Kanadada benzin qiymətləri üzrə ekspert Dan McTeague sürücülərə maraqlı bir tövsiyə verib. O bildirib ki, ölkənin bir çox yanacaqdoldurma məntəqələrində qiymətlər günün ikinci yarısında və axşam saatlarında hər litr üçün 3–8 sent ucuzlaşır. Benzin almaq üçün ən yaxşı vaxt axşam saat 18:00-dan sonradır. Bu hal bütün məntəqələrdə olmasa da, əksəriyyətində müşahidə edilir. İstisna isə qiymətlərin dövlət tərəfindən tənzimləndiyi Atlantik Kanada bölgəsidir.
“CTV News”a D.McTeague deyir ki, yanacaqdoldurma məntəqələri gün ərzində lazım olan qazancı əldə etdikdən sonra axşam saatlarında daha çox müştəri cəlb etmək üçün qiymətləri aşağı salırlar. Çünki əsas qazanc təkcə benzindən deyil, mağazada satılan qəhvə, donat və digər məhsullardan gəlir.
Ekspertin sözlərinə görə, xüsusilə bazar günü axşam saat 18:00-dan sonra benzin almaq daha sərfəlidir və bu üsulla ailələr ildə yüzlərlə dollar qənaət edə bilər.
Onun sözlərinə görə, özü və həyat yoldaşı bu qaydaya əməl edərək iki maşın üçün ildə təxminən 500$ qənaət ediblər.