Ontario sakinləri üçün 1 noyabr 2026-cı ildən qış mövsümü üçün elektrik enerjisinin tarifləri aşağı salınacaq. Bununla yanaşı, elektrik enerjisi üzrə dövlət güzəştinin faiz dərəcəsi də azaldılacaq. Belə ki, Ontario Electricity Rebate (OER) adlı elektrik enerjisi güzəştinin məbləği hesablamalarda 15,7 faiz təşkil edəcək. Bu, əvvəlki göstərici ilə müqayisədə təxminən 8 faiz azalma deməkdir. Güzəşt yaşayış evləri, kiçik bizneslər və fermer təsərrüfatlarının elektrik enerjisi hesablarına tətbiq olunur.
Energetika naziri Stefen Leccenin sözçüsü Noah Mavji açıqlamasında bildirib: “Hökumətimiz Ontario ailələri üçün elektrik enerjisi xərclərini aşağı səviyyədə saxlamağa davam edir. Bu qış elektrik enerjisinin qiymətləri azalarkən, orta hesabla bir ailəyə ildə təxminən 275 dollar qənaət etməyə imkan verən enerji güzəştini də təqdim edirik”.
Əyalət hökumətinin məlumatına görə, ay ərzində 700 kilovat-saat elektrik enerjisi istifadə edən tipik istehlakçının hesabı ayda 23 dollar azalacaq. Əvvəllər elektrik enerjisi güzəşti aylıq hesabı təxminən 36 dollar, yaxud ildə 432 dollar azaldırdı.
Ontario Enerji Şurası (OEB) bildirib ki, istehlakçıların ümumi elektrik enerjisi xərclərindəki dəyişiklik əvvəlki illərlə uyğun səviyyədə qalacaq.
Ontario sakinləri üçün yeni elektrik enerjisi tarifləri
Ontario sakinləri elektrik enerjisi üçün üç tənzimlənən tarif planından birini seçə bilər.
- İstifadə vaxtına görə tarif (Time-of-Use)
Bu planda elektrik enerjisinin qiyməti günün hansı saatında istifadə edilməsindən asılıdır:
– Aşağı tələbat saatlarında (off-peak): kilovat-saat üçün 9,1 sent. Əvvəl 9,8 sent idi.
– Orta tələbat saatlarında (mid-peak): kilovat-saat üçün 14,6 sent. Əvvəl 15,7 sent idi.
– Yüksək tələbat saatlarında (on-peak): kilovat-saat üçün 18,9 sent. Əvvəl 20,3 sent idi.
- Gecə saatlarında çox aşağı tarif (Ultra-Low Overnight)
Bu tarif planından istifadə edənlər üçün yeni qiymətlər belə olacaq:
– Gecə saatlarında ən aşağı tarif dövründə: kilovat-saat üçün 3,7 sent. Əvvəl 3,9 sent idi.
– Aşağı tələbat saatlarında: 9,1 sent. Əvvəl 9,8 sent idi.
– Orta tələbat saatlarında: 14,6 sent. Əvvəl 15,7 sent idi.
– Yüksək tələbat saatlarında: 37,7 sent. Əvvəl 39,1 sent idi.
- Pilləli tarif (Tiered)
Bu planda qiymət istifadə olunan elektrik enerjisinin miqdarından asılıdır:
– Ev təsərrüfatları ay ərzində istifadə etdikləri ilk 1.000 kilovat-saat elektrik enerjisi üçün kilovat-saat başına 11,2 sent ödəyəcəklər. Əvvəl bu qiymət 12 sent idi.
– 1.000 kilovat-saatdan artıq istifadə üçün isə kilovat-saat başına 13,2 sent ödəniləcək. Əvvəlki qiymət 14,2 sent idi.
Əyalət hökumətinin bildirdiyinə görə, qış mövsümündə yaşayış evləri üçün aşağı tariflə hesablanan elektrik enerjisi limitinə ayda əlavə 400 kilovat-saat da daxil ediləcək.
Ontario Enerji Şurası hər il oktyabr ayında növbəti dövr üçün elektrik enerjisi tariflərini açıqlayır. Qiymətlər qarşıdakı 12 ay ərzində elektrik enerjisinin istehlakçılara çatdırılması üçün tələb olunan xərclərin proqnozu əsasında müəyyən edilir. Əvvəlki dövrdə proqnozlaşdırılan və faktiki xərclər arasında yaranmış fərq də tariflərin hesablanması zamanı nəzərə alınır.
Foto: Canva