“Heç bir prezident özbaşına istədiyi vaxt vergini artıra bilməz”
ABŞ Federal Məhkəməsi Prezident Donald Trampın qlobal ticarət tariflərini bloklayıb. Beynəlxalq Ticarət Məhkəməsi Ağ Evin istinad etdiyi “fövqəladə hal qanunu”nun prezidentə dünyanın demək olar ki, bütün ölkələrinə qarşı birtərəfli tariflər tətbiq etmək səlahiyyəti vermədiyini bildirib.
Nyu-Yorkda yerləşən məhkəmə bildirib ki, ABŞ Konstitusiyası digər ölkələrlə ticarət əlaqələrinin tənzimlənməsi hüququnu yalnız Konqresə verir və bu səlahiyyət prezidentin iqtisadiyyatı qoruma mandatı ilə ləğv oluna bilməz.
Ağ Ev isə məhkəmənin tariflərin dayandırılmasına dair qərarını apellyasiya şikayəti edərkən onun icrasını dayandırmağı xahiş edib.
Məhkəmə işini kim qaldırdı?
Qərar iki ayrı iş əsasında çıxarılıb. Bitərəf Liberty Justice Center təşkilatı, tariflərə məruz qalan ölkələrdən məhsul idxal edən bir neçə kiçik biznesin adından bir iş qaldırıb. Eyni zamanda, ABŞ-ın bir sıra ştat hökumətləri də bu idxal vergilərinə qarşı çıxıb.
Bu iki iş Trampın “Azadlıq Günü” adlandırdığı tariflərə qarşı ilk əsas hüquqi çağırışlar olub və ticarət üzrə ixtisaslaşmış federal məhkəmə orqanı olan Beynəlxalq Ticarət Məhkəməsinə yönəldilib.
Üç hakimdən ibarət heyət qərara gəlib ki, Trampın tarifləri əsaslandırmaq üçün istinad etdiyi 1977-ci il tarixli Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) ona bu qədər geniş idxal vergiləri tətbiq etmək səlahiyyəti vermir.
Məhkəmə həmçinin administrasiyanın Çin, Meksika və Kanadaya qarşı tətbiq etdiyi, narkotik və qeyri-qanuni miqrant axınını əsas gətirdiyi tarifləri də bloklayıb
Lakin məhkəmə avtomobil, polad və alüminium kimi konkret mallara tətbiq olunan tariflərə toxunmayıb, çünki onlar başqa qanun çərçivəsində tətbiq edilib.
“Heç bir prezident özbaşına istədiyi vaxt vergini artıra bilməz”
Ağ Ev qərarı tənqid etsə də, Tramp hələ ki, birbaşa şərh verməyib.
“Ağlına gələn hər bir fövqəladə vəziyyətin həlli yoluna seçilməmiş hakimlər qərar verməməlidir”, – deyə Ağ Evin mətbuat katibinin müavini Kuş Desai bildirib.
Lakin iddiada iştirak edən 12 ştatdan biri olan Nyu-Yorkun baş prokuroru Letitia James qərarı alqışlayıb: “Qanun aydındır: heç bir prezident özbaşına istədiyi vaxt vergini artıra bilməz”.
Məhkəmə qərarından sonra Asiya və ABŞ birjalarında səhmlər yüksəlib, Avropa bazarlarında isə sabit qalıb.
Ağ Evə tarifləri dayandırmaq üçün 20 gün vaxt verilib
Məhkəmə Ağ Evə tariflərin dayandırılması üçün lazımi bürokratik prosesi 10 gün ərzində başa çatdırmaq tapşırığı verib. Hazırda bəzi tariflər onsuz da müvəqqəti olaraq dayandırılıb.
Eyni zamanda, Ağ Ev bu qərara qarşı apellyasiya şikayəti verib və onun icrasının dayandırılmasını istəyib.
İş ABŞ-ın ən yüksək məhkəmə orqanı olan Ali Məhkəməyə qədər gedə bilər. Lakin Tramp orada da uduzsa, bu onun tarif planlarının sonu demək deyil.
Məhkəmə qeyd edib ki, prezident balanssız ticarət səbəbilə 150 günə qədər 15%-lik tarif tətbiq etmək səlahiyyətinə malikdir və Ağ Ev də bunu fövqəladə vəziyyət kimi təqdim etmişdi.
Əgər administrasiya bu yolla getsə, analitiklərə görə, yeni tariflər bir neçə gün ərzində qüvvəyə minə bilər.
