.

Kanada Ağciyər Assosiasiyasına görə, əksər kondisionerlər çöldən hava çəkmir və tüstülü havalarda təhlükəsiz istifadə oluna bilər.

Əgər sisteminizdə təmiz hava girişi varsa:

  • onu “recirculate” (daxili hava dövranı) rejiminə keçirin;
  • və ya çöldən hava girişini bağlayın.
  • Həmçinin çöl qapıları və kaminin hava girişləri də bağlı saxlanmalıdır.

Əgər evinizdə kondisioner yoxdursa və hava çox pisdirsə, kitabxana, ticarət mərkəzi və ya yaxınlıqdakı icma mərkəzinə getməyi düşünün.

Maska taxın

Kanadanın İctimai Səhiyyə Agentliyinin məlumatına görə, N95, KN95 və KF94 maskaları meşə yanğınlarının tüstüsündəki zərərli xırda hissəciklərin ağciyərlərə daxil olmasını əhəmiyyətli dərəcədə azaldır. Bu respirator maskalar üzə kip oturur, burnu, ağzı və çənəni tam örtür, xırda hissəcikləri effektiv şəkildə süzür. Parça maskalar, tibbi və cərrahi maskalar isə tüstü hissəciklərinə qarşı eyni səviyyədə qoruma təmin etmir.

Əgər eyni vaxtda həm tüstü, həm də güclü istilər müşahidə olunursa və maska taxmaq sizi daha çox narahat edirsə, əsas prioritet bədənin sərin qalmasıdır.

Qeyd olunur ki, respirator maskalar tüstüdə olan qazlardan tam qoruya bilmir.

2 yaşdan kiçik uşaqlara və maska ilə nəfəs almaqda çətinlik çəkən şəxslərə respirator maska taxılması tövsiyə edilmir.

Astmanızı nəzarətdə saxlayın

Astması olan böyüklər və uşaqlar həm gündəlik istifadə olunan profilaktik (controller) dərmanlarını, həm də tutma zamanı istifadə olunan təcili (reliever) inhalerlərini həmişə yanlarında saxlamalıdırlar.

Controller dərmanları ağciyərlərdə iltihabı azaldır və astma tutmalarının qarşısını almağa kömək edir. Reliever inhalerləri isə nəfəs yollarını genişləndirərək tutma zamanı nəfəs almağı asanlaşdırır.

Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin

Əgər sizdə və ya uşağınızda başgicəllənmə, sinə ağrısı, güclü öskürək, nəfəs darlığı, xırıltılı nəfəsalma, ürək döyüntülərinin sürətlənməsi baş verərsə, mütləq həkimə və ya təcili yardım şöbəsinə müraciət edin.

Mütəxəssislər bildirirlər ki, meşə yanğınlarının tüstüsü çox qısa müddətdə ciddi tənəffüs problemlərinə səbəb ola bilər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp