Könül Rəşidova: “İnsanların ailə birləşməsi üçün 90 ay, humanitar proqramdan cavab üçün 10 il gözləməsi real görünmür”
Mark Karninin hakimiyyətə gəlməsindən sonra Kanada immiqrasiya sistemində baş verən dəyişikliklər həm müvəqqəti statusda olanları, həm də daimi yaşayış statusu (PR) əldə etmiş şəxsləri narahat edib. Miqrasiya siyasətində müşahidə edilən qeyri-müəyyənlik və yeni qərarların anonsu cəmiyyətdə müxtəlif suallar doğurur. Hər kəs noyabrın 4-də açıqlanacaq yeni immiqrasiya planını səbirsizliklə gözləyir: görəsən, Kanada hökuməti hansı dəyişiklikləri həyata keçirəcək və bu dəyişikliklər kimlərə necə təsir edəcək?
Bu mövzu ətrafında daha ətraflı məlumat almaq üçün Toronto şəhərində fəaliyyət göstərən Konan Law immiqrasiya hüquq şirkətinin rəhbəri Könül Rəşidova ilə həmsöhbət olduq.
– Son aylarda Kanada immiqrasiya sistemində müşahidə olunan dəyişikliklər bir çox müvəqqəti statusda yaşayan insanlarda təşviş yaradıb. Xüsusilə gözləmə müddətlərində dəyişikliklər var…
– Son bir-iki il ərzində Kanada hökuməti müvəqqəti status daşıyıcılarının statusunu və onların daimi yaşayış (PR) statusuna keçid imkanlarını xeyli məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirib. Express Entry sistemi daha selektiv xarakter alıb, keçid balları artıb və səhiyyə, təhsil kimi prioritet sahələrdə çalışan namizədlərə üstünlük verilməyə başlanıb. Xaricdən işçi gətirən işəgötürənlər üçün LMIA (Labour Market Impact Assessment) tələbləri sərtləşdirilib, həmçinin Express Entry-də iş təklifinə görə verilən əlavə ballar ləğv edilib. Bu dəyişikliklər nəticəsində müvəqqəti statuslu şəxslərin PR üçün müraciət imkanları xeyli məhdudlaşıb.
Biznes yönümlü proqramlarda da tələblər sərtləşdirilib ki, bu da sahibkarlara həm müvəqqəti, həm də daimi yaşayış icazəsi almaq baxımından əlavə maneələr yaradır. Təhsil vizası qaydaları, tələbələrin və müvəqqəti işçilərin həyat yoldaşları üçün açıq iş icazəsinin verilməsi, eləcə də təhsildən sonra verilən iş icazələri üçün yeni şərtlər tətbiq olunub. Ölkə üzrə əyalət proqramları isə artıq daha çox prioritet sektorlarda çalışan namizədlərə yönəlib.
Qısaca, son islahatlarla Kanada immiqrasiya sistemi xeyli sərtləşib və ölkəyə gəlmək, statusu uzatmaq və daimi yaşayış əldə etmək əvvəlki illərlə müqayisədə daha çətin olub. Nisbətən üstün mövqedə olan yeganə qrup fransızdilli namizədlərdir, çünki hökumət fransızdilli əhalinin sayını artırmaq siyasətini aktiv şəkildə davam etdirir.
– Buna səbəb nədir? Niyə birdən-birə müvəqqəti statusda yaşayanlar üçün qaydaları sərtləşdirdilər? Bu, Trudo hökumətinin zamanında immiqrantlar üçün qapıları normadan artıq açmasının nəticəsidirmi?
– Əvvəlki hökumətin “açıq qapı” siyasəti immiqrasiya prosesini nəzarətsiz vəziyyətə gətirib. Qısa müddətdə ölkəyə çoxsaylı müvəqqəti sakin, tələbə və işçi daxil olub ki, bu da ev böhranı, səhiyyə və sosial xidmətlərdə ciddi yüklənməyə səbəb olub. Artan müraciətlər fonunda IRCC-nin resursları çatmayıb və bu da gözləmə müddətinin uzanmasına gətirib çıxarıb.
Normal hallarda, müraciətlərə nəzərdə tutulan vaxtdan gec baxıldığı təqdirdə ərizəçilər Federal Məhkəməyə mandamus müraciəti təqdim edə bilərlər. Mandamus IRCC-ni əsassız gecikmiş müraciət üzrə qərar verməyə məcbur edən hüquqi vasitədir. Lakin mandamus müraciətlərin rekord səviyyədə artması səbəbindən Federal Məhkəmə də bütün işlərə vaxtında baxa bilmir.
Sərtləşdirilmiş immiqrasiya siyasəti fonunda humanitar və qaçqınlıq proqramlarına müraciət edənlərin sayı da xeyli artıb. Eyni zamanda, viza saxtakarlığı və ölkədə qeyri-qanuni yaşayanların sayı kəskin artıb. Hökumətin məlumatına görə, oktyabr ayı üçün təxminən 47,000 tələbənin qanunsuz statusda olduğu müəyyən edilib. LMIA proqramında saxtakarlıq halları geniş yayılıb, bir çox işəgötürən saxta iş təklifləri vasitəsilə əcnəbiləri ölkəyə gətirib və hazırda yüksək cərimələrlə üzləşirlər. Hətta LMIA proqramının tam bağlanması və ya ciddi məhdudlaşdırılması barədə müzakirələr aparılır.
– Baxılma müddətləri əvvəllər 1-2 il çəkən proseslərin indi 10 ildən çox uzadılması həqiqətən yalnız resurs məsələsindən qaynaqlanır? Bu, sadəcə texniki yeniləmədir, yoxsa real dəyişiklikdir?
– Resurs çatışmazlığı səbəbindən gözləyən müraciətlərin sayı çoxdur, lakin bu, müraciətlərin faktiki olaraq 10 il davam edəcəyi anlamına gəlmir. 10 il rəqəmi praktik deyil və daha çox taktiki xarakter daşıyır; hökumət bu yolla humanitar, qaçqınlıq və digər proqramlara kütləvi müraciətlərin qarşısını almağa çalışır. İnsanların ailə birləşməsi üçün 90 ay, yaxud humanitar proqramdan cavab üçün 10 il gözləməsi real görünmür. Məsələn, 2018-ci ildə Humanitar Proqrama müraciət edənlərin sayı təxminən 9 min idi və gözləmə müddəti 1 il təşkil edirdi. 2024-cü ildə müraciətlərin sayı 5 dəfə artaraq 47 minə çatıb; məntiqli yanaşma ilə gözləmə müddəti də təxminən 5 il olmalıdır, 10 il deyil.
Görünən odur ki, hökumət nəzarətdən çıxmış immiqrasiya sistemini yenidən sabitləşdirmək üçün müxtəlif strategiyalar tətbiq edir. Bu çərçivədə müraciətlərin sayını tənzimləmək və mövcud resurslardan daha səmərəli istifadə etmək əsas məqsədlərdəndir. Belə ki, baxılma müddətlərinin kəskin artırılması ərizəçilərin gözləntilərini nizamlamağa, yeni müraciətlərin sayını azaltmağa və beləliklə, dövlət resurslarının illərlə növbədə olan ərizələrə yönləndirilməsinə şərait yaratmağa xidmət edə bilər.
– Necə düşünürsünüz, bəlkə Kanada hökuməti də qaçqınlığa müraciətlə bağlı siyasətini dəyişib Amerikadakı kimi bu müddəti 10 ildən çox uzatmaq istəyir?
– Elə düşünmürəm. Amerikadan fərqli olaraq, Kanada immiqrasiya və qaçqın siyasətində humanist prinsipləri ön planda saxlayır və ailə birləşməsi immiqrasiya prioritetlərindən biri kimi qəbul edilir. Dövlət siyasətinə görə, valideynlər, həyat yoldaşları və uşaqlar mümkün qədər tez birləşməli, onların sosial və emosional rifahı təmin olunmalıdır. Qeyd etdiyim kimi, baxılma müddətinin uzadılması əsasən yeni müraciətlərin sayını tənzimləmək və mövcud resursları daha effektiv idarə etmək məqsədini daşıyır və real vəziyyəti tam olaraq əks etdirmir.
– Söhbətimizin əvvəlində bir çox proqramların şərtlərinin dəyişildiyini, hətta bağlanacağının gözlənildiyini dediniz. Sizcə, proqramların bağlanması immiqrasiyanın idarə olunması üçün çıxış yoludurmu?
– Fikrimcə, proqramları tamamilə bağlamaq uzunmüddətli və davamlı həll yolu deyil. Daha məqsədəuyğun yanaşma ölkənin immiqrasiya ehtiyaclarını düzgün qiymətləndirərək müəyyən etmək, mövcud proqramları optimallaşdırmaq və saxtakarlığın qarşısını almaq üçün işlək, funksional sistem yaratmaqdır. Bu yanaşma dövlət resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək, müraciətlərin baxılma müddətini azaldacaq, həmçinin hökumətin ehtiyac və prioritetlərinə cavab verəcək dayanıqlı və effektiv immiqrasiya sisteminin formalaşmasına şərait yaradacaq.
– Bəs, müraciətlərə baxılma prosesi hazırda necə gedir? Namizədlər daha çox pozitiv, ya neqativ cavab alırlar?
– Hazırda Kanada immiqrasiya sistemi xeyli sərtləşib və müraciətlər ciddi şəkildə yoxlanılır; hər hansı uyğunsuzluq aşkar edilərsə, rədd cavabı və hətta 5 illik ölkəyə giriş qadağası tətbiq oluna bilər. Müraciətlərin yoxlanması və yalan məlumatların aşkarlanması üçün süni intellektdən istifadə olunur. Buna görə müraciətlərin hazırlanmasına daha çox vaxt və dəqiqlik tələb olunur. Hər müraciət paketi, hətta sadə görünənlər belə, peşəkar və düzgün şəkildə hazırlanmalıdır. Keyfiyyətli şəkildə hazırlanmış, lakin imtina edilmiş müraciətlər Federal Məhkəməyə təqdim olunaraq sonradan müsbət qərar alma şansı qazana bilər.
Hökumətin məlumatına görə, hazırda 2 milyondan çox müraciət növbədədir; bunların 56%-i xidmət standartlarına uyğun işlənir, 42%-i gözləmədədir. Müraciətlərin 42%-i müvəqqəti sakinlərlə, 52%-i daimi vətəndaşlarla bağlıdır, qalan 6%-nin baxılma vaxtı hələ məlum deyil. Vəziyyət kifayət qədər gərgindir və Kanadaya köçmək istəyən şəxslər immiqrasiya proseslərinin əvvəlki kimi sadə olmadığını nəzərə almalıdırlar.
– Kanadada 1 il qaldıqdan sonra qaçqınlığa müraciət edən və hələ də müraciətinə baxılmayanların ölkədən çıxarılacağı ilə bağlı qanunun qəbul edilməsi gözlənilir. Bu nə dərəcədə realdır?
– Əgər qanun qəbul olunarsa, belə şəxslərin dərhal deportasiya edilməsi gözlənilmir. Onlara “pre-removal risk assessment” (çıxarılmadan əvvəl riskin qiymətləndirməsi) prosedurundan keçmək imkanı veriləcək, yəni qərarın verilməsindən əvvəl vəziyyətlərini izah etmək və özlərini müdafiə etmək şansı olacaq. Statistik olaraq, “pre-removal risk assessment”dən müsbət cavab alma ehtimalı 5%-dən aşağıdır, lakin düzgün, əsaslandırılmış və sübutlarla dəstəklənmiş müraciət hazırlanarsa, bu şansı xeyli artırmaq mümkündür.
– Noyabrda Karni hökumətinin immiqrasiya ilə bağlı yeni sərtləşdirilmiş qaydalar tətbiq edəcəyi gözlənilir. Sizcə, bu qaydalar əsasən hansı kateqoriyanı əhatə edəcək?
– Noyabr ayında Kanada hökuməti 2026–2028-ci illər ərzində ölkəyə qəbul ediləcək daimi və müvəqqəti sakinlərin sayını açıqlamağa hazırlaşır. Bu qərar ölkənin iqtisadi ehtiyaclarını, eyni zamanda mövcud sosial və infrastruktur problemlərini nəzərə alaraq qəbul ediləcək. Hazırda Kanadada 3 milyondan çox müvəqqəti sakin var və bu rəqəm ölkə əhalisinin təxminən 7,3%-ni təşkil edir. Artıq məlumdur ki, hökumət artan əhalinin mənzil, infrastruktur və sosial xidmətlər üzərində yaratdığı təzyiqi nəzərə alaraq, 2026-cı ilin sonuna qədər müvəqqəti sakinlərin ölkə əhalisindəki payını 5%-ə endirməyi planlaşdırır.
Eyni zamanda, təhsil, səhiyyə və informasiya texnologiyaları kimi prioritet sahələrdə çalışan şəxslər üçün xüsusi proqramlar açıla bilər. Frankofon immiqrasiyası da əsas sahələrdən biri olaraq qalacaq, çünki hökumət fransızdilli əhalinin sayının artırılmasını ölkə üçün önəmli məsələlərdən biri hesab edir və bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Onu da qeyd etmək lazımdır ki, ABŞ H-1B vizasına 100 000 ABŞ dolları məbləğində yüksək tarif tətbiq edib, bu isə əsasən informasiya texnologiyaları sektoruna təsir göstərir. Kanada isə bu vəziyyətdən faydalanaraq həmin sahədə çalışan yüksək ixtisaslı mütəxəssisləri ölkəyə cəlb etmək üçün xüsusi proqramlar tətbiq etməyi planlaşdırır.
















