Kanada vətəndaşlığı və immiqrasiya üzrə hüquqşünas Sedrik Marin: “Federal hökumət daha “təcili” hesab olunan müraciətlərə üstünlük verir”
Federal hökumətin proqnozları və immiqrasiya üzrə ekspertlərin məlumatlarına görə, son bir neçə ildə Kanada vətəndaşlığına müraciətlərin baxılma müddəti əhəmiyyətli dərəcədə artıb.
İmmiqrasiya hüquqşünasları müraciətlərin sayının artmasını həm Tramp administrasiyasının mübahisəli siyasəti, həm də federal hökumətin ötən ilin dekabrında qəbul etdiyi C-3 qanun layihəsi ilə əlaqələndirirlər. Vətəndaşlıq haqqında qanuna dəyişiklik edən C-3 qanunu vətəndaşlığın mənşəyə görə ötürülməsinə tətbiq edilən birinci nəsil məhdudiyyətini aradan qaldırıb. Bununla da Kanadada əcdadları olan daha çox şəxsin vətəndaşlıq almaq üçün müraciət etməsinə imkan yaranıb.
Vankuverdə fəaliyyət göstərən immiqrasiya hüquqşünası və siyasti analitik Riard Kurlandın sözlərinə görə, müraciətlərin qəfil artmasının əsas hissəsi ABŞ-dan gələn şəxslərlə bağlıdır.
R.Kurland çərşənbə günü “CTVNews.ca”ya müsahibəsində deyib ki, əvvəllər vətəndaşlığın təsdiqi üçün müraciətlərə kifayət qədər tez baxılırdı, lakin Tramp administrasiyasının siyasəti fonunda müraciətlərin sayında kəskin artım baş verib və nəticədə baxılma müddəti uzanıb. Onun sözlərinə görə, əvvəllər bir neçə ay çəkən proses hazırda bir ildən xeyli çox davam edir.
R.Kurland Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə (IRCC) istinadən deyir ki, 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər vətəndaşlıq müraciətlərinə baxılma müddəti 6 ay olub.
Hüquqşünas: İlin sonuna qədər müddət 3 ilə çata bilər
Ottavada fəaliyyət göstərən Kanada vətəndaşlığı və immiqrasiya üzrə hüquqşünas Sedrik Marin bildirib ki, baxılma müddəti bu ilin əvvəlində 9-10 ay olduğu halda, hazırda 25 aya çatıb.
S.Marin “CTVNews.ca”ya video müsahibəsində deyib ki, ilin sonuna qədər üç illik baxılma müddətinin real olması mümkündür. Onun sözlərinə görə, federal hökumət daha “təcili” hesab olunan müraciətlərə üstünlük verir və bu da adi müraciətlərin gecikməsinə səbəb olur.
S.Marin buna misal olaraq gender kimliyinə görə təhlükə ilə üzləşən şəxsləri və iş icazəsinin müddəti bitmək üzrə olduğu üçün Kanada vətəndaşlığını təsdiqləyən sənədə təcili ehtiyac duyan şəxsləri göstərib.
IRCC-nin saytında qeyd olunur ki, bəzi müraciətlər, məsələn, sertifikata daha tez ehtiyacı olan və bunun gecikməsi “zərər və ya çətinlik” yarada biləcək şəxslərin müraciətləri təcili qaydada qiymətləndirilə və standart müddətdən daha tez icra oluna bilər.
IRCC: Müraciətlər “ədalətli və mümkün qədər tez” icra olunur
Federal hökumətin məlumatına görə, hazırda adi müraciətçinin qərarı öyrənməsi üçün təxminən 25 ay gözləməsi tələb olunur. Kanada və ABŞ-dan kənarda yaşayan şəxslər üçün bu müddət daha uzun ola bilər.
Bu, may ayında müraciət edənlər üçün açıqlanan təxminən 12 aylıq müddətdən iki dəfədən çoxdur. Hazırda təxminən 121 min 800 nəfər müraciətinin baxılmasını gözləyir.
Federal hökumət bildirib ki, baxılma müddəti ilə bağlı təxminlər hər ay yenilənir və müraciətlərin sayı, həmçinin qurumun qəbul etdiyi və emal etməyi gözlədiyi müraciətlərin həcmi kimi amillər nəzərə alınır.
Baxılma müddətinin uzanması ilə bağlı narahatlıqlara cavab olaraq IRCC-nin sözçüsü Anahita Beladi cümə günü “CTVNews.ca”ya elektron poçtla bildirib ki, qurum vətəndaşlığın təsdiqi ilə bağlı müraciətləri “ədalətli və mümkün qədər tez, eyni zamanda Kanadanın vətəndaşlıq proqramının bütövlüyünü qorumaqla” emal edir.
İmmiqrasiya vəkili R.Kurland isə hökumətin böyük sayda müraciətləri daha sürətli emal etmək üçün daha çox işçiyə ehtiyac duyduğunu bildirib: “Ottava düzgün addımlar atmasa, qarşıda ciddi problemlər var”.
Foto: Canva