CUSMA-nın (Kanada–ABŞ–Meksika SazişI) qüvvədən düşməsi Kanadada yüz minlərlə iş yerinin itirilməsinə səbəb ola bilər. Bu barədə Kanada-Amerika Biznes Şurası üçün “Oxford Economics” tərəfindən hazırlanan hesabatda deyilir.
Qeyd edək ki, CUSMA-ya daxil olan məhsullara illərdir ki, heç bir tarif tətbiq edilmir.
Hesabatda CUSMA ilə bağlı müxtəlif ssenarilər, o cümlədən sazişin ləğv edilməsinin mümkün iqtisadi nəticələri araşdırılıb. Hesabata görə, CUSMA ləğv olunarsa, 2027-ci ildə ABŞ 214 min iş yeri itirə bilər: “Bu iş yerlərinin bir çoxu tariflərdən birbaşa təsirlənən istehsal sahələrində olacaq. Lakin xidmət sektoru da təsirdən kənarda qalmayacaq. Əhalinin sərəncamında olan gəlirlərin azalması istehlak xərclərini aşağı salacaq, ticarət və investisiyaların azalması isə nəqliyyat, tikinti və peşəkar xidmətlərə tələbi azaldacaq”.
Hesabata əsasən, CUSMA-nın uğurlu şəkildə yenidən müzakirə olunması ABŞ-da 137 min, Kanadada isə 98 min yeni iş yeri yarada bilər: “Hazırkı vəziyyət neytral başlanğıc nöqtəsi deyil. Hətta mövcud tariflərin saxlanılması belə ixracın artımını yavaşladır və hər iki ölkədə işsizliyin yüksək səviyyədə qalmasına səbəb olur”.
Hesabata görə, CUSMA-nın ləğvindən ən çox təsirlənə biləcək Kanada əyalətləri və ABŞ ştatları arasında Ontario, Kvebek, Manitoba, Nyu-Brunsvik, Miçiqan, İndiana, Vaşinqton və Ayova yer alır.
Kanadada CUSMA-nın ləğvindən ən çox avtomobil, metal, maşınqayırma, elektronika, kimya, ağac və kağız məhsulları sənayesinin zərər görə biləcəyi bildirilir.
Kanada mallarının bir sıra kateqoriyalarına tətbiq ediləcək yeni 50 faizlik ABŞ tariflərinin avqustun 19-dan qüvvəyə minməsi gözlənilir.
ABŞ Prezidenti Donald Trampın digər tariflərindən fərqli olaraq, bu yeni tariflər CUSMA qaydalarına uyğun olan mallar üçün istisna nəzərdə tutmur.
Kanadanın ABŞ-la ticarət naziri Dominik LeBlank və ölkənin baş ticarət müzakirəçisi Canis Şarett bu həftə növbəti danışıqlar üçün Vaşinqtona gediblər.
LeBlank çərşənbə axşamı sosial şəbəkədə bildirib ki, onlar ABŞ-ın ticarət nümayəndəsi Camisan Grir ilə görüşüblər.
LeBlankın sözçüsü Qabriel Brunet bazar günü bildirib ki, danışıqlarda yeni tarif təhdidləri, mövcud sektoral tariflər və CUSMA-nın yenidən müzakirəsi geniş şəkildə müzakirə olunub.
Hesabata görə, ABŞ-da təxminən 1,4 milyon və Kanadada 2,5 milyon iş yeri iki ölkə arasındakı ticarət əlaqələrindən asılıdır.
Hesabatda xəbərdarlıq edilir ki, bu inteqrasiyanın geri çevrilməsi yalnız mövcud iqtisadi üstünlüklərin itirilməsi ilə nəticələnməyəcək, həm də şirkətlər üçün böyük keçid xərcləri yaradacaq. Çünki şirkətlər onilliklər ərzində formalaşmış mürəkkəb təchizat zəncirlərini yenidən qurmalı və uzunmüddətli səmərəlilik itkiləri ilə üzləşməli olacaqlar.
McGill Universitetinin müəllimi və əvvəllər Kanada Maliyyə Nazirliyində xüsusi məsləhətçi kimi çalışmış Culian Karaquesian isə ən real ssenarinin tariflərin saxlanılması olduğunu bildirib.
O əlavə edib ki, Kanadanın ABŞ-la ticarəti azalsa da, ABŞ-dan kənar ölkələrlə ticarət artır.
Kanada hökuməti qarşıdakı onillikdə ABŞ-dan kənar ölkələrə ixracı iki dəfə artırmağı hədəfləyib.
Hökumətin yaz iqtisadi hesabatına görə, 2025-ci ildə ABŞ-dan kənar ölkələrə mal və xidmət ixracı 2024-cü illə müqayisədə 33 milyard dollar artıb.
Hesabat xəbərdarlıq edir ki, CUSMA-nın ləğvi hər iki ölkədə tariflərin kəskin artmasına səbəb olacaq. Sazişin uğurla yenidən müzakirə olunması halında isə ikitərəfli tariflərin 2025-ci ildən əvvəlki səviyyəyə, yəni təxminən 1 faizə yaxınlaşacağı gözlənilir. Bu ssenaridə polad, alüminium və Kanada süd məhsullarına yalnız məhdud əlavə tariflərin tətbiq ediləcəyi nəzərdə tutulur.
Foto: Canva