Ontario hökuməti 5 özəl kollecin tələbələrinin 2026–2027-ci tədris ilində OSAP (Ontario Student Assistance Program – Ontraio Tələbə Dəstəyi Proqramı) tələbə kreditlərindən istifadə hüququnu ləğv edib.
Əyalət hökumətinin tələbələrə maliyyə dəstəyi proqramında apardığı islahat çərçivəsində universitet və dövlət tərəfindən maliyyələşdirilən kolleclərin tələbələri üçün də qrantların həcmi əhəmiyyətli dərəcədə azaldılıb.
Ontario hökuməti bu ilin əvvəlində bildirib ki, növbəti dörd il ərzində ali təhsil müəssisələrinə 6,4 milyard dollar əlavə maliyyə ayrılacaq, eyni zamanda OSAP xərcləri azaldılacaq. Hökumət bunu proqramın maliyyə baxımından dayanıqlı olmaması ilə əsaslandırıb.
Lakin əvvəllər əldə olunan rəsmi sənədlər göstərib ki, son illərdə OSAP qrantlarında baş verən artımın demək olar ki, hamısı məhz özəl karyera kolleclərinin tələbələrinin payına düşüb.
Hansı kolleclər təsirlənib?
Ontario Ali Təhsil Nazirliyi aşağıdakı təhsil müəssisələrinin tələbələrinin artıq OSAP kreditlərindən istifadə edə bilməyəcəyini açıqlayıb:
- Academy of Learning Career College – 4 kampus (françayz əsasında fəaliyyət göstərən filiallar)
- Citi College of Canadian Careers
Səbəb nədir?
Federal və əyalət hökumətləri konkret pozuntuları açıqlamasalar da, məhkəmə sənədlərindən məlum olur ki, əsas narahatlıqlar onlayn təhsil proqramları ilə bağlıdır.
Nazirlik aşağıdakı problemləri qeyd edib:
- yüksək riskli tələbə qəbul prosedurları;
- onlayn proqramlarda iştirakın kifayət qədər yoxlanılmaması;
- davamiyyətə zəif nəzarət;
- tələbələrin akademik irəliləyişinin yetərincə izlənilməməsi.
Əsas narahatlıq isə belə ifadə olunub: Proqrama qeydiyyatdan keçən şəxslərin dərsləri və tapşırıqları həqiqətən özlərinin yerinə yetirib-yetirmədiyi dəqiq müəyyən edilə bilmirdi.
Kolleclər ittihamları qəbul etmir
Brampton, Şimali Toronto və Downtown Toronto kampuslarını idarə edən şirkətlər bildirirlər ki, onların proqramları əsasən işləyən böyüklər, Kanadaya yeni köçənlər, ailə məsuliyyəti olan şəxslər, çevik təhsil qrafikinə ehtiyacı olan tələbələr üçün hazırlanıb və bütün lazımi nəzarət mexanizmləri tətbiq olunub.
Onlar həmçinin məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyirlər. Kolleclərin fikrincə, nazir yalnız mövcud tədris ili ərzində OSAP hüququnu dayandıra bilər, növbəti tədris ili üçün isə əvvəlcədən belə qərar vermək səlahiyyətinə malik deyil.
Foto: Canva