Tramp həmçinin öz ilk prezidentliyi dövründə istifadə etdiyi daha köhnə və oturuşmuş qanunlara da istinad edə bilər. Bu qanunlar milli təhlükəsizlik və qeyri-bərabər ticarət siyasətləri kimi məsələlərə yönəlib və onların tətbiqi üçün istintaq və ictimai rəyin toplanması mərhələsi lazımdır.
Goldman Sachs bildirib ki, Tramp həmçinin 1930-cu il tarixli ticarət qanununda olan və indiyədək istifadə edilməmiş bir müddəaya da müraciət edə bilər. Həmin müddəa prezidentə ABŞ-a qarşı “ayrı-seçkilik edən” ölkələrdən idxala 50%-ə qədər tarif tətbiq etməyə icazə verir.
Bu vəziyyət necə yarandı?
2 aprel tarixində Tramp ABŞ-ın əsas ticarət tərəfdaşlarının əksəriyyətinə idxal vergiləri tətbiq etməklə misli görünməmiş bir qlobal tarif rejimi elan etdi.
Əksər ölkələrə 10%-lik baza tarifi tətbiq edildi, bəzi ölkələrə və birliklərə isə, o cümlədən Aİ, Birləşmiş Krallıq, Kanada, Meksika və Çinə daha yüksək tariflər tətbiq olundu.
Tramp iddia edib ki, bu genişmiqyaslı iqtisadi siyasət ABŞ-da istehsalı və iş yerlərini qoruyacaq, həmçinin ədalətsiz hesab edilən ticarət siyasətlərinə dair danışıqlara başlamaq üçün təzyiq vasitəsi olacaq.
Qərardan sonra qlobal bazarlarda ciddi qeyri-sabitlik yaranıb, lakin Tramp sonradan bəzi tariflərdən geri çəkilib və bəzilərini yumşaldıb və ya gecikdirib.
Bu tariflər bizneslər və hökumətlər üçün nə deməkdir?
Hazırda ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (CBP) keçmiş yüksək vəzifəli rəsmisi Con Leonard BBC-yə bildirib ki, sərhəddə hələlik heç bir dəyişiklik gözlənilmir və tariflərin ödənilməsi hələ də tələb olunacaq. Onun sözlərinə görə, Ağ Ev apellyasiya məhkəməsində uğur qazanmasa, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) əməkdaşlarına ödənişlərin geri qaytarılması ilə bağlı göstəriş verəcək.
Qərar ABŞ və digər ölkələr arasında davam edən ticarət danışıqları ilə bağlı da suallar doğurur. Ağ Ev məhkəmə dinləmələrində iddia edib ki, tariflər ləğv olunsa, onların danışıqlardakı mövqeyi zəifləyəcək.
“Capital Economics” şirkətindən Pol Eşvort bildirib ki, bu qərar “açıq şəkildə Tramp administrasiyasının tariflərə 90 günlük fasilə müddətində tez bir zamanda ticarət “razılaşmaları” bağlamaq cəhdlərini alt-üst edəcək”. O proqnozlaşdırır ki, digər ölkələr “növbəti addımları gözləyib izləyəcəklər”.
Bu qərar Birləşmiş Krallıqla ABŞ arasında olan tarif razılaşması üçün nə deməkdir?
Birləşmiş Krallıq və ABŞ hökumətləri bu ayın əvvəlində ölkələr arasında bəzi malların ticarətinə tətbiq olunan tariflərin azaldılması ilə bağlı razılaşmaya gəliblər. Razılaşma çərçivəsində Birləşmiş Krallığın ABŞ-a əsas ixrac məhsulları olan avtomobillər, polad və alüminium kimi mallara tətbiq olunan idxal vergilərinin azaldılması və ya ləğvini nəzərdə tuturdu.
Bu hissə məhkəmə qərarından təsirlənmir. Lakin Birləşmiş Krallıqdan ABŞ-a daxil olan digər əksər mallara tətbiq edilən 10%-lik vahid tarif artıq sual altına düşüb.
Bu hissədə nələrin dəyişəcəyi isə hələ ki, qeyri-müəyyəndir, çünki razılaşma hələlik tam tətbiq olunmayıb. Birləşmiş Krallıq hökuməti məhkəmə qərarına münasibət bildirməyib, lakin Britaniya şirkətlərinin bu razılaşmadan “mümkün qədər tez” faydalana bilməsi üçün çalışdıqlarını qeyd edib.
Yazı BBC-dən tərcümə edilib.
Foto: Saul Loeb/AFP