Oktyabrda da faiz endirimi gözlənilir
Kanada Mərkəzi Bankı bu gün əsas faiz dərəcəsini 2,5 faizə endirib. Bu, mart ayından bəri davam edən üç ardıcıl sabit saxlama qərarından sonra ilk azaldılmadır.
Mərkəzi Bankın direktoru Tiff Maklem bildirib ki, iyulda verilən son qərardan bəri risklər dəyişib: “Daha zəif iqtisadiyyat və inflyasiyanın yüksəlmə riskinin azalması ilə İdarə Heyəti risklərin balanslaşdırılması üçün faiz dərəcəsinin azaldılmasının uyğun olduğuna qərar verdi”.
Kanada Statistika Komitəsinin məlumatına görə, avqustda illik inflyasiya 1,9 faiz təşkil edib, əsas inflyasiya göstəriciləri isə illik inflyasiya ilə müqayisədə 3 faiz ətrafında qalıb.
Lakin Kanada Mərkəzi Bankı daha geniş göstəricilərə əsaslanaraq inflyasiyanın hələ də 2,5 faiz ətrafında olduğunu deyir.
T.Maklemin sözlərinə görə, federal hökumətin bu ayın əvvəlində ABŞ-a qarşı tətbiq edilən əks-tariflərin çoxunu ləğv etməsi inflyasiya təzyiqlərini bir qədər azaldacaq.
Ölkənin işsizlik səviyyəsi isə 7,1 faizə yüksəlib. İyul və avqust aylarında iqtisadiyyat 100 minə yaxın iş yeri itirib. Real ÜDM ikinci rübdə illik hesabla 1,6 faiz azalıb.
Oktyabrda əlavə faiz endirimi?
CIBC-nin baş iqtisadçısı Ketrin Kac müştərilərinə göndərdiyi qeyddə bildirib ki, iqtisadiyyat “dayanıqlığını itirir” və inflyasiya nəzarət altında qalmalıdır. O əlavə edib ki, bu vəziyyət oktyabrın 29-da növbəti faiz azaldılması üçün zəmin yaradır.
“Capital Ekonomiks” in Şimali Amerika iqtisadçısı Stiven Braun da bildirib ki, əgər gözlənildiyi kimi, iqtisadi artım zəifləsə və inflyasiya təzyiqləri nəzarət altında qalsa, bu ilin sonuna qədər əlavə faiz endirimi olacaq.
Foto: Azin Qaffari/Postmedia
















