Rusiyada etnik azərbaycanlıların ölümü, Azərbaycan təyyarəsinin qəzası və Moskva-Bakı münasibətlərində gərginliyin artması…
Rusiyada on illər əvvəl baş vermiş qətllə əlaqədar polis tərəfindən saxlanılan etnik azərbaycanlıların ölümü, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və Bakı tərəfindən qəzada Moskvanın günahlandırılması, eləcə də Azərbaycanın Türkiyə ilə yaxınlaşan münasibətləri və Cənubi Qafqazda Rusiyanın təsirinin azalması – bütün bu faktorlar Rusiya ilə Azərbaycan arasında artan gərginliyə səbəb olub.
Bu barədə Kanadanın CTV News xəbər saytı The Associated Pressə istinadən məlumat verib. Yazını təqdim edirik.
Azərbaycan neftlə zəngin Xəzəryanı ölkədir və Prezident İlham Əliyev 2003-cü ildən bəri, demək olar ki, Vladimir Putinin Rusiyada 25 illik hakimiyyətinə paralel olaraq, ölkəyə rəhbərlik edir.
Aşağıda Rusiya ilə Azərbaycanın əvvəlki isti münasibətləri və bu münasibətlərin necə dəyişdiyinə dair ümumi baxış təqdim olunur:
Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələr
1993-cü ildən etibarən, yəni İlham Əliyevin atası Heydər Əliyev – Sovet dövrünün Azərbaycan Kommunist Partiyasının rəhbəri – prezident olduqdan sonra Rusiya və Azərbaycan güclü iqtisadi və mədəni əlaqələr qurdu. Vladimir Putin kimi, İlham Əliyev də müxalifəti sıxışdırıb və müstəqil mediaya məhdudiyyətlər qoydu.
Azərbaycan daxili tələbatını qarşılamaq üçün Rusiyadan neft və təbii qaz alır, eyni zamanda öz enerji resurslarını Qərbə ixrac edir. Rusiya, həmçinin, Azərbaycanın meyvə-tərəvəz ixracatı üçün əsas bazardır. Üstəlik, Azərbaycan, Rusiya üçün İran və digər Yaxın Şərq tərəfdaşları ilə ticarətdə əsas nəqliyyat dəhlizidir.
Azərbaycanlı iş adamları Rusiyanın tikinti, daşınmaz əmlak, ticarət və digər sektorlarında əhəmiyyətli aktivlərə nəzarət edirlər.
Rusiya ərazisində böyük Azərbaycan diasporu yaşayır. 2021-ci il siyahıyaalmasına əsasən, Rusiyada təxminən yarım milyon etnik azərbaycanlı yaşayırdı, lakin qeyri-rəsmi hesablamalara görə bu rəqəm 2 milyona çata bilər.
Bakı ilə münasibətlər Kreml üçün xüsusilə 2022-ci ildə Ukraynaya qoşun yeritdikdən sonra daha vacib olub. Bu zaman Türkiyə Rusiyanın əsas iqtisadi tərəfdaşına çevrilib və Qərbin sanksiyalarına qarşı alternativ rol oynayıb.
Qarabağ münaqişəsi
Sovet İttifaqının dağılmasından az əvvəl – 1991-ci ildə – Cənubi Qafqazın iki respublikası – Azərbaycan və Ermənistan arasında açıq qarşıdurma baş verdi. İllərlə davam edən döyüşlərdən sonra, Ermənistanın dəstəklədiyi separatçılar Azərbaycanın Qarabağ bölgəsini və ətraf əraziləri nəzarətə götürdü.
Rusiya bu münaqişədə neytral mövqe tutduğunu bildirsə də, Ermənistana iqtisadi yardım göstərdi və silah satdı, həmçinin Ermənistanda hərbi baza saxladı. Moskva ATƏT çərçivəsində sülh danışıqlarına sponsorluq etsə də, nəticə əldə olunmadı.
2020-ci ildə, Türkiyənin dəstəklədiyi Azərbaycan ordusu, Ermənistan qüvvələrinin təqribən 30 ildir nəzarətində saxladığı geniş əraziləri geri aldı. Rusiya atəşkəsə vasitəçilik etdi və bölgəyə 2,000 sülhməramlı əsgər yerləşdirdi.
2023-cü ilin sentyabrında Azərbaycan sürətli hərbi əməliyyatla Qarabağa tam nəzarəti bərpa etdi. Rusiya isə Ukrayna müharibəsi ilə məşğul olduğundan müdaxilə etmədi, bu isə Ermənistan rəhbərliyini qəzəbləndirdi və Moskva ilə münasibətləri zəiflədərək Qərblə əlaqələri gücləndirdi.
Qarabağdakı qələbə Azərbaycanın ambisiyalarını artırdı və Əliyevi qonşularla münasibətlərdə daha iddialı mövqe tutmağa sövq etdi.
Azərbaycan təyyarəsinin qəzası
2024-cü il dekabrın 25-də, Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğradı. Azərbaycan rəsmiləri bildirdilər ki, təyyarə təsadüfən Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, sonradan Qazaxıstanın qərbində eniş etməyə çalışarkən qəzaya düşüb. Hadisə nəticəsində 67 sərnişindən 38-i həlak olub.
Putin bunu “faciəvi hadisə” adlandıraraq Əliyevdən üzr istədi, lakin məsuliyyəti qəbul etmədi. Əliyev isə Moskvanı bu insidenti “ört-basdır etməyə çalışmaqda” ittiham etdi.
May ayında Əliyev Moskvada keçirilən Qələbə Günü paradında digər postsovet liderləri ilə yanaşı iştirakdan imtina etdi. Ayın sonunda isə Ukraynanın xarici işlər naziri Bakıya səfər etdi – bu, Kiyev-Bakı yaxınlaşmasının əlaməti kimi qəbul olundu.
Polis reydləri və artan gərginlik
İyun ayının 27-də Rusiyanın dördüncü ən böyük şəhəri olan Yekaterinburqda polis bir neçə etnik azərbaycanlının evində reyd keçirdi. Rəsmilər bunu onillər əvvəl baş vermiş qətllərlə bağlı aparılan istintaqla əlaqələndirdilər. Hüseyn və Ziyəddin Səfərov qardaşları həlak oldu, bir neçə azərbaycanlı isə ağır xəsarət aldı.
Meyitlər Azərbaycana göndərildi və oradakı rəsmilər ölümün “çoxsaylı xəsarətlərdən yaranan post-travmatik şok” nəticəsində baş verdiyini bildirdi. Baş Prokurorluq qardaşların Rusiya polisi tərəfindən döyülməyə və digər fiziki zorakılıqlara məruz qaldığını açıqladı.
Azərbaycan bu hadisəyə cavab olaraq Rusiya ilə əvvəlcədən planlaşdırılmış rəsmi səfərləri və mədəni tədbirləri ləğv etdi.
İyulun 1-də maskalı polis Kremlin maliyyələşdirdiyi media orqanı Sputnik Azərbaycanın Bakı ofisinə basqın etdi və yeddi əməkdaşını həbs etdi. Eyni zamanda, səkkiz rusiyalı İT mütəxəssisi və digər peşə sahibləri də narkotik alveri və kiber cinayətlərdə ittiham olunaraq saxlanıldı. Həbs olunanların əvvəllər heç bir cinayət keçmişi olmayıb, onların ciddi şəkildə döyüldüyünü göstərən fotolar Rusiyada geniş qəzəb doğurdu. Bir çox sərt mövqeli rusiyalı ekspertlər Azərbaycanı rusiyalıları girov kimi saxlamaqda ittiham etdi və Moskvanı sərt cavab verməyə çağırdı.
İyulun 2-də Rusiya Yekaterinburqdakı Azərbaycan icmasının liderini qısamüddətli dindirmə üçün saxladı. Sosial mediada yayılan videoda xüsusi təyinatlıların onun maşınının şüşələrini qıraraq, Azərbaycan icmasının liderini və oğlunu sürüyüb yerə uzatdığı görünür. Rusiyanın cənubundakı Voronej şəhərində də azərbaycanlı diasporun tanınmış üzvü həbs edildi.
Bakı və Moskvadan sərt açıqlama
Yekaterinburqda baş verən ölümlərdən sonra Azərbaycan Rusiya polisinin hərəkətlərini “qəsdən həyata keçirilmiş qanunsuz zorakılıq aktı” kimi sərt şəkildə qınadı.
Sputnik əməkdaşlarının və digər rusiyalıların Bakıda həbsindən sonra Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan səfirini çağıraraq, “Bakının son qeyri-dost hərəkətləri və ikitərəfli münasibətləri pozmağa yönəlmiş qəsdən atılan addımlar”la bağlı etirazını bildirdi.
Azərbaycan isə cavab olaraq Rusiyanın səfirini çağırdı və ölümlərlə bağlı araşdırma, günahkarların cəzalandırılması və zərərçəkənlərə kompensasiya verilməsi tələbini irəli sürdü. Bakı, Rusiyanın həbs olunanlarla bağlı narahatlığını əhəmiyyətli saymadı.
Prezident Əliyev Rusiya ilə gərginliyi Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında müzakirə etdi. Bu isə Kremli qəzəbləndirməyə yönəlmiş addım kimi qəbul olundu. Zelenski bildirdi ki, o, “Rusiya tərəfindən azərbaycanlı vətəndaşlara qarşı zorakılıq və Azərbaycan Respublikasına qarşı təhdidlər fonunda” Bakıya dəstəyini ifadə edib.
Bu barədə soruşulduqda, Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, “Ukrayna vəziyyəti alovlandırmaq və Azərbaycan tərəfini emosional addımlar atmağa təhrik etmək üçün əlindən gələni edəcək”.
Peskov həmçinin Rusiyanın istintaq komitəsinin rəhbərinin Azərbaycanın baş prokuroru ilə əlaqə saxladığını qeyd etdi. Lakin o, Putinin Əliyevlə gərginliyi azaltmaq üçün danışıb-danışmayacağını açıqlamadı.