Kanada 2027-ci ildə 622 minədək yeni daimi sakin qəbul etməyi planlaşdırır

Kanada hökumətinin federal büdcəsində və illik İmmiqrasiya Planında açıqlanan rəqəmlərə əsasən, ölkə 2027-ci ilin sonunadək 622 minədək yeni daimi sakin (Permanent Resident – PR) qəbul etməyi planlaşdırır.

“CanAzerbaijan” “CIC News”a istinadən Kanada hökumətinin 2027-ci il üçün immiqrasiya planlarını təqdim edir.

Hökumətin 2026-cı il Federal Büdcəsində Kanadada müvəqqəti statusla yaşayan 200 minədək şəxsin 2027-ci ilin sonunadək daimi yaşayış statusuna (PR) keçirilməsi ilə bağlı tədbirlər elan edilib.

Bundan əlavə, hökumətin 2027–2029-cu illər üzrə İmmiqrasiya Planında 2027-ci ildə yeni daimi sakinlərin qəbulu üçün maksimum 422 min nəfərlik hədəf müəyyən edilib.

Beləliklə, 2027-ci il üçün nəzərdə tutulan iki əsas təşəbbüsün ümumi həcmi 622 min nəfərə çata bilər.

200 min nəfərlik keçid proqramının detalları

2027-ci ildə müvəqqəti statusundan daimi yaşayış statusuna keçid tədbirləri çərçivəsində nəzərdə tutulan 200 min yerin 100 mini ixtisaslı işçilər üçün ayrılacaq.

Bu şəxslərin seçimi əyalət və ərazi hökumətləri ilə əməkdaşlıq çərçivəsində aşağıdakı proqramlar vasitəsilə həyata keçiriləcək:

– Express Entry – federal iqtisadi immiqrasiya sistemi;

– Provincial Nominee Program (PNP) – Əyalət Namizəd Proqramı.

Əvvəlki immiqrasiya təşəbbüsləri də davam edəcək

Yeni planda hökumət 2026–2027-ci illər üçün elan edilmiş birdəfəlik təşəbbüslər çərçivəsində daha 148 min nəfərə daimi yaşayış statusu vermək niyyətini də təsdiqləyib.

Xatırladaq ki, hökumət ötən il aşağıdakı qruplara PR statusu verilməsi planını açıqlamışdı:

– 115 minədək müdafiə olunan şəxs (Protected Persons);

– Kanadada yaşayan 33 minədək xarici işçi.

2026-cı ilin yanvarından avqustunadək açıqlanan rəsmi statistikaya əsasən, bu birdəfəlik təşəbbüslər çərçivəsində 46 min 330 nəfər yeni daimi sakin statusu əldə edib.

Bu isə 2026-cı ilin sentyabrından 2027-ci ilin dekabrınadək olan 16 aylıq müddətdə təxminən 100 min müdafiə olunan şəxs və ixtisaslı işçinin PR statusu almasının nəzərdə tutulduğunu göstərir.

Lakin hökumət 2027-ci il üçün nəzərdə tutulan 200 min nəfərlik yeni keçid proqramına əvvəlki təşəbbüslərdən qalan müraciətlərin daxil edilib-edilmədiyini bildirməyib.

2027–2029-cu illər üzrə daimi sakinlərin qəbulu

İmmiqrasiya Planına əsasən, 2027, 2028 və 2029-cu illər üçün daimi sakinlərin qəbulu üzrə eyni hədəflər müəyyən edilib.

2027-ci il: 380 min (352 min 500–422 min)

2028-ci ilI:380 min (352 min 500 – 422 min)

2029-cu il: 380 min (352 min 500 – 422 min)

Hər il üçün nəzərdə tutulan 380 min nəfərlik ortalama hədəf aşağıdakı kateqoriyalar üzrə bölüşdürülüb:

– 244 min 700 nəfər – iqtisadi immiqrasiya;

– 81 min nəfər – ailə birləşməsi;

– 49 min 300 nəfər – qaçqınlar və müdafiə olunan şəxslər;

– 5 min nəfər – humanitar proqram kateqoriyası əsasında.

Kvebekdən kənarda fransızdilli immiqrantların sayı artırılacaq

Hökumət Kvebekdən kənarda yaşayan fransızdilli daimi sakinlərin ümumi immiqrasiya qəbulunda payını artırmağı planlaşdırır.

Müəyyən edilmiş hədəflər:

– 2027-ci il – 9,5%;

– 2028-ci il – 10,5%;

– 2029-cu il – 12%.

Müvəqqəti sakinlər üzrə hədəflər

2027-ci ildə Kanadaya müvəqqəti statusla qəbul ediləcək şəxslərin ümumi sayı 370 min nəfər olaraq müəyyən edilib.

Bu rəqəmin bölgüsü belədir:

– 220 min nəfər – müvəqqəti xarici işçilər;

– 150 min nəfər – beynəlxalq tələbələr.

Xarici işçilər üçün nəzərdə tutulan icazələr

220 min iş icazəsinin:

– 50 mini Müvəqqəti Əcnəbi İşçi Proqramı (Temporary Foreign Worker Program) çərçivəsində veriləcək. Bu proqram üzrə işəgötürənlər LMIA – Əmək Bazarına Təsirin Qiymətləndirilməsi sənədini təqdim etməlidirlər. Bu sənəd uyğun Kanada vətəndaşının və ya daimi sakininin həmin vəzifəyə işə götürülə bilmədiyini göstərir.

– 170 mini isə Beynəlxalq Mobil Proqram (International Mobility Program) çərçivəsində veriləcək. Bu proqram üzrə iş icazələri LMIA tələbindən azaddır.

2028 və 2029-cu illər üçün də müvəqqəti sakinlərin qəbulu üzrə eyni illik hədəflər müəyyən edilib.

Qeyd edək ki, 2027-ci il üçün açıqlanan müvəqqəti sakinlərin qəbulu ilə bağlı bu rəqəmlər hökumətin 2025-ci ilin noyabrında dərc etdiyi 2026–2028-ci illər üzrə İmmiqrasiya Planında müəyyən edilmiş hədəflərlə eynidir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar