[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada sərhədində qaçqınlığa müraciət edənlərin sayı artıb

Əksəriyyəti ABŞ-dakı qeyri-müəyyən hüquqi statusdan qaçan şəxslərdir

Bu ayın ilk iki həftəsində Kvebekdəki sərhəd-keçid məntəqəsinə ABŞ-dan 1,500-dən çox sığınacaq axtaran şəxs gəlib. Bu, Kanadada ümumi sığınacaq müraciətlərinin 50 faiz azalması fonunda qeyri-adi bir artımdır.

“National Post”un yazdığına görə, Montrealın cənubunda – Kvebekin 15 nömrəli avtomobil yolunda yerləşən St-Bernard-de-Lacolle sərhəd məntəqəsində 1 iyuldan 13 iyula qədər 1,505 nəfər sığınacaq üçün müraciət edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə yalnız 322 nəfər belə müraciət etmişdi. Əksəriyyəti Haitidəki qeyri-sabitlikdən və ABŞ-dakı qeyri-müəyyən hüquqi statusdan qaçan şəxslərdir.

Qeyd edək ki, bu sərhəd məntəqəsində əvvəllər də sığınacaq axtaranların sayında ciddi artım olub. Məsələn, bu ilin aprel ayında həmin məntəqədə 2,733 nəfər sığınacaq üçün müraciət edib. Bu, Kanadaya qeyri-rəsmi giriş nöqtəsi kimi tanınan Roxham Road sərhəd-keçid məntəqəsinə yaxın rəsmi sərhəd keçididir.

 Sığınacaq üçün ümumilikdə neçə nəfər müraciət edib?

2025-ci ilin yanvar ayından iyuluna qədər Kanadaya daxil olan müxtəlif giriş məntəqələrində ümumilikdə 19,730 sığınacaq müraciəti qəbul edilib. Bu rəqəm 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Ötən ilin eyni dövründə Kanada Sərhəd Xidməti 39,085 müraciət qəbul etmişdi. Bu müraciətlərin 2,169-u ABŞ-a geri qaytarılıb – çünki bu şəxslər Kanadaya daxil olmaq üçün uyğun hesab edilməyib. Onlardan 1,531 nəfər rəsmi sərhəd məntəqələrində müraciət edib, qalan 638 nəfər isə qeyri-rəsmi keçidlərdən keçib.

Kanada və ABŞ arasında “Sığınacaqla bağlı Razılaşma” nə deməkdir?

Hər iki ölkə “Təhlükəsiz Üçüncü Ölkə Razılaşması”nın iştirakçısıdır. Bu razılaşmaya əsasən, bir şəxs sığınacaq üçün ilk daxil olduğu ölkədə müraciət etməlidir. Əgər ABŞ-a daxil olduqdan sonra Kanada sərhədinə gəlirsə və istisna hallardan birinə daxil deyilsə, həmin şəxs ABŞ-a geri göndərilə bilər.

Hansı istisnalar mövcuddur?

Kanada İmmiqrasiya Vəkilləri Assosiasiyasının sığınacaq üzrə komitə sədri Pia Zambelli bildirir ki, dörd əsas istisna var:

  • Kanadada ailə üzvünün olması — əsas istisna hesab olunur.
  • Müstəqil (yəni müşayiət olunmayan) azyaşlılar.
  • Müəyyən sənədlərə malik şəxslər – məsələn, Kanadada etibarlı təhsil icazəsi olanlar.
  • İctimai maraq istisnası – məsələn, ABŞ-a geri göndərildikdə ölüm cəzası ilə üzləşə biləcək şəxslər.

Ən çox hansı millətlər sığınacaq axtarır?

Zambelli bildirir ki, Haitidən olan şəxslər Kanadaya quru sərhədləri vasitəsilə ən çox sığınacaq müraciəti edən qrupdur. Onların bir çoxu St-Bernard-de-Lacolle keçidindən istifadə edir, çünki bu məntəqə fransızdilli Montreala şəhərinə yaxındır: “Monrealda böyük Haiti icması var. İkinci yerdə Venesueladan gələnlər, üçüncü yerdə isə amerikalılar dayanır”.

Niyə Haitidən gəlirlər?

Haitidə hökumət demək olar ki, fəaliyyət göstərmir və ölkədə bandit qruplarının hökm sürdüyü ciddi zorakılıq mövcuddur. Minlərlə insan ölkədən qaçmağa çalışır. Bir çoxu ABŞ-a sığınsa da, Donald Trampın administrasiyası dövründə təqiblərlə üzləşiblər.

“Montreal” qəzeti yazır ki, sabiq prezident Co Bayden dövründə ABŞ hökuməti 500,000 haitiliyə müvəqqəti hüquqi status vermişdi. Onların əksəriyyəti 2010-cu ildəki zəlzələdən sonra ölkəyə gəlmişdi. Lakin 2025-ci ilin iyununda Tramp administrasiyası bu qorumanın ləğv ediləcəyini elan edib. Bu isə yüz minlərlə insanın təkrar Haiti kimi uğursuz bir dövlətə deportasiya riski ilə üzləşməsi deməkdir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bu qorumanın 2 sentyabrda bitəcəyini açıqlayıb. Lakin federal hakim bu qərarın qüvvəyə minməsini ləngidib və Trampın planının əleyhinə qərar çıxarıb. Qərara əsasən, haitililərə verilmiş müvəqqəti qoruma Co Bayden dövründə 3 fevral 2026-cı ilədək uzadılıb.

Foto: Prazis / Fotolia

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